Əlaqə Arxiv
news Image
2013.06.28
08:23
| A A A
Vaşinqtonda Obama administrasiyasına sərt Qarabağ etirazı
ABŞ-ın indiki Azərbaycan siyasəti “Washington Times” qəzetində kəskin tənqid olundu

ABŞ administrasiyasının Dağlıq Qarabağ münaqişəsinin həllində hələ də passiv rol oynaması, Azərbaycanla münasibətlərin inkişafını daha dinamik hala gətirməməsi vaxtaşırı bu ölkənin özündə də kəskin tənqid hədəfinə çevrilməkdədir.

ABŞ-da çıxan nüfuzlu "Washington Times" qəzetində yazdığı məqalədə yenidən bu mövzuya toxunan sabiq konqressmen Den Berton ilk öncə diqqəti ona çəkir ki, Azərbaycan dünyada yeganə ölkədir ki, həm Rusiya, həm də İranla sərhədlərə malikdir. Ancaq indiyə qədər regionda özünü göstərən neoimperialist ideyalar və tekokratik cəhdlər özünə əmin Azərbaycanı Qərbə inteqrasiyadan yayındıra bilməyib. Müəllif qeyd edir ki, Azərbaycan Birləşmiş Ştatların dəyərli və etibarlı müttəfiqidir: "Terrorizmlə mübarizədən, kütləvi qırğın silahlarının yayılmasına yol verməməmək üçün birgə əməkdaşlıqdan tutmuş Əfqanıstanda vəziyyətin sabitləşməsinə qədər olan geniş bir sahədə Azərbaycan sübut edib ki, ABŞ-ın etibarlı dostudur". Daha sonra müəllif bildirir ki, əhalisinin böyük əksəriyyəti müsəlman olan Azərbaycan İsraillə də sıx əməkdaşlıq edir və ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 4 milyard dollara çatıb. Xarici işlər naziri Elmar Məmmədyarovun Təl-Əvivə səfərini isə İsrail tərəfi tarixi hadisə kimi qiymətləndirib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında roluna da diqqət çəkən Den Berton bildirir ki, ABŞ-ın indiki dövlət katibi Con Kerri də onun kimi Azərbaycanın Birləşmiş Ştatların strateji partnyoru kimi önəmini, beynəlxalq arenada oynaya biləcəyi unikal rolu yaxşı başa düşür. Bu səbəbdən o, ABŞ-ın Azərbaycanla daha sıx əməkdaşlıq etməsini vacib sayır. Den Berton vurğulayır ki, ABŞ-ın dövlət katibi Con Kerri Ağ Ev administarsiyasını Azərbaycanla daha fəal əməkdaşlıq edilməsinin vacibliyinə inandırmalıdır. Bunun üçün ilkin başlanğıc olaraq Dağılq Qarabağ münaqişəsinin həlli üçün ABŞ tərəfindən yüksəkçinli vasitəçinin təyini mümkün variantlardan sayılır.

Xatırladaq ki, bir müddət əvvəl də "Washington Times" qəzeti tanınmış politoloq, "Dünya okeanı: Avrasiya geosiyasəti və Qərbin taleyi" kitabının müəllifi Aleksandros Pitersonun "Kerri Qarabağ münaqişəsinin həllinin açarı necə ola bilərdi" sərlövhəli məqaləsini dərc etmişdi. Məqalədə Dağlıq Qarabağ münaqişəsinin həllinin ABŞ üçün əhəmiyyətindən danışılırdı. Müəllif yazırdı ki, ABŞ-da Dağlıq Qarabağ münaqişəsi Birləşmiş Ştatların müdaxiləsinin məqsədəuyğun sayılmadığı "anlaşılmaz və son dərəcə dolaşıq etnik münaqişə" kimi qəbul edilir, lakin ABŞ artıq çoxdan bu münaqişəyə dərindən qarışdığı üçün vəziyyətdən yeganə çıxış yolu onun həlli üzrə səyləri artırmaqdır. Piterson yazırdı ki, ABŞ-ın dövlət katibi Con Kerri Dağlıq Qarabağ münaqişəsinin təfərrüatı ilə yaxşı tanışdır: "O, dövlət katibi olduqdan və seçicilərinin çevrəsini tərk etdikdən sonra diqqətini ABŞ-ın milli mənafeləri üzərində cəmləyə bilər.

Dağlıq Qarabağ münaqişəsinin həlli çox vacibdir, çünki münaqişə zonası İrandan şimalda və NATO-nun Türkiyədəki bazasının yaxınlığında yerləşir. Özü də Xəzərdən Avropayadək mühüm enerji arteriyaları Azərbaycandan keçir. Üstəlik, növbəti ilyarım ərzində hərbi əməliyyatların yenidən başlanması ABŞ qoşunlarının Azərbaycan dəhlizi vasitəsilə Əfqanıstandan çıxarılmasını zərbə altında qoya bilər".

Məqalə müəllifi yazırdı ki, münaqişədə tarazsızlıq mövcuddur, çünki ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiyanın Ermənistanla sıx müttəfiqlik əlaqələri vardır. Ermənistanda Rusiya ordusunun 3000 əsgər, yüzlərlə tank və zirehli texnika, MİQ təyyarələri, raket əleyhinə sistem və s-dən ibarət 102-ci hərbi bazası yerləşir. Rusiya Ermənistanın sərhədlərini qoruyur, iqtisadiyyatına, o cümlədən onun enerji sektoruna büsbütün nəzarət edir. Piterson hesab edir ki, Amerika tarazsızlıq vəziyyətini, xüsusən, dövlət katibi Con Kerrinin Dağlıq Qarabağ münaqişəsinin incəliklərinə bələd olmasını nəzərə alaraq, həmin məsələdə üstünlüyə nail olmalıdır. Bütün bunlar fonunda ABŞ-ın Qarabağ münaqişəsinin həllində fəal rol oynamasını əslində, Azərbaycan tərəfi özü də istəyir. Bu, iki ölkə arasında münasibətləri daha da möhkəmləndirərdi. İndilikdə isə hər şey məhz ABŞ administrasiyasından asılıdır.

Sizin Reklam Yeriniz