Məlumdur ki, yaşadığımız informasiya dövründə artıq sosial şəbəkələr insan həyatının ayrılmaz bir hissəsinə çevrilib. Ancaq əsasən xəbər, təbliğat, münasibət, debat təyinatı daşıyan bu günün sosial şəbəkələrinin zərərli tərəfi də var. Belə ki, kibercinaytkarlıqla yanaşı, həmçinin ölkə iqtisadiyyatına bəlli miqdarda ziyan da vura bilər.
Belə ki, hesablama görə, ötən il ərzində Rusiya iqtisadiyyatı sosial şəbəkələrə görə 281,7 milyard rubldan 311,5 milyard rubladək (10 milyard ABŞ dolları) itirib. Səbəb Rusiya vətəndaşları əksəriyyəti iş vaxtının çoxunu məhz "Facebook", "VKontakte" və bu kimi sosial şəbəkələrə sərf etməsi göstərilir. Nəticədə iş vaxtı əsas işi ilə məşğul olmadıqlarına görə, ölkə iqtisadiyyatı zərər çəkir. Eyni zamanda bu, əmək məhsuldarlığının azalmasına da təsir göstərir. Hesablamalar göstərir ki, sosial şəbəkələrdə istifadə edənlərdən ölkə iqtisadiyyatına ən çox zərər vuran maliyyə, daşınmaz əmlak, kirayə və xidmətlərin təqdim edilməsi, təhsil, sığorta sahələrində çalışan işçilər, həmçinin məmurlar olub. Müqayisə üçün bildirək ki, analoji səbəbdən ABŞ iqtisadiyyatı ildə 650 milyard dollar itirir. Bundan başqa, 2010-cu ildə Britaniyada aparılmış tədqiqat göstərdi ki, sosial şəbəkələrdən sui-istifadə İngiltərə iqtisadiyyatına il ərzində "itirilmiş vaxt" səbəbindən 14 milyard funt sterlinqə başa gəlir.
Ancaq belə itkilərin qarşısını almaq üçün təşkilat və idarələr müxtəlif inzibati metodlarından istifadə edirlər. Belə ki, ya müəssisələrində texniki baxımdan qadağalar tətbiq edilir, ya da internetdən istifadə və sosial şəbəkələrə giriş ilə bağlı xüsusi siyasət tətbiq edilir və bununla bağlı təlimatlar hazırlanır. Ancaq işçi arasında aparılmış digər bir sorğunun nəticələri göstərdi ki, sosial şəbəkənin qəti qadağan edilməsi və ya kəskin məhdudlaşdırılması nəzərə çarpacaq mənfi nəticələrə gətirib çıxarır. Belə ki, işçilərin 26%-nin motivasiyası aşağı düşür, yalnız 14% işçi qoyulmuş məhdudiyyətə tam əməl edir, əməkdaşların 3%-i isə işdən getməyi düşünür. Oxşar problem ölkəmiz üçün də xarakterikdir. Belə ki, hazırda Azərbaycanda sosial şəbəkələrdən tək "Facebook" səhifəsindən istifadə edənlərin sayı təqribən 1 milyon göstərilir. Digər adda sosial şəbəkələrin də olduğunu qeyd etsək, məhsuldarlıqda itkimizin olduğu qaçılmazdır.
İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin eksperti Murad Nuriyevin sözlərinə görə, bu gün "Facebook" istifadəçilərini yaş həddinə görə ayırsaq, fəallar 18-45 yaş arasında olanlardır: "Həmin toplum da "Facebook" istifadəçilərinin 72% ni təşkil edir. Bu da təqribən 720 min şəxs deməkdir. Onlar gün ərzində 8 saatlıq işin təxminən 1 saatını sosial şəbəkədə olur. 22 gün işlədiyini nəzərə alsaq, ayda bu, 22 saat deməkdir. Orta əmək haqqının 250 manatdan qəbul etdikdə bir işçinin 1 saat ərzində 1.4 manat itirməsi deməkdir. Əslində, işçi 1.4 manatı qazanır. Yalnız, təşkilatın məhsuldarlığı azalır. Bu da 22 iş günü ərzində 30.8, il ərzində isə 369.6 manat edir. Ümumilikdə il ərzində 720 min şəxsin sosial şəbəkədən istifadəsini nəzərə alsaq, bu, 258 milyon 720 manat deməkdir".
Ekspertin sözlərinə görə, iş yerlərində bunun qarşısını almaq üçün müxtəlif metodlardan istifadə edilir: "Məsələn, işlə əlaqədar konkret işlə bağlı olan saytlara icazə verilir. Yaxud da kompüterdə proqram təminatı elə qurulur ki, yalnız həmin saytlardan istifadə oluna bilsin".
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev belə itkilər işin xüsusiyyətindən asıldır: "Sosial şəbəkələr bir sıra şirkətlər üçün çox əhəmiyyətlidir. Marketinq, mətbuat, vətəndaş cəmiyyəti, yəni işini daha çox təbliğat üzərində qurmuş insanlar üçün sosial şəbəkələr ictimaiyyətə çıxış vasitəsidir. Ancaq bir sıra işlər var ki, onlara sosial şəbəkələr müəyyən problem yarada bilər. Sosial şəbəkələr daha çox istehsal sahəsində müəyyən problemlər yaradır".
Samir Əliyev bildirdi ki, bundan çıxış yolları Azərbaycanın özündə də tətbiq edilir: "Müvafiq qurumda sosial şəbəkələrə daxil olmaq imkanları məhdudlaşdırılır. Elə şirkət və nazirliklər var ki, ancaq təbliğat işi ilə məşğul olan şöbə bu imkandan istifadə edə bilir. Elə nəzarət mexanizmi tətbiq edirlər ki, digər insanlar iş vaxtı sosial şəbəkələrdən istifadə etməsinlər. Bunu hərbiyə də tətbiq etmək olar. Hazırda Azərbaycanda bu problem var. Amma sosial şəbəkə istifadəçilərinin də sayı getdikcə artır. Bu da onunla bağlıdır ki, bu gün sosial şəbəkə internetə cəlbetmə vasitəsi kimi iştirak edir. Amma sosial şəbəkələrin ziyanından çox xeyri var. Məlumatların bölüşdürülməsi və operativlik baxımdan çox xeyirlidir".