Əlaqə Arxiv
news Image
2013.07.05
08:21
| A A A
Kənd təsərrüfatında zərərvericilərlə bağlı böyük problem
Vahid Məhərrəmov: “Dərman vasitələrinin hansı zamanda, necə istifadə etmə qaydaları var” Nizami Qarayev: “Vurulma vaxtına düzgün əməl etmədikdə, pestisid lazımi səmərəni verməyə bilər”

Məlumdur ki, kənd təsərrüfatı məhsullarında məhsuldarlığın bol olması həm ona qulluqdan asılıdır. Belə ki, məhsullara qulluğun daxilində onlara vurulan dərman vasitələri, pestisidlər xüsusi önəm daşıyır. Burada vacib məsələlərdən biri pestisidlərin vaxtında vurulmasıdırsa, digər əsas amil də onun keyfiyyəti məsələsidir.

Çünki, həm fermerlərin dərmanlama prosesinə tam bələd olmaması, həm də preparatların təsirsiz tərkibdə olması sonda məhsuldarlığa birbaşa təsir edir. Düzdür, regionlarda fermerlər üçün bəzən kurslar təşkil olunsa da, bu gün ölkədə istifadə edilən dərmanların keyfiyyətinə şübhə var. Demək olar ki, onların bir çoxunun təsir imkanları aşağı səviyyədədir. Aqrar sahə üzrə mütəxəssis Vahid Məhərrəmov bildirir ki, bitkilərin mühafizəsi bir neçə qaydada aparılır: "Bunladan birincisi təbii üsuldur. Bitkinin immun sisteminin möhkəm olması üçün bitkiyə yaxşı qulluq etmək lazımdır. Bütün aqrotexniki qaydalara əməl etmək lazımdır ki, bitki normal qida ala bilsin. Suvarmanı vaxtında və keyfiyyətli aparmaq lazımdır. Qida ilə təmin olunmasını da üzvü maddələrin hesabına həyata keçirmək lazımdır ki, bitkinin immun sistemi möhkəm olsun. Belə halda o, zərərvericilərə, xəstəliklərə dözümlü ola bilər. Bitki vegetasiya müddəti ərzində özünün çəkisi qədər maddə ifraz edir. Bunlar zəhərli maddələrdir ki, onlar məhz xəstəlikdən, zərərvericidən qorunmaq üçün ifraz olunur. Həmçinin indi fermerlər qulluq qaydalarını vaxtı - vaxtında apara bilmirlər. Bitkilərə vaxtında aqrotexniki qaydalara uyğun qulluq olunmur. Beləliklə də bitki zəifləyir və zərərvericilərin təsirinə, xəstəliklərə məruz qalır. Belə halda, cürbəcür metodlar vardır ki, onlardan istifadə etmək olar. Kimyəvi maddələr vasitəsi ilə və yaxud da mexaniki qaydada bioloji vasitələrlə zərərvericilərə, xəstəliklərə qarşı mübarizə aparmaq mümkündür".

Ekspert onu da əlavə etdi ki, bəzən insanlar daha çox maliyyə qazanmaq məqsədi ilə ölkəyə vaxtı keçmiş və yaxud da təsiredici qüvvəsi zəif olan dərman vasitəsi gətirməyə çalışırlar: "Fermerlər də həmin dərman vasitəsindən istifadəsi zamanı yaxşı nəticə əldə edə bilmirlər. Belə bir hallar da vadır ki, fermerlər dərmanlardan düzgün istifadə edə bilmirlər. Ancaq dərman vasitələrinin hansı zamanda, necə istifadə etmə qaydaları var. Onlara riayət olunmalıdır. Təəssüflər olsun ki, fermerlərin də bu sahədə bilgisi azdır. Ümumiyyətlə, biz onlara fermer deyirik, amma onlar fermer yox, kəndlidirlər. Normal fermer təsərrüfatımızı əl ilə saymaq olar. Yəni, o təsərrüfatlar ki, orada həqiqətən də mütəxəssislər, işi bilən və yaxud da normal idarə edən təsərrüfat rəhbəri var. Belə primitiv formada bu işlə məşğul olmaq yaxşı nəticə verə bilməz".

Bu sahədən olan digər mütəxəssis Nizami Qarayev bildirir ki, pestisidlərin səmərəsi bir çox faktorlardan asılıdır: "Bir tərəfdə pestisidlərin öz keyfiyyəri varsa, digər tərəfdən pestisidlərin tətbiqi ilə bağlı fermerlərin buraxdığı səhvlər də var. Belə ki, respublikaya gətirilən pestisidlərin tərkibinə ayrı-ayrı ölkələrdə ciddi nəzarət olur. Ölkəyə gətirilən pestisidlərin tərkibində əsas təsiredici maddənin miqdarına nəzarət olunur ki, elan olunmuş təsiredici maddə həmin pestisidlərin tərkibində olsun. Əgər bu tələb ödənilirsə, onda pestisidlərin tətbiqi ilə bağlı fermer arasında mütləq izahat işi aparılmalıdır. Yəni, fermerlərin buraxdığı səhvlər aradan qaldırılmalıdır. Bəzən olur ki, birinci, yəni pestisidlərin keyfiyyəti ilə bağlı problem olur. Onda artıq dövlət strukturları ölkəyə gətirilən pestisidlərin tərkibinə nəzarət etməlidirlər. Onun keyfiyyət baxımından standartlara uyğun olması diqqətdə saxlanılmalıdır. Amma digər tərəfdən fermerlər arasında izahat işləri aparılmalıdır ki, onlar pestisidlərdən düzgün istifadə etsinlər. Burada birinci növbədə pestisidin vurulma vaxtına düzgün əməl etmədikdə pestisid lazımi səmərəni verməyə bilər. Pestisiddən istifadə edərək işçi məhsulun hazırlanmasında keyfiyyətli sudan istifadə olunmursa, bu da sonradan pestisidin təsirini əhəmiyyətli dərəcədə azaldır. Çox zaman fermer bulanıq sudan istifadə edir ki, həmin suyun içində olan mexaniki qarışıqlar da pestisidlərin təsirini azaldır. Əgər ümumiləşmə aparsaq, görərik ki, ölkədə pestisidlərdən istifadənin səmərəsi çox aşağıdır. Bu da geniş sahədə fermerlərə ciddi ziyan vurur. Əgər zərərvericiyə qarşı fermer bir və yaxud iki dəfə mübarizə aparırsa, bu mübarizə ona maliyyə vəsaiti xərcləyir. Digər tərəfdən də pestisid iki-üç dəfədən sonra lazımi səmərəni vermirsə, fermer məhsulunu itirir. Beləliklə fermer iki tərəfdən ziyan çəkmiş olur. Bir tərəfdən həm ciddi maliyyə vəsaiti, həm də pestisid effekt vermədiyindən öz gələcək məhsulunu itirir".

Sizin Reklam Yeriniz