Hərb sənayesində mütəmadi yenilikləər imza atan Azərbaycanın bu sferada əməkdaşlığa xüsusi önəm verdiyi dövlətlər sırasında Türkiyə ilk yerdə gəlir. Bunun ən əsas səbəblərindən biri təbii ki, ölkələrinin dilinin, dininin, mədəniyyətinin, tarixinin bir olması, hazırda mütəffəiq dövlətlərə çevrilmələridir.
Qeyd olunan kontekstdə iki ölkə arasında əsgəri sahədə əlaqələrin mütəmadi möhkəmlənməsi tamamilə təbii qarşılanmalıdır. Yeri gəlmişkən qeyd edək ki, Türkiyə Müdafiə Sənayesi Katibliyinin nümayəndə heyəti Bakıya gəlib. Nümayəndə heyətində Türkiyənin müdafiə sənayesində fəaliyyət göstərən bir sıra firmaların əməkdaşları da təmsil olunur.
Bakıda keçirilən görüşlərdə iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Bu fonda yaxın tezlikdə Azərbaycan və Türkiyə müdafiə sənayesi bir neçə birgə layihəyə başlamağı planlaşdırır. Bu isə hərbi əməkdaşlığı daha da dərinləşdirərək onun yeni mərhələsinə start verir. Ümumiyyətlə, hər sənayesində son dövrlərdə qarşılıqlı əməkdaşlıq daha da intensivləşir. Məsələn, məlumdur ki, Azərbaycanda yaxın vaxtlarda ASELSAN-ın lisenziyası ilə BOA termal silah durbininin istehsalına başlanacaq. Artıq termal sistemin istehsalı ilə bağlı müvafiq texnologiyalar Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin "Optika" İstehsalat Birliyinə verilib. Qeyd edək ki, hazırda ASELSAN-ın lisenziyası ilə Azərbaycanda "Təkgöz" adlanan optik görüş sisteminin istehsalı davam etdirilir. ASELSAN-dan o da bildirilib ki, hazırda Azərbaycan Silahlı Qüvvələri tərəfindən şirkətin istehsalı olan "Şahingözü" elektro-optik sistemi, "Piton" adlı termal silah durbini, AN-AVS 6 pilot gecə görüş sistemi və lazer məsafə ölçərlər geniş istifadə olunur.
Xatiırladaq ki, 2010-cu il sentyabrın 15-də imzalanmış "Azərbaycan və Türkiyənin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması" haqqında Birgə Bəyannamə əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoyub. Bu müqavilə iki ölkə arasında siyasi, hərbi, iqtisadi, ticari, mədəni, elmi sahədə əlaqələrin bütün istiqamətlərini əhatə edən bir çərçivəyə malikdir. Müqavilə iki ölkənin müdafiə sənayesi sahəsində əməkdaşlığını da nəzərdə tutur. Ümumiyyətlə, Azərbaycanla ASELSAN şirkəti arasında sıx əməkdaşlıq mövcuddur. Belə ki, Türkiyənin ASELSAN şirkəti tərəfindən Azərbaycan ordusunun müasir avadanlıqlar və texnika ilə təchiz edilməsi məqsədilə ölkəmizdə "ASELSAN-Bakı" şirkəti yaradılıb. Şirkət hərbi məhsulların təmiri və texniki dəstəklə yanaşı, mülki məhsulların satışı və digər xidmətlər göstərir. Bundan əlavə, Azərbaycan Türkiyədən müasir standartlara cavab verən "T-129" döyüş vertolyotları alacaq ölkələr sırasında yer alıb. Sözügedən vertolyotların isə Rusiyada istehsal edilən və "Qara akula" adlandırılan "K-50"-dən daha keyfiyyətli olduğu bildirilir. Həmçinin o da məlumdur ki, "T-129"ların qiyməti ABŞ istehsalı olan "Apaçi"lərdən aşağıdır.
Türkiyənin "Havelsan" şirkəti ilə də uğurlu əməkdaşlıq edilir. Hazırda Azərbaycan Silahlı Qüvvələrində "Havelsan"ın Artilleriya Atış Simulyatorundan (AFOS) istifadə olunur. AFOS (Artillery Forward Observer Simulator) adlanan bu simulyator topçu birlikləri zabitlərinin bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə yaradılıb. Simulyator Azərbaycana ötən ilin ortalarında gətirilib və Müdafiə Nazirliyinin təlim mərkəzində qurulub. Azərbaycan mütəxəssislərinə simulyatordan istifadə qaydaları ilə bağlı treninqlər də keçilib. Simulyator Türkiyə hökumətinin Azərbaycana hərbi yardım proqramı çərçivəsində bu ölkənin Milli Müdafiə Nazirliyi tərəfindən verilib. Hazırda AFOS simulyatorundan, Türkiyə və Azərbaycan Silahlı Qüvvələri ilə yanaşı, Pakistan, Gürcüstan və Türkmənistan orduları da istifadə edir. Daha əvvəl isə "Havelsan"ın yaratmış olduğu "Genesis" sistemini, o cümlədən "Milgem" korvetində qurulmuş analoji sistemi Azərbaycan Hərbi Dəniz Qüvvələrinə təklif edib. Türkiyənin "Milgem" adlanan korvetinin modern silahlarla təchiz edildiyini deyən şirkət bəyan edib ki, Xəzər dənizində istifadə olunan gəmilərdə bu sistemdən istifadə daha məqsədəuyğundur. "Havelsan"ın istehsal etdiyi Savaş İdarəetmə Sisteminin keçmiş sovet istehsalı olan gəmilərə inteqrasiyası da mümkündür. Bununla yanaşı, ölkəmiz ABŞ, Almaniya, Böyük Britaniya, İtaliya, Pakistan, Çin, Rusiya, Ukrayna, Belarus, Moldova, Polşa, İsrail, Rumıniya və digər dövlətlərlə də hərb sənayesində sıx əməkdaşlıq edir.