Əlaqə Arxiv
news Image
2013.07.13
15:13
| A A A
Azərbaycanda prezident seçkiləri ilə bağlı ilk hesabat

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) müşahidəçilərin ehtiyaclarının qiymətləndirilməsi missiyasının hesabatını təqdim edib.

APA-nın ATƏT-in saytına istinadən verdiyi məlumata görə, hesabatda seçkilərə dair Konstitusiya tələbləri, seçki orqanlarının fəaliyyəti, seçicilərin hüquqları, seçkiqabağı kampaniya, seçki kampaniyasının maliyyələşdirilməsi, prezidentliyə namizədlərin qeydiyyatı, KİV-in fəaliyyəti və digər məqamlar əksini tapıb.

Azərbaycan Mərkəzi Seçki Komissiyası ölkədə 4,9 milyona yaxın seçicinin qeydiyyatda olduğunu bildirib, lakin ATƏT DTİHB koordinatorları seçici siyahılarının dəqiq olub-olmaması ilə bağlı narahatlıqlarını bildirərək bu rəqəmin Dövlət Statistika Komitəsinin məlumatlarından fərqləndiyinə diqqət çəkiblər. Belə ki, Statistika Komitəsi ölkədə 18 yaşdan yuxarı 6,4 milyona yaxın vətəndaşın olduğunu açıqlayıb.

Hesabatda deyilir ki, rəsmi şəxslər seçki prosesinin şəffaf olacağını, ATƏT DTİHB-nin seçkiləri müşahidə etməsini və prosesin keyfiyyətini yüksəldəcək istənilən tövsiyəni alqışlayacaqlarını vəd ediblər. Bəzi hesabat müəllifləri ATƏT DTİHB-ə məsləhət görüblər ki, seçki prosesinin bütün mərhələlərini əhatə etmək, xüsusən seçki komissiyalarının işini və namizədlərin qeydiyyatı prosesini diqqətdə saxlamaq, eləcə də sərbəst toplaşmaq azadlığının təmin olunmasını, KİV-in fəaliyyətini, səslərin sayılması da daxil olmaqla seçki günü prosedurlarını və nəticələrə yekun vurulmasını izləmək üçün Azərbaycana çoxlu sayda müşahidəçi göndərsin. Ekspertlər ATƏT-ə uzunmüddətli müşahidəçi qismində 30 və qısamüddətli müşahidəçi qismində 280 müşahidəçi göndərməyi tövsiyə ediblər.

Sənəddə həmçinin qeyd olunur ki, bir neçə müxalifət partiyası Demokratik Qüvvələrin Milli Şurasını yaradaraq, prezident seçkilərində namizəd kimi iyulun 2-də Rüstəm İbrahimbəyovun namizədliyini müəyyənləşdiriblər.

Digər namizədliyə iddialı İlqar Məmmədov İsmayıllı hadisələrinə görə hazırda həbsdədir.

Hesabatda, həmçinin qeyd olunur ki, Azərbaycanda prezident səs çoxluğu ilə 5 il müddətinə seçilir. 2009-cu ildə Azərbaycan Konstitusiyasına edilən dəyişikliyə əsasən, eyni şəxs iki dəfədən artıq prezidentliyə namizəd ola bilər.

Sizin Reklam Yeriniz