"Eurovision-2012" mahnı müsabiqəsinin Mətbuat Mərkəzi bu gündən yerli və xarici jurnalistlərin istifadəsinə verilib. Mövqe.az - ın APA-ya istinadən verdiyi xəbərə görə, Mətbuat Mərkəzi dizaynı, jurnalistlər üçün yaradılmış şəraiti, xüsusi yaradılmış "Radio otaqlar"ın, "Eurovision-2012" təmsilçilərindən müsahibələr üçün ayrılmış otaqların dizaynı, mətbuat konfransı zalının tərtibatı və s. ilə fərqlənir. Diqqət çəkən məqamlardan biri isə təmsilçilərlə müsahibə və istirahət otaqlarının özünəməxsus adlandırılmasıdır. Mətbuat Mərkəzində jurnalistlər Azərbaycan və paytaxt Bakıya bir növ səyahət imkanı da əldə edəcəklər.
Mətbuat Mərkəzində "Qarabağ", "Gəncə", "Şəki", "Quba", "Naxçıvan", "Şəki", "Qəbələ", "Xəqani", "Nizami", "Sabir", "Xətai" adlı otaqlar da fəaliyyət göstərir. Azərbaycandakı Mətbuat Mərkəzinin xaricində quraşdırılan monitorda Azərbaycan bayrağı dalğalanır. "Baku Crystal Hall"ın meydanında quraşdırılan işıqlı qlobusda isə iştirakçı ölkələrin bayraqları nümayiş etdirilir.
"Eurovision" mahnı müsabiqəsinin təşkilatı işlər üzrə rəhbəri (event supervisor) Sietse Bakker hər kəsi Azərbaycanda salamlayıb. "Mən hamını-nümayəndə heyətlərini, media mənsublarını və fanları Bakıda salamlayıram. Çalışın bu hadisədən həzz alın", - deyə S. Bakker eurovision.az saytına açıqlamasında bildirib. S. Bakker mayın 13-dən istifadəyə verilən Mətbuat Mərkəzinin üstünlüklərindən də danışıb: "Bakıdakı Mətbuat Mərkəzi bizim gördüyümüz "Eurovision" Mətbuat mərkəzləri arasında ən yaxşısıdır".
O, qarşıdakı bir neçə həftə ərzində Bakıya gələcək şəxslərin "Eurovision-2012"-yə hazırlıqlardan, Bakıda gördüklərindən məmnun qalacaqlarını bildirib.
Qeyd edək ki, Mətbuat Mərkəzində daha bir üstünlük media mənsubları və fanatların səs verəcəkləri "Fandesk"-dir. İlk dəfə Azərbaycanda səsvermə yeni proqramla həyata keçiriləcək.