MDB ölkələrinin avtomobil bazarında getdikcə ciddi narahatlıq predmetinə çevrilən məsələlərdən biri də daşqın və ya digər təbii fəlakət zamanı su altında qalan avtomobillərdir. "Mövqe" qəzeti olaraq bir müddət əvvəl bu mövzuya geniş şəkild ətoxunaraq bildirmişdik ki, Azərbaycana da xarici ölkələrdən, məsələn, Yaponiyadan, eləcə də Avropa və Amerikadan belə avtomobillər gətrilir.
Lakin avtomobilin su altında qalmasına dair onu alanlara satıcılar tərəfindən heç bir məlumat verilmir. Sadəcə belə avtomobillər bir qədər ucuz olduğundan dərhal müştərinin diqqətini özünə cəlb edir.
Baş verənlər barədə Rusiyanın "Mir" telekanalında da olduqca maraqlı verliş yayımlanıb. Bu verlişdən belə aydın olur ki, belə avtomobili alan şəxslər təkcə pulundan yox, sağlamlıq və həyatından da məhrum ola bilər: "Əgər aşağı qiymətə sizə tamamilə "yeni avtomobil" təklif etsələr, onu almağa tələsməyin. Çünki bu hiylə, təklif olunan maşın su altında qalmış ola bilər. Belə maşın isə heç iki ay keçməmiş korlana bilər. Sürüc isə təkcə pulundan yox, sağlamlıq və həyatından da məhrum ola bilər".
Bu xüsusda "Mir" telekanalı Əli Səfiyev adlı soydaşımızın başına gələnlərdən bəhs edir. Həmin şəxs tanışı olan alverçidən təxminən 2 ay əvvəl 70 min dollara qara rəngli Cip alıb. Avtomobil üçün heç bir təminat verilməyib. Lakin təxminən bir həftə əvvəl avtomobil, hərəkət zamanı alışıb yanıb. Mühərriki dəyişmək lazım gəlib və buna 30 min dollara qədər xərc sərf olunub. "Mir" telekanalı burada ona diqqət çəkir ki, burada xərclənən pul başa gələn fəlakətin yarısıdır. Hər şey daha pis ola bilərdi. Çünki belə hadisələr zamanı sürücünün özünü də ciddi xəsarət almaq ehtimalı böyükdür. Çünki, əksər əcnəbi maşınlarda hərəkət zamanı qapılar avtomatik olaraq bağlanır. Alışma isə elektrik naqilləri izolyasiya olmadığı şəraitdə istənilən an baş verə bilər. Enyi zamanda alışma zamanı sistemin hansısa bir hissəsinin işçi rejimi fəaliyyətini dayandıra və beləliklə, sürücünün həyatı ciddi risq altına düşə bilər. Məsələn, sükan idarəolunmaz hala gələ, əyləc sistemi işləməyə bilər.
"Mir" telekanalı onu da bildirir ki, ölkədə su altında qalmış avtomobillərin satışı son bir neçə ayda həyata keçirilir. Bu səbəbdən onların dəqiq sayını bilmək hələ mümkün deyil. Xarici görünüş etibarı ilə bu avtomobillər tamamilə yenidir, lakin diqqətlə nəzərdən keçirdikdə, pas atmış yerləri görmək mümkündür. Hüquqşünas Abbasəli Kərimli kanala verdiyi açıqlamasında vurğulayır ki, əgər müştəri avtomobili hansısa sənəd olmadan alıbsa, sonradan problemlə qarşılaşanda şikayət verə bilmir: "Ən yaxşısı avtomobili alverçidən yox, rəsmi distribyüterlərdən almaqdır və bu zaman hər şey alqı-satqı müqaviləsində yazılır". Telekanalın reportajında o da xüsusi olaraq vurğulanır ki, ən yaxşısı avtomobili təminatla almaqdır.
Onu da bildirək ki, su altında qalmış avtomobil problemi ilə Ukraynada da geniş şəkildə qarşılaşılır. Cari ilin iyun ayında Avropada yaşanan daşqınlar zamanı su altında qalan avtomobillərin müəyyən hissəsi bu ölkəyə də gətrilib. Həmin daşqınlar isə Almaniyada, Avstriyada, Slovakiyada, Çexiyada 50 minə qədər insanın evakuasiyasına səbəb olmuşdu. Bütün bunlar fonunda məsləhət olunur ki, alverçidən maşın aldıqda isə ən yaxşsı onu kompüter diaqnostikasına aparmaqdır. Bu zaman belə avtomobillərin elektronika sistemində olan problemlər dərhal üzə çıxacq. Nəm üzündən isə ötürücü naqillər tez sıradan çıxır və bu səbəbdən belə avtomobillər hərəkət zamanı asanlıqla alışıb yana bilər.