Əlaqə Arxiv
news Image
2013.08.02
08:43
| A A A
Vətəndaşlarımızın il ərzində xaricdə xərclədikləri vəsait 3 milyard manata çatır
Natiq Cəfərli: “Böyük dükanların, brendlərin olmaması seçimi məhdudlaşdırır” Samir Əliyev: “Bizdə insanlar daha çox xaricdən mal almağa üstünlük verirlər”

"Əvvəlki illərlə müqayisədə son illər azərbaycanlılar xaricdə daha çox pul sərf edirlər. Onlara xaricdə daha çox pul sərf etməyə imkan verən artan gəlirləridir". Bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı Vüqar Bayramov bildirib. İqtisadçının sözlərinə görə, vətəndaşlarımız il ərzində xarici ölkələrdən 3 milyard manat həcmində alış - veriş edir. Bunun 400 milyon manatı şoppinqə xərclənir.

Göstərilən hesabatda şoppinqə xərclənən miqdara gəldikdə, digər iqtisadçılar bunu yerli brend malların az olması ilə izah edirlər. Məsələn, iqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, bu, Azərbaycanda qiymətlərin yüksək olması ilə əlaqədardır: "Eyni brenddən olan məhsulların Bakıdakı qiymətlər ilə xarici ölkələrdə olan qiymətlər tamam fərqlidir. Əsas səbəblərdən biri budur. İkinci səbəb xaricdə çeşidliyin çox olmasıdır. Bakı şəhərinin özündə cəmi iki böyük moll (çoxprofilli ticarət mərkəzi) fəaliyyət göstərir. Onların həcmi, ordakı brendlərin miqdarı əhalinin seçiminə təsir göstərir. Burada böyük dükanların, brendlərin olmaması seçimi məhdudlaşdırır. Amma yaxın Türkiyəni götürsək, orada molların sayı yüzlərlədir. Bu da insanların seçim inkanını artırır. Bu məsələ vətəndaşlarımızın xaricdə şoppinq etməsinə gətirib çıxarır".

Ekspert əlavə etdi ki, şoppinqin ölkə daxilinə yönəlməsini inzibati yollarla tənzimləmək nə mümkün, nə də düzgün deyil: "Çünki, insanlar pulu özləri qazanıbsa, onu harada xərcləməsi özünün hüquqları daxilində olmalıdır. Hətta başqa ölkələrdə alver edib, ölkədən çıxarkən "tax free" - bəzi vergilərin qaytarılması anlayışı var. Bu da xarici vətəndaşlara daha çox sərf edir. Həmin ölkənin bəzi vergilərini xarici vətəndaşlar ödəməməlidir. Ona görə də ölkədən çıxarkən verginin geri qaytarılması prosesi həyata keçirilir. Bu da cəlbedici metoddur. Azərbaycan vətəndaşları xaricdən mal alarkən onun vergisini aeroportda geri ala bilirlər. Amma şoppinqi iqtisadi metodlarla daxilə yönəltmək olar. O mənada ki, qiymətlərin aşağı çəkilməsi üçün rəqabətli mühit gücləndirilməlidir. Elə olanda həm qiymətlər aşağı enəcək, həm də Azərbaycan əhalisinin daxildə alveri üçün stimul yaranacaq. Ancaq xaricdə şoppinqin dövlət büdcəsi üçün yox, vətəndaşların cibinə xeyri var".

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyevin sözlərinə görə, 400 milyon o qədər də böyük məbləğ deyil: "Əslində bu potensial daha çoxdur. Reallıqda xaricdə aparılan əməliyyatların həcmi daha çoxdur. Bu hal hər zaman, hər ölkədə mövcuddur. Bu gün ölkəmizdə il ərzində insanların istehlak xərcləri 20 milyard manat təşkil edir. Hazırda Azərbaycanda plastik kartlarla ödənişlərdə də xaricə yatırılan vəsaitlərin həcmi var. Ümumiyyətlə, kreditlərlə aparılan əməliyyatların həcmi 56 milyon, sayı isə 402 min olub. Reallıq bundan ibarətdir ki, Azərbaycanda idxal prosesi yüksəkdir. Xüsusən də qeyri - ərzağın çəkisi daha çoxdur. Bizdə insanlar daha çox xaricdən mal almağa üstünlük verirlər".

Ekspert bildirdi ki, yerli istehsal artmalıdır: "Amma bu gün bizdə dünyada rəqabət apara biləcək yerli brend yoxdur. Xaricdən alış - veriş xarici sahibkalığı inkişaf etdirir. Bunun qarşısı almaq üçün, ölkə daxilində istehsalı stimullaşdırmaq lazımdır. Azərbaycan öz brendini yaratmalıdır. Ərzaqda öz brendlərimizi yarada bilmişik. Amma qeyri - ərzaq məhsullarında yox. Yaxşı olardı ki, tanınmış xarici şirkətlərin Azərbaycanda zavodları açılsın".

Sizin Reklam Yeriniz