Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Mövqe.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli həmvətənlər!
Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı mübarək Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir və ən səmimi arzularımı çatdırıram.
Ramazan ayı müqəddəs kitabımız Qurani-Kərimin nazil olması ilə əlamətdardır. İnsanlar arasında birlik, bərabərlik və xeyirxahlığı, dini dəyərlərə bağlılığı təcəssüm etdirən bu mübarək ayda müsəlmanlar Allah qarşısında vicdani borcunu daha dolğun ödəmək fürsəti qazanır, mənəvi zənginliyin və əxlaqi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar.
Tarixən islam dünyasının mədəni mərkəzlərindən biri kimi tanınmış Azərbaycanda dini və milli-mənəvi dəyərlərə hörmət həmişə qorunub saxlanmışdır. Respublikamızda vicdan və dini etiqad azadlığı, dövlət-din münasibətləri ölkə qanunvericiliyinə və beynəlxalq standartlara uyğun olaraq təmin edilmiş, müstəqillik illərində milli-mənəvi dəyərlərimizin təbliği və təşviqi sahəsində kompleks tədbirlər həyata keçirilmişdir. Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, islam mədəniyyətinin nadir incilərindən olan tarixi-dini abidələrimizin əsaslı şəkildə yenidən qurulması sahəsində işlər davamlı xarakter almışdır. Bu il Cənubi Qafqazın ilk müsəlman məbədi – Şamaxı Cümə məscidi bərpa edilərək dindarların istifadəsinə verilmişdir.
İnsanların qəlbini və ruhunu ilahi hikmətlə nurlandıran mübarək Ramazan ayı artıq başa çatır. Orucluğun sınaqlarından alnıaçıq çıxan vətəndaşlarımız bayram sevincini səmimiyyətlə bölüşür, xalqımızın və dövlətimizin əmin-amanlığı və tərəqqisi üçün diləklər edilir, şəhidlərimizin xatirəsi minnətdarlıqla yad olunur.
Əziz bacı və qardaşlarım!
Cəmiyyətimizdə humanizmin, qardaşlıq və həmrəylik duyğularının təntənəsinə çevrilən Ramazan ayını hər il olduğu kimi, bu il də böyük qürur və məmnunluq hissi ilə yola salırıq. Bu əziz bayram günlərində bir daha bütün xeyirxah dua və diləklərinizlə həmrəy olduğumu bildirir, ailələrinizə firavanlıq, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.
Allah orucunuzu qəbul etsin!"