Əlaqə Arxiv
news Image
2012.05.15
13:37
| A A A
İndi sürücülük vəsiqəsi almaq daha asan olacaq
Sürücülük vəsiqəsi almaq istəyən şəxs 4 sənədi Daxili İşlər Nazirliyinə internet vasitəsilə təqdim edə biləcək

Nazirlər Kabineti "Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamənin, Sürücülük vəsiqəsini almaq üçün yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə məsələləri üzrə təcrübi imtahanlara müstəqil hazırlanması qaydalarının və Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə" 1999-cu il 15 mart tarixli 41 nömrəli qərarında dəyişikliklər edib. Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, artıq sürücülük vəsiqəsini almaq istəyən hər bir şəxs yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara müstəqil hazırlaşa bilər və ya nəqliyyat vasitələri sürücülərinin hazırlanması kursunda hazırlıq keçə bilər.

"A1", "A" və "B" kateqoriyalarına aid nəqliyyat vasitələri istisna olmaqla, digər kateqoriyalara aid nəqliyyat vasitələrinin idarə edilməsi üçün sürücülük vəsiqəsini almaq istəyən hər bir şəxs nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursunda hazırlıq keçməlidir. Yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara müstəqil hazırlaşmış şəxslər Daxili İşlər Nazirliyinə müraciət etdikdən sonra 3 (üç) gün müddətində yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara buraxılırlar.

Sürücülük vəsiqəsi almaq istəyən şəxs Daxili İşlər Nazirliyinə sənədləri bilavasitə və ya onların skan edilmiş surətlərini internet vasitəsilə təqdim edə biləcək. Sənədlərin bilavasitə qəbulu və verilməsinin interaktiv şəkildə əks etdirən monitorlar vasitəsilə müşahidə edilməsi imkanı yaradılır. Sənədlərin skan edilmiş surətlərinin həqiqiliyi sürücülük vəsiqəsini verən orqanın vəzifəli şəxsində şübhə yaratdıqda, müvafiq sənədlər barədə məlumat əldə etmək üçün dövlət orqanları tərəfindən aparılan elektron informasiya ehtiyatlarından istifadə edilir, bu mümkün olmadığı halda müraciət etmiş şəxslərdən həmin sənədlərin əsli tələb edilir. Sənədlər "Yol hərəkəti haqqında" qanununun tələblərinə uyğun olduqda, müraciət etmiş şəxsə yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahan verəcəyi tarix və vaxt barədə bilavasitə və ya internet vasitəsilə məlumat verilir. Sənədlər göstərilən tələblərə uyğun olmadıqda, müraciət etmiş şəxsə uyğunsuzluğun aradan qaldırılması qaydası izah olunur. Şəxs yaşadığı və ya olduğu ərazi üzrə imtahan-qeydiyyat məntəqəsində imtahan vermək hüququna malikdir.

Daxili İşlər Nazirliyinin rəsmi internet informasiya ehtiyatında yaradılmış elektron xidmət bölməsində imtahanın qəbulu və sürücülük vəsiqəsinin verilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısı, müvafiq sənədlərin (ərizə və digər) elektron formasının yerləşdirilməsi, habelə sənədlərin elektron formada qəbul edilməsi təmin edilir. Müraciət etmiş şəxslərin qəbul edilməsi ardıcıllığının tənzimlənməsi üçün "Elektron növbə" idarəetmə sistemi vasitəsilə həmin şəxslərin növbəsi müəyyən edilir.

Sürücülük vəsiqəsi almaq istəyən şəxs Daxili İşlər Nazirliyinə aşağıdakı sənədləri təqdim etməlidir:

- Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin qeydiyyata alınması haqqında vəsiqə və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);

- müstəqil hazırlıq keçən şəxslər istisna olmaqla, digər şəxslər üçün müvafiq kateqoriyalı nəqliyyat vasitələri sürücülərinin hazırlanması üzrə tədris planlarında və proqramlarında nəzərdə tutulan həcmdə hazırlıq keçmələri barədə təhsil müəssisəsinin sənədi (şəhadətnamə, diplomun surəti, semestr-imtahan cədvəllərindən çıxarış və ya diploma əlavə);

- Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş formada tibbi arayış;

- sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna görə dövlət rüsumunun ödənilməsi barədə qəbz.

Yol hərəkəti qaydaları üzrə nəzəri imtahan informasiya-kommunikasiya texnologiyaları vasitəsilə qəbul edilir. İmtahan prosesinin interaktiv şəkildə əks etdirən monitorlar, o cümlədən imtahan zalında quraşdırılan videokameralar vasitəsilə müşahidə edilməsi imkanı yaradılır. Hər bir namizədə 10 sual verilir. İmtahan verənin şəxsiyyəti onun şəxsiyyət vəsiqəsi və ya şəxsiyyətini təsdiq edən digər sənədi əsasında müəyyənləşdirilir. Nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanların qəbulunda növbələri istisna edəcək sayda və imtahan verilən gün istehsal tarixi beş ildən artıq olmayan nəqliyyat vasitələrindən istifadə edilməlidir.

Sizin Reklam Yeriniz