Siyasi gündəmin ən aktual mövzularından biri heç şübhəsiz ki, avqustun 13-də Rusiya Federasiyasının prezidenti Vladimir Putin Bakıya işgüzar səfəridir. Putini çoxsaylı dövlət rəsmiləri müşayiət edəcək və onların tərkibinə nəzər saldıqda belə məlum olur ki, Bakı ilə Moskva arasında münasibətlərin yeni və daha yüksək mərhələsi başlanır.
Özü də bütün bunlar o kontekstdə baş verir ki, Rusiya ilə Ermənistan arasında vəziyyət getdikcə gərginləşir. Artıq bəzi ekspertlər bildirir ki, sözügedən kontekstdə Moskvanın Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ermənistana təzyiq göstərməsi və Azərbaycanın mövqeyindən çıxış etməyə başlaması da istisna deyil. Bu isə Qarabağ konfliktinin həllində faktiki olaraq unikal şansın yaranması deməkdir. Yeri gəlmişkən qeyd edək ki, Putinin səfəri çərçivəsində müzakirə mövzusu olacaq əsas məsələlərdən biri məhz Dağlıq Qarabağ münaqişəsi ilə ilgili olacaq.
Rusiya Federasiyası prezidentinin köməkçisi Yuri Uşakov Moskvada keçirdiyi brifinqdə bildirib ki, səfər çərçivəsində prezident İlham Əliyevlə ikitərəfli münasibətlərin bütün spektrini müzakirə edəcək: "Prezidentin səfəri proqramında Azərbaycan dövlət başçısı İlham Əliyevlə təkbətək və geniş tərkibdə danışıqların aparılması, həmçinin energetika və nəqliyyat sahələrində 5-6 ikitərəfli sazişin imzalanması nəzərdə tutulub". O əlavə edib ki, imzalanması planlaşdırılan sənədlərə Rusiya və Azərbaycanın Fövqəladə Hallar nazirlikləri arasında kompleks əməkdaşlıq planı da daxildir: "Danışıqların gedişində prezidentlər gündəmdə olan əsas beynəlxalq və regional məsələlərə, Xəzər dənizinin hüquqi rejimi, eləcə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərinə toxunacaqlar".
Onun sözlərinə görə, sammitin keçirildiyi dövrdə Xəzər donanmasının gəmiləri - "Dağıstan" raket gəmisi və "Volqodonsk" kiçik artilleriya gəmisi dostluq səfəri ilə Bakıda olacaqlar. V.Putin onlardan birinin bortuna qalxacağı istisna edilmir. Y.Uşakov söyləyib ki, Azərbaycanın hərbi gəmiləri də cavab səfəri edəcəklər. "Səfərin vaxtı hələ razılaşdırılmasa da, olacaq, yəni mübadilə səfərləri baş tutacaq. Bu, ikitərəfli münasibətlərin məhsuldar xarakteri daşıdığını xüsusi olaraq nəzərə çarpdırır".
Uşakov vurğulayıb ki, Azərbaycan ənənəvi olaraq MDB ölkələri arasında Rusiyanın ən vacib tərəfdaşlarından biridir: "Rusiya-Azərbaycan əməkdaşlığı intensiv siyasi dialoq, fəal ticarət, regionlararası və mədəni əlaqələrlə xarakterizə olunur". Səfər zamanı RF prezidentini xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, energetika naziri Aleksandr Novak, iqtisadi inkişaf naziri Aleksey Ulyukaev, fövqəladə hallar naziri Vladimir Puçkov, nəqliyyat naziri Maksim Sokolov müşayiət edəcəklər.
Bundan başqa, Rusiya nümayəndə heyətinə "Rosoboroneksport"un baş direktoru Anatoli İsaykin, "Rosneft"in rəhbəri İqor Seçin, "Lukoyl"un prezidenti Vaqif Ələkbərov daxil olacaqlar. Uşakov qeyd edib ki, bu tərkib göstərir ki, danışıqların gedişində ikitərəfli məsələlərin bütün kompleksinin müzakirəsi planlaşdırılır.
Qeyd edək ki, Azərbaycanla münasibətlərin, xüsusən də iqtisadi əlaqələrin inkişafında Rusiya özü də xüsusi maraqlı tərəf kimi çıxış edir. Rusiya və Azərbaycanın ikitərəfli mal dövriyyəsi sabit artım tendensiyaya malikdir. 2012-ci ilin yekunları üzrə artım 10,8% - 3,4 milyard dollara qədər, cari ilin yanvar-may aylarında bunun yarısı qədər olub.Energetika sahəsində əməkdaşlıq yüksələn xətlə inkişaf edir. 2012-ci ildə Azərbaycandan Rusiyaya 1,55 milyard kubmetr qaz tədarük edilib, cari ilin yanvar-iyun aylarında bu həcm 0,88 milyard kubmetr təşkil edib. Azərbaycanda 500-dən artıq Rusiya şirkəti təmsil olunub. "LUKOYL" şirkəti "Şahdəniz" yatağında kəşfiyyat və qaz hasilatı prosesində iştirak edir, yanacaqdoldurma məntəqələri şəbəkəsinə və yanacaq anbarına malikdir, "AzRosPromİnvest" bentonit gilinin çıxarılması ilə məşğul olur. Maliyyə sahəsində "VTB" bank fəaliyyət göstərir. Bank "Azərbaycan Dəmir Yolları" şirkətinin investisiya proqramını kreditləşdirir. Uşakov isə digər sahələr üzrə də əlaqələrə toxunub: "Təhsil sahəsində əməkdaşlıq yaxşı templərlə inkişaf edir. 2012-2013-cü tədris ilində dövlət tərəfindən Azərbaycan Təhsil Nazirliyinə ayrılan təqaüdlər hesabına Rusiya ali məktəblərində 251 nəfər təhsil alır. Daha 45 azərbaycanlı tələbə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə dövlət proqramı əsasında hazırlıq keçir". Onun sözlərinə görə, danışıqlar zamanı prezidentlər həmçinin 31 oktyabr-1 noyabr tarixlərində keçiriləcək III Bakı Beynəlxalq Humanitar Forumuna hazırlıq məsələlərini müzakirə edəcəklər.