Əlaqə Arxiv
news Image
2013.08.22
09:15
| A A A
Ətin istehsalı da artır, idxalı da
Vahid Məhərrəmov: “Azərbaycanda ətlik istiqamətdə cins mal - qaranın yetişdirilməsi zəif inkişaf edib” Xəyyam Namazov: “Gürcüstandan idxal Azərbaycan bazarındakı qiymətləri iki dəfə aşağı sala bilər”

Cari ilin birinci yarısına olan rəsmi məlumatlara görə, ölkədə mal-qaranın sayı rekord həddə çatsa da, paralel olaraq idxalda da artımlar müşahidə edilməkdədir. Belə ki, bu il iyulun 1-nə Azərbaycanda 2,730 milyon baş iri buynuzlu heyvan, o cümlədən, 1,308 milyon baş inək və camış, həmçinin 8,832 milyon baş qoyun və keçi olub.

Bu, son illərin ən yüksək göstəriciləri olduğu bildirilir. Xatırladaq ki, keçən ilin müvafiq dövrünə nisbətən iribuynuzlu mal-qara ümumilikdə 1%, inək və camışlar 1,2%, qoyun və keçilərin sayı isə 1% artıb. Ancaq bütün bunlara baxmayaraq, cari ilin birinci yarısında Azərbaycanın tək Gürcüstandan olan mal-qara idxalı da artıb. Belə ki, göstərilən dövr ərzində Gürcüstandan ölkəmizə 21,33 milyon dəyərində olan 8,28 min ton diri çəkiyə malik iribuynuzlu mal-qara idxal edilib. Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin saytında dərc olunan məqalədə bildirilir. Bildirilir ki, ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan idxal olunan iribuynuzlu mal-qaranın idxalı 59,72 faiz və ya 3,1 min ton artıb.

Ölkəmizdə mal-qaranın artdığı bir vaxtda Gürcüstandandan da idxalın artması xüsusi maraq doğurur. Ekspertlər bu paradoksu ölkəmizdə mal-qaranın uinversal cins olması ilə əlaqələndirirlər. Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovun sözlərinə görə, belə artım təkcə bu il deyil: "Son 3 - 4 ildə diri çəkidə mal - qara idxalı artmaqda davam edir. Bu, onunla bağlıdır ki, Azərbaycanda ətlik istiqamətdə cins mal - qaranın yetişdirilməsi zəif inkişaf edib. Həmçinin qoyunlar da ənənəvi olaraq universal cinslərdir. Yəni, qoyunçuluqda həm ətlik, həm südlük, həm də yun istehsalı nəzərə alınır. Ancaq qonşu ölkələr bu istiqamətdə xeyli işlər görüb. Onlar ayrılıqda ətlik, həm də südlük istiqamətdə cins mal - qara yetişdirə biliblər. Biz isə mal - qaranı əsasən Gürcüstandan idxal edirik. Universal cinslərdən gün ərzində təxminən 300 - 400 qram çəki artımı ala bilirik. Halbuki, ətlik istiqamətdə olan cins mal - qaradan gün ərzində 1.7 kq çəki artımı almaq mümkündür. Əcnəbi fermerlər yüksək çəki artımı almaqla məhsulun maya dəyərini azalda bilirlər. Bu baxımdan onların istehsal etdiyi məhsul nisbətən ucuz başa gəlir. Bizdə 1.7 kiloqramı 4-5 günə almaq mümkündür. Bu günlər də həm vaxt itkisi, həm də digər xərclərdir ki, bizim istehsal etdiyimiz ətin maya dəyərini artırır. Ona görə də hələlik ölkədə ətin qiyməti yüksək olaraq qalır. Buna baxmyaraq, bizim fermerlər üçün bu sahə o qədər gəlirli görünmür. Bu, həm cinslərin universal olması ilə, həm də qulluq qaydalarının lazımı səviyyədə olmaması ilə əlaqəlidir. Bizdə xüsusən yem istehsalı o qədər də inkişaf etməyib. Baxmayaraq ki, deyilənlərə görə ölkədə taxıl istehsalı rekord səviyyədədir. Ancaq bu da əsasən heyvandarlıqda istifadə olunur. Yəni, taxıl məhsulunun yem kimi məhsuldarlığa elə də ciddi təsir göstərməməsi onu deməyə əsas verir ki, istehsal olunan taxılın keyfiyyəti aşağıdır".

İqtisadi və Sosial İnkişaf Mərkəzinin üzvü, iqtisadçı ekspert Xəyyam Namazov bildirir ki, Azərbaycan kənd təsərrüfatında mal-qaranın sayı ildən ilə çoxalsa da, tələbatın maksimum 80%-i təmin edilə bilir: "Yerdə qalan hissə isə Gürcüstan və digər ölkələrdən idxal ilə ödənməyə çalışılır. Gürcüstandan ölkəyə mal-qara idxalı Azərbaycan bazarında ətin qiymətinin aşağı düşməsinə təsir edə bilər. Çünki, oradakı qiymət Azərbaycandakı qiymətlərdən azdır. Ona görə də idxal zamanı Azərbaycan bazarındakı qiymətlər iki dəfə aşağı düşə bilər. Son illərdə Azərbaycanda ət məhsullarının davamlı olaraq artmasını nəzərə alsaq, Gürcüstandan ucuz mal-qara idxalı da qiymətlərə müsbət mənada təsir etmə qüvvəsi çox aşağıdır".

On uda bildirək ki, Azərbaycanda avqust ayı ət bazarında qiymətlərdə gərginlik, bahalaşmaya meyllilik ayı kimi yaddaşlarda qalıb. 2011-2012-ci illərdə məhz avqust ayında bazarlarda bahalaşma baş vermişdi. Bu il isə vəziyyətin necə olacağı hələ məlum deyil.

Sizin Reklam Yeriniz