Məlumdur ki, cari ilin aprel ayında ölkə prezident İlham Əliyev Azərbaycan Polad İstehsalı Kompleksinin yaradılması haqqında sərəncam imzalayıb. Kompleks dəmir filizinin hasilatından polad istehsalına qədər bütün mərhələləri əhatə edən polad istehsalı kompleksinin layihələndirilməsini, tikintisini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirəcək.
Bu da daha böyük məqsəd və proqramların həyata keçirilməsinə təka verə bilər. Ən əsası, polad sənayesindən iri həcmli avadanlıqların hazırlanmasında, o cümlədən ağır hərbi texnikanın istehsalı sahəsində istifadə edirlər. Yəni, hərb sahəsinin aparıcı qüvvəsi hesab olunan tank, top, və digər ağır artilleriya qurğularının istehsalı üçün polad sənayesinin inkişafı əhəmiyyətli rol oynaya bilir. Bu mənada, polad sənayesinin yaradılması və inkişafı fonunda artıq Azərbaycanda ağır hərbi texnikasının istehsalı gündəmə gəlir.
Hərbçi ekspert Üzeyir Cəfərov bildirir ki, Müdafiə Sənayesi Nazirliyinin tələbatlarından biri də ağır metalların onların sərancamında olması məsələsidir: "Bunlar da prinsip etibarı ilə öz həllini tapıb. Azərbaycanın daxili istehsal hesabına tələbatlarını ödəməsinə gəlincə isə, artıq Azərbaycan müəyyən texnikaların buraxılmasına başlayıb. Gələcəkdə ola bilsin ki, mütəxəssis imkanları Azərbaycanın daha ağır texnika buraxmasına şərait yaradacaq. İndiki halda müdafiə sənayesi fəaliyyət göstərirsə, onun tələbatları da kifayət qədərdir. Biz həmin tələbatları ödəmək üçün işlər həyata keçiririk. Yeni poladəritmə müəssisələri də fəaliyyətə başlayacaq. İniki halda sırf müdaifə sənayesi üçün məhsulların buraxılması müsbət həllini tapmaq üzrədir. Ancaq Azərbaycan hələ o qədər də böyük texnikaların buraxılmasına başlamayıb. Düzdür, texnikalarımız beynəlxalq sərgilərdə nümayiş olunur. Yəqin ki, ağır texnikalarımızın da alıcıları olacaq. Alıcılar olandan sonra deyə bilmərik ki, gözləyin ağır metal məsələsini həll edək. Onsuz bu sahədə nə qədər vəsait qoyulsa da, bir müəddətdən sonra həmin vəsait özünü doğruldur. Düşünürəm ki, bu istiqamətdə problem olmayacaq. Azərbaycan hərtərəfli özünün kənardan asılığını azaltmaq üçün addımlar atmaqdadır. Bu məsələ də yaxın illərdə özünü doğruldacaq. Ancaq düşünmürəm ki, hələlik ağır tonnajlı tanklar, teqajlar buraxılsın".
Digər hərbi mütəxəssis Emin Həsənli bildirdi ki, Azərbaycan dövləti elmi qanunlarla, hərbisi isə hərbi elmi qanunları ilə idarə edilir: "Cənab Prezident qarşıya məqsəd qoyub ki, Azərbaycan dövləti özünün təhlükəsizliyini, ərazi bütövlüyünü, vətəndaşının rifah halını yüksəltmək üçün idxal edən ölkədən ixrac edən ölkəyə çevrilməlidir. Artıq 750 addan artıq silah istehsalına başlamışıq. Bir çox sərgilərdə uğurlar qazanmışıq. Bizim bunu idarə edən güclü zabit, əsgər kadr potensialımız var. Beynəlxalq təcrübələr öyrənilir, müasir texnologiyalar ölkəmizə gətirilir. İllər öncə görülən işlərimiz xəyal kimi görünərdi. Təbii ki, Azərbaycan dövlətinin gələcəkdə dünyanın aparıcı dövlətləri ilə bir yerdə yeni sistemin üzərində işlənilməsi gözləniləndir. Biz artıq dünyanın bir çox bazarlarına çıxış əldə etmişik. Gələcəkdə həm özümüzü təmin etmək, həm əlimizdəki texnikanın modernləşməsi, həm də ixrac baxımından gəlirli ideyadır. Biz regionda gücümüzü artırmışıq, dünya siyasətinə təsir edə bilirik. Bu məsələdə də dövlətimiz öz sözünü deyə biləcək. Çünki, bu istiqamətdə ardıcıl işlər aparılır, iqtisadi baza, siyasi iradə var. Azərbayacan dövləti milli mənafeyi nəzərə alaraq bu addımları atacaq".