Ölkədə avtomobillərin sayının sürətlə arması iqtisadi tərəqqinin, əhalinin sosial rifah halının yüksəlməsinin göstəricisi olsa da, özü ilə müəyyən problemlər də yaradır. Təbii ki, burada ilk növbədə ekoloji problemlərdən söhbət gedir. Həmçinin, səs-küy çirklənməsində də artan avtomobillərin sayı az rol oynamır.
Bu hal xüsusən paytaxt Bakı üçün olduqca xarakterikdir. Hesablamalara görə, hazırda dünyada hər kvadratkilometrə 7 avtomobil düşdüyü halda, Bakı şəhərində 400 avtomobil düşür.
Onu da qeyd edək ki, 2002-ci ildən 2012-ci ilin sonuna qədər Azərbaycanda avtomobillərin sayı 2,3 dəfə artıb. Yəni təkcə bu müddət ərzində Azərbaycanda avtomobillərin sayı sovetlər dönəmindəki nəqliyyat vasitələrinin sayından iki dəfə çox olub. Ən böyük problemlərdən biri də odur ki, ölkənin avtomobil parkının böyük hissəsi Bakıda yerləşir. Avtomobillərin sayının bundan sonra da böyük sürətlə artması gözlənir. Dövlət Statistika Komitəsinin (DSK) məlumatlarına görə, ötən ilin sonuna əsasən, Azərbaycanda 916,4 min şəxsi minik avtomobili var. Son 10 ildə, yəni 2003-cü ilin əvvəli ilə müqayisədə şəxsi avtomobillərin sayı 2,7 dəfə artaraq 336,7 mindən 916 minə çatıb. Ölkə əhalisinin sayını nəzərə alanda hazırda orta hesabla hər 100 ailənin 46-da şəxsi minik avtomobili var. Hazırda Bakıda 573 min avtomobil var, yəni ölkədəki avtomobillərin 62%-dən çoxu paytaxtda sürülür. Son 10 ildə Bakıdakı şəxsi avtomobillərin sayı təqribən 5 dəfə artıb. Burada hər 100 ailəyə 116 avtomobil düşür. Son 10 ildə paytaxtda şəxsi avtomobili olan ailələrin sayı 4 dəfədən çox artaraq 27-dən 116-ya çatıb. Burada iki və daha artıq avtomobili olan ailələrin sayı digər bölgələrə nisbətən xeyli artıqdır. Respublikanın bölgələrində şəxsi avtomobili olan ailələrin sayı da bu sürətlə olmasa da, ciddi surətdə artıb. Bu dövrdə regionlardakı avtomobillərin sayı 56% artaraq 220 mindən 343 minə qalxıb. "Nyu Baku Post"un məlumatına görə, avtomobillərin sayının son illər sürətlə artmasına baxmayaraq, onların satışı və idxalı azalmır - təkcə 2012-ci ildə və bu ilin ilk 7 ayında ölkəyə xaricdən 142 mindən artıq (2012-ci ildə 89,6 min, bu ilin 7 ayında 52,6 min) avtomobil gətirilib. Üstəlik, əgər indiyədək satılan avtomobillərin əksəriyyəti işlənmiş maşınlar idisə, indi təzə maşınların payı artmağa başlayıb. "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin məlumatlarına görə, son vaxtlar satış mərkəzlərinə (salonlara) müraciət edənlərin sayında və satışların dinamikasında artım qeydə alınıb.
Təbii ki, bütün bunlar atmosferə, səs-küy məsələsinə təsirsiz ötüşmür. Bu haqda danışmazdan öncə qeyd edək ki, dünyada istehsal olunan neftin 2,3 milyard tonu avtomobil yanacağına gedir. Məlumat üçün bildirək ki, hər 1 kiloqram yanacağın yanması üçün 15 kiloqram hava lazımdır. 2,3 milyardı 15 kiloqrama vurub nə qədər hava sərf olunduğunu hesablayanda çox dəhşətli bir rəqəm alınır. Hazırda dünyada 1 milyarddan çox avtomobil var. Bu avtomobillər ətraf mühitə 1 il ərzində ancaq 1 milyard tondan çox işlənmiş qaz buraxır. Bunun içərisində dəm qazının çəkisi təqribən 650 milyon tondur. Bu fonda ölkəmizdə olan avtomobillərin atmosferə az zəhərli qaz buraxmadığını da söyləmək olar. Digər tərəfdən çirklənmənin artmasının səbəblərindən biri də tıxaclardır. Çünki tıxacın yaranması avtomobillərin boş işləmə rejimini artırır. Əlavə enerjinin yaranması isə böyük ekoloji problem deməkdir. Eyni zamanda bu, həm də təbii resursların sərf olunmasına gətirib çıxarır.
Nəqliyyat üzrə ekspert Sülhəddin Gözəlov bir neçə gün əvvəl bu xüsusda maraqlı bir açıqlama verərrək qeyd etmişdi ki, Azərbaycanda 2012-ci ildə nəqliyyat vasitələrindən atmosferə atılan qazların miqdarı 1 milyon tondan çox olub: "Ölkədəki ekoloji durumla bağlı Nazirlər Kabinetinə bir sıra təkliflər vermişik. Bunlar əsasən təşkilati-hüquqi, memarlıq-planlaşdırma, konstruktiv tikinti, istismar, ekotexnoloji tədbirlərdən ibarətdir. Bizim əsas istəyimiz bu təkliflərə kompleks yanaşılmasıdır". Həlləik isə bir məsələ dəqiqdir ki, ölkədə avtomobillərin sayının artması onların ekologiyaya daha çox zərər yetirəcəyini göstərir.