İlin əvvəlindən Bakının torpaq bazarında müəyyən qədər bahalaşma prosesi gedir. Məlumatlara görə keçən ilin müvafiq dövrü ilə müqayisədə bu bahalaşma öünü hardasa 10 faiz civarında göstərir. Maraqlıdır, görəsən, torpaq bazarındakı bahalaşma nə ilə bağlıdır? Hansı amillər burada öz sözünü deyib ki, bu sahədə qiymət artımları baş qaldırıb?
Müstəqil iqtisadçı ekspert Yaşar Əsədov torpaq bazarında qiymət bahalaşmasının əhalinin pul gəlirlərinin artması ilə əlaqəli olduğunu düşünür. Digər tərəfdən, həmsöhbətimizə görə, əhalinin əsasən torpaq alaraq ev tikməyə üstünlük verməsi də bu sahənin bahalaşmasına stimul verib: "Torpaq bazarının bahalaşmasında bir sıra obyektiv səbəblər var. Hazırda müəyyən kateqoriyalı insanların əmək haqlarında müəyyən qədər artımlar baş verir. Pensiya və təqaüdlərin artırılması nəzərdə tutulub. Ümumiyyətlə, Azərbaycanda hazırda qiymətlərin bahalaşmağa doğru getməsi tendensiyası özünü göstərir. Bu da ola bilsin, ilk növbədə gəlirlərin artması ilə bağlıdır. Digər tərəfdən, şəhərin mərkəzində bəzi küçə və yaşayış massivlərinin sökülməsi fonunda əhalinin əlinə pul şəklində müəyyən qədər vəsait gəlir. Evləri sökülən adamlar da əsas etibarilə torpaq alıb ev tikməyə üstünlük verir. Yəni o adamların hazır mənzil almaq imkanı olmadığından daha çox torpaq almağa üstünlük verir. Çox güman ki, torpaq bazarında özünü göstərən bahalaşmanın başlıca səbəbi də məhz budur".
"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin sədri Ramil Osmanov isə sözügedən bahalaşma tendensiyasının şəhər mərkəzində torpaq sahələrinin qıtlığı ilə bağlı olduğunu bildirdi: "Torpaq bazarında bahalaşma tendensiyası daha çox Bakı şəhərinin mərkəzi ərazilərində torpaq sahələrinin məhdudlaşması ilə bağlı məsələdir. Şəhərin mərkəzi ərazilərində, xüsusən də, birinci və ikinci zonalarda torpaq sahələrinin tədricən məhdudlaşması prosesi gedir. Bu səbəbdən həmin ərazilərdə tikinti və vəsait üçün tələb var, amma təklif demək olar yox dərəcəsindədir. Bunun da nəticəsində torpaq bazarında orta qiymətə təsir göstərən qiymət artımları baş verir. İlin əvvəlindən torpaq bazarında özünü göstərən qiymət artımları da məhhz bu amillə əlaqədardır".