Əlaqə Arxiv
news Image
2013.09.24
08:28
| A A A
Hərb sənayesində möhtəşəm yeniliklər
Azərbaycan hərb mühəndisləri müasir tələblərə uyğun əsgəri texnikalar yaradır

Son illərdə Azərbaycanın hərb sənayesi özünün nailiyyətləri ilə hətta əcnəbi mütəxəssisləri belə heyrətləndirməkdədir. Məsələ burasındadır ki, müdafiə təyinatlı məhsulların istehsalında Azərbaycan böyük uğurlara imza atmağı bacarıb və indi bir sıra əsgəri məmulatlar yerli istehsal hesabına ödənilir.

Daha bir maraqlı nüans isə yerli mühəndislər tərəfindən yaradılan hərbi texnikanın ən müasir standartlara cavab verməsidir.

Araşdırmalar göstərir ki, 2005-2013-cü illərdə Azərbaycanın müdafiə sənayesi məhsullarının istehsal həcmi 8,3 dəfə artıb. Həmçinin, 2013-cü ilin iyul ayının yekunları üzrə ölkənin müdafiə müəssisələrinin istehsal etdiyi məhsulların həcmi 120 milyon manat olub. İstehsal edilən məhsulların çeşidində də müsbət dinamika müşahidə edilib. 2013-cü ilin iyul ayının sonuna olan vəziyyətə görə, ölkənin müdafiə müəssisələri 750 adda məhsul istehsal edib ki, bu da 2005-ci ilin göstəricisindən 67 faiz çoxdur. Müqayisə üçün, 2005-ci ildə ölkənin müdafiə sənayesi 449 adda məhsul istehsal edib. Lakin əldə oluna nailiyyətlər təkcə bunlarla məhdudlaşmır. Belə ki, Azərbaycanın ilk hərbi gəmisinin inşasına gələn il başlanılması nəzərdə tutulur. "Azeridefence" portalının məlumatına əsasən, yeni Bakı Gəmiqayırma Zavodunda tikiləcək hərbi gəmi xarici layihə əsasında inşa olunacaq. Artıq həmin layihə hərbçilər tərəfindən bəyənilib. Qeyd edək ki, Bakı Gəmiqayırma Zavodu sentyabrın 20-də istifadəyə verilib.

Bundan başqa APA-nın məlumatına görə, Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) mütəxəssisləri tərəfindən döyüş maşınlarının silahlandırılması üçün distans idarə olunan döyüş modulu yaradılıb. Yeni döyüş modulu özündə çox sayda silahı, mühafizə və müşahidə sistemlərini birləşdirir. Yerli mühəndislər tərəfindən hazırlanmış döyüş modulu BRDM, BTR tipli zirehli transportyorlara, habelə BMP-1 və BMP-2 tipli piyadaların döyüş maşınlarının silahlanmasına daxil edilə bilir. Döyüş modulunun silahlanmasına 23 mm çaplı QŞ-23-2L topu, 7.62 mm çaplı PKT pulemyotu, 30 mm çaplı AQS-17 qumbaraatanı, S-8 (S-5) tipli 4 raketlik buraxma qurğusu, D-81 tipli bulud qurğusu, həmçinin optik və termal nişangahlar daxildir. Döyüş modulunun qalxma bucağı 30 dərəcə, fırlanma bucağı isə 360 dərəcədir.

Mütəxəssislərin sözlərinə görə, yeni modul CAR-ın EWT firması ilə birgə istehsal olunan "Şimşək" döyüş modulundan özünün yığcamlığı və çoxfunksiyalılığı ilə fərqlənir. Bu sistemin yaradılmasında döyüşlərdə iştirak etmiş mütəxəssislərin təcrübələri nəzərə alınıb. Qeyd edək ki, hazırda "Şimşək" döyüş modulu MSN-də müasirləşdirilən BTR-70M zirehli transportyorlarına qurulur.

Bu günlərdə isə məlum olmuşdu ki, Müdafiə Sənayesi Nazirliyinin (mühəndisləri tərəfindən yeni kəşfiyyat döyüş maşını yaradılıb. BRDM-2 tipli kəşfiyyat-gözətçi maşınının şassisi üzərində hazırlanmış maşın həm xarici dizaynı, həm silahlanması, həm də performansı ilə BRDM maşınlarından əhəmiyyətli dərəcədə fərqlənir. Mütəxəssislərin sözlərinə görə, maşının üzərindəki bəzi texnologiyaların xaricdən alınmasına baxmayaraq, ümumilikdə dizayn və yaradılma baxımından 100 faiz milli layihədir. Yeni maşın öz sinfindəki xarici analoqlarından minaya, yanlarda partlayışlara və güllələrə qarşı yüksək qoruması ilə fərqlənir. Maşının ikiqat zirehi B-32 tipli zirehdələn güllələri belə keçirmir. Maşın minaya, partlayışlara və güllələrə qarşı qorumaya sahibdir.

Döyüş maşını yerli mütəxəssislər tərəfindən yaradılmış idarəolunan qüllə ilə silahlandırılıb. Həmçinin, o da məlumdur ki, Müdafiə Sənayesi Nazirliyi zirehli gödəkcə və dəbilqələrin istehsalına başlayıb. Ən əsası odur ki, zirehli gödəkcə və dəbilqə xarici firmaların iştirakı olmadan istehsal edilir. Hər iki məmulat - zirehli gödəkcə və dəbilqə standartlara cavab verən qoruma səviyyəsinə malikdir. Zirehli gödəkcə və dəbilqə cari ilin may ayında Türkiyədə İDEF-2013 beynəlxalq müdafiə sərgisində nümayiş etdirilib.

Bununla yanaşı, xatırlatmaq yerinə düşərdi ki, Müdafiə Sənayesi Nazirliyi Silahlı Qüvvələri yüksək dəqiqlikli və böyük təsir gücünə malik aviasiya bombaları ilə təchizatı istiqamətində işlər aparır. Hazırda yerli müəssisələrdə Hərbi Hava Qüvvələrinin ehtiyac duyduğu müxtəlif ölçülü aviasiya bombalarının və aviasiya təlim bombalarının istehsalı layihəsi həyata keçirilir. Mütəxəssislərin sözlərinə görə, Azərbaycanda istehsal edilən FAB tipli aviabombalar postsovet məkanında istehsal edilən analoqlarından dağıdıcı gücünə, daşınmasının təhlükəsizliyinə görə fərqlənir. Eyni zamanda bombaların müxtəlif tip helikopterlərə (Mi-17, Mi-35M), habelə təlim və döyüş təyyarələrinə inteqrasiyası təmin olunub. MSN tərəfindən təkmilləşdirilərək istehsal olunan 50, 100 və 250 kq-lıq təlim aviasiya bombaları (TAB) isə xarici analoqlarından daha uzunömürlü və çox istifadə edilə bilməsi, həmçinin dəqiqliyi ilə fərqlənir. Artıq bir sıra ölkələrdən təlim bombasına maraq ifadə olunub. Ümmuiyyətlə, son illərdə hərb sənayesində çoxsaylı belə uğurlara imza atılmaqdadır. Bütün bunlar və xaricdən alınan çoxsaylı hərbi texnika isə ərazilərimizi hələ də işğalda saxlayan erməniləri daha çox qorxuya salır.

Sizin Reklam Yeriniz