Cəmşid Naxçıvanski küçəsindəki 62 saylı bina və ona bitişik bir
neçə digər binada 1993-cü ildən indiyədək istilik yoxdur. Bunu
sakinlərdən biri Day.Az saytına ünvanladığı şikayət məktubunda
yazıb. "Bu qışı da soyuq mənzillərdə keçiririk. Binamıza istilik nə
vaxt veriləcək?", - deyə sakin sual edir.
"Azəristiliktəchizat" ASC-nin Nizami rayon şöbəsinin 16 saylı
istismar sahəsinin rəisi Mustafa Əhmədovun məsələyə münasibəti belə
olub:
"Qeyd olunan ünvanda istilik həqiqətən də yoxdur. Məsələ ondadır
ki, 62 saylı yaşayış binasında hələ ki, istilik sistemi qurulmayıb.
Bu proses mərhələli şəkildə həyata keçirilir. İstilik sisteminin
olmadığı 32 yaşayış binasının siyahısı hazırlanaraq
"Azəristiliktəchizat" ASC-yə təqdim olunub. Onların arasında 62
saylı bina da var. Onlar Dövlət İnvestisiya Proqramına daxil
olunub. Ayrılan vəsaitdən asılı olaraq onların istilik sistemilə
təchiz olunması prosesi aparılır".
M.Əhmədov 62 saylı binaya istiliyin veriləcəyi tarixi dəqiq
bilmədiyini söyləyib. "Bu, 2012-2013-cü illərdə ola bilər. Bilirəm
ki, 2015-ci ilədək bütün yaşayış binaları istilik sistemilə təchiz
olunacaq", - deyə o, qeyd edib.