Əlaqə Arxiv
news Image
2013.10.01
08:58
| A A A
Hərbi aviasiyada pilotsuz təyyarələrin xüsusi çəkisi artırılır
Azərbaycan belə təyyarələrin alınması və istehsalında yeni nailiyyətlərə imza atır

Ən aparıcı dünya ölkələrinin hərb sənayesində atdığı addımlar artıq əsas prioritetin insan itkisini minimuma endirən yüksək dəqiqli silahlar yaradılması üzərində fokuslaşdığını göstərir. Elə bunun nəticəsidir ki, belə silahların yaradılması prosesi intensivləşməkdədir. Eyni zamanda döyüş əməliyyatlarının gedişində insan amilinin iştirakını azaltmaq da xüsusi diqqət mərkəzindədir.

Elə bunun nəticəsidir ki, dünyanın əksər ölkələri hazırda pilotsuz uçuş aparatlarının (PUA) istehsalına xüsusi diqqət yetirirlər. Bu sahələ təcrübəsi olan ölkələr isə belə təyyarə və aparatları daha təkmil hala gətirir, onun yeni modellərini yaradırlar. Məsələn, ABŞ-ın silah sənaye nəhənglərindən "Northrop Grumman" şirkətinin yeni yaratdığı "X-47B" - ilk pilotsuz döyüş reaktiv təyyarəsi buna sübutdur. Qanad genişliyi 19 metr olan "X-47B"-nin ağırlığı 6,3 tondur. 12 200 metr hündürlüyə yüksələ və təxminən 3 380 kilometr məsafə qət edə bilir. Qonşularımızdan Türkiyə, Rusiya və İran da qeyd edilən istiqamətdə intensiv işlər aparır. Qürurverici haldır ki, artıq bu istiqamətdə Azərbaycan da mühüm nailiyyətlərə imza atmaqdadır. Ölkəmiz bel ətəyyarələritəkcə xaricdən almır. Məlum olduğu kimi müəyyən xarici şirkətlərlə belə təyyarələrin birgə istehsalı da həyata keçrilir. Lakin proseslər Azərbaycanı artıq sırf yerli istehsal olan yeni pilotsuz uçuş aparatları hazırlamağa başlamaq üzrə olduğunu da göstərir. Artıq məlumat verildyi kimi Azərbaycan aviakonstruktorları tərəfindən yeni pilotsuz uçuş aparatı hazırlanır. Yerli mütəxəssislər tərəfindən yaradılmış yeni pilotsuz aparatın dizaynı və maketi hazırdır. Proqram təminatı tam milli olacaq PUA gələn il Bakıda keçiriləcək ADEX-2014 beynəlxalq müdafiə sərgisində təqdim olunacaq.

Qeyd edək ki, hazırda Azərbaycan İsraillə birgə "Orbiter-2M" və "Aerostar" tipli PUA-lar istehsal edir. Azərbaycan Silahlı Qüvvələrinin inventarında yer alan PUA-lar ilk dəfə 2008-ci ildə keçirilən hərbi parada ictimaiyyətə nümayiş etdirilib. 2011-ci ildə Bakıda İsrailin "Aeronautics Defence" şirkəti ilə birgə "Aerostar" və "Orbiter-2M" tipli PUA-ların istehsalına başlanıb. "Orbitr-2M" təyyarəsi 4-6 kilometr hündürlükdə 4-5 saat uça bilir. "Aerostar" təyyarəsi isə 10 kilometr yüksəklikdə 12 saat fasiləsiz uçur. Azərbaycan 2011-2012-ci illərdə İsraildən "Heron", "Hermes-450" və "Hermes-900" tipli PUA-lar satın alıb. İsrailin istehsal etdiyi və daha müasir olan "Heron TP Eitan" modelində olan təyyarələrin qiyməti 35 milyon dollara qədərdir. "Heron TP Eitan"in qanadlarının genişliyi 26 metrdir, 12 min metr yüksəkliyə qədər qalxa və davamlı olaraq 20 saat havada qala bilir. İsrail həm də ən çox pilotsuz təyyarə satan ölkə hesab edilir. Həmçinin, bu il ərzində də döyüş arsenalına pilotsuz təyyarələrin daxil edilməsi istisna edilmir.

Bütün bunlar mümkün Qarabağ müharibəsində Azərbaycanın hərbi üstünlüyünü daha da artırır. Həmçinin, pilotsuz təyyarələrlə Qarabğda daha effektiv hərbi əməliyyatların aparılmasına imkan yaranır. Eyni zamanad belə təyyarələrin ermənilərin kabusuna çevriləcəyi də heç bir şübhə doğurmur.

Hazırda hərbi aviasiyanın gücləndirilməsi rəsmi Bakının əsas prioritetlərindən biri sayıla bilər. Yeni döyüş təyyarələrinin, helikopterlərin, pilotsuz uçuş aparatlarının alınması, ölkədə PUA istehsalının yaradılması, aviaparka daxil olan təyyarələrin və helikopterlərin modernləşdirilməsi, hərbi aerodromların yenidən qurulması, milli kadrlarla komplektləşdirilmə, kadrların bilik və bacarıqlarının artırılması nəticəsində Azərbaycan hərbi aviasiya imkanlarına görə Cənubi Qafqaz və MDB məkanında ön yerlərə yüksəlib. Azərbaycan pilotları uçuş saatlarına görə postsovet məkanında ilk yerdə qərarlaşmaqla yanaşı, həm də keçmiş Sovet və NATO ölkələrində istifadə edilən uçuş aparatlarını idarə etməyi bacaran yeganə kadrlar hesab olunur.

Hazırda Azərbaycanın hərbi aviasiya parkına keçmiş Sovet istehsalı olan MiG-21, MiG-23, MiG-25, MiG-29, Su-17, Su-24, Su-25, Aero L-29, Aero L-39 tipli döyüş və təlim təyyarələri, İl-76 yük, Tu-134 nəqliyyat təyyarələri, desant çıxarma və evakuasiya əməliyyatlarında istifadə olunan An-2 tipli yüngül təyyarələr, Mi-6, Mi-8, Mi-17, Mi-24, Mi-35M, Mi-172, Ka-32 tipli helikopterlər daxildir. Hərbi aviasiya parkına 2005-ci ildən daxil edilməyə başlanmış, Ukrayna istehsalı olan dördüncü nəsil MiG-29 təyyarələri müxtəlif çətin tapşırıqları yerinə yetirmək qabiliyyətinə malikdir. Adıçəkilən təyyarələr Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycanda mövcuddur.

Sizin Reklam Yeriniz