Əlaqə Arxiv
news Image
2013.10.02
11:35
| A A A
Qarabağ münaqişəsi yenidən BMT müstəvisinə çıxarıla bilər
Aydın Ağayev: “Azərbaycanın ədalətli mövqeyinə dair ən güclü sənədlər məhz BMT-də qəbul olunub” Elman Nəsirli: “Regional təhlükəsizlik məsələsi çərçivəsində Dağlıq Qarabağ məsələsi müzakirə edilə bilər”

Azərbaycan artıq bu aydan başlayaraq BMT Təhlükəsizlik Şurasında sədrliyə başlayıb. Qeyd edək ki, buna qədər də Azərbaycan bir dəfə quruma sədrlik edib. Onun sədrlik müddəti bir ay çəkəcək. Heç şübhəsiz həmin postda olmaq ölkəmizə öz mövqeyini beynəlxalq miqyasda möhkəmləndirmək sahəsində müəyyən dividendlər gətirəcək.

Bılindiyi kimi isə Azərbaycanın bir nömrəli problemi torpaqlarımızın işğalı ilə bağlıdır. Ermənistan uzun illərdir ərazimizin 20 faizini işğal altında saxlayır. Hətta BMT-nin işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına dair 1993-cü ildə qəbul olunan 4 qətnaməsi belə bu günə qədər icra olunmayıb. Lakin Ermənistanın torpaqlarımızı işğal altında saxlamasına rəğmən, Azərbaycan yeritdiyi uğurlu xarici siyasət nəticəsində bu müddət ərzində bir sıra uğurlara da imza atıb. Ən azından Ermənistanın işğalçılıq siyasətiən beynəlxalq etirazlar çoxalıb, bu, rəsmi sənədlərdə öz kəsini tapıb. İndi isə ölkəmiz növbəti dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir. Görəsən bu fonda Dağlıq Qarabağ məsələsinin BMT çərçivəsində aktuallaşması mümkündürmü?

Milli Məclisin Analitik İnformasiya Şöbəsinin Müdiri Aydın Ağayev bildirdi ki, Azərbaycan Dağlıq Qarabağ məsələsini, torpaqlarımızın azad olunmasını hər zaman aktual olaraq saxlayıb: "Azərbaycan bu istiqamətdə fəaliyyətini davam etdirməlidir. Məsələnin həlli üçün Azərbaycanın göstərdiyi səylərin BMT müstəvisində daha artıq dərəcədə göstərilməsi məqsədəuyğun olardı. Bu fikirlər çoxdandır ki, Azərbaycan ictimai rəyində var. Həmin fikrin əsaslandırılması üçün faktlar göz qabağındadır. Ermənistan bütövlükdə problemin Minsk qrupu formatından kənarda, hər hansı digər beynəlxalq meydançada müzakirəsinin həmişə əleyhinə olub. Onlar indi də bu mövqedə qalmaqdadır, bunu gizlətmirlər də. Çünki başqa formatlarda Ermənistanın mövqeyinin nahaq olduğu özünü açıq göstərir. Belə demək mümkünsə, bu qəbildən olan müzakirələrdən Ermənistan qaçır. Ona görə də dördəlli Minsk qrupu formatından yapışıb. Hər dəfə də təkrar edir ki, Minsk qrupu formatı bu məsələni həll etməkdə tam səlahiyyətlidir və başqa hər hansı müzakirə heç bir fayda verməyəcək. Hətta bir müddət öncə xalq diplomatiyası çərçivəsində olan səyləri qiymətləndirəndə də, baxmayaraq ki, Ermənistan da qarşı tərəf kimi burada iştirak edib, ona qarşı olduğuna dair mövqe bildirib. Azərbaycanın ədalətli mövqeyinə dair ən güclü sənədlər məhz BMT-də qəbul olunub. Ötən illər ərzində Ermənistan bütün qüvvəsilə çalışıb ki, həmin sənədlərin əhəmiyyəti azalsın. Bu məsələdə müəyyən dəstək də görür. Mənim nəzərimdə bəzi Rusiya rəsmilərinin həmin qətnamələrə münasibətindəki mövqeləri təəccüblü görünür. Bu əsasda ermənilər daha da fəallaşır, özlərini daha da güclü hesab edir. Bütün bunlar fonunda BMT Təhlükəsizlik Şurasında daha da fəallaşmaq lazımdır. Amma nəzərə almaq lazımdır ki, Azərbaycan orada tək işğal olunmuş ərazilərilə bağlı çıxış etmir. Həm də dünya birliyinin əksəriyyəti tərəfindən ölkəmiz həmin posta seçilib. Dünyanın qlobal, aktual məsələlərinə münasibətə gəldikdə Azərbaycan onları da nəzərə alır. Bütün bunlara rəğmən, torpaqlarımızın işğal problemi Azərbaycanın bir nömrəli problemidir".

Politoloq Elman Nəsirli də qeyd etdi ki, məsələ BMT-də regional təhlükəsizlik məsələsi çərcivəsində müzakirə edilə bilər: "Azərbaycan Respublikasının oktyabr ayının 1-dən BMT Təhlükəsizlik Şurasına sədrlik etməsi heç şübhəsiz Dağlıq Qarabağ münaqişəsinin yüksək səviyyədə müzakirəsi və beynəlxalq ictimaiyyətə çatdırılması baxımından çox yaxşı imkanlar açır. Artıq bir dəfə, yəni keçən ilin may ayı ərzində Azərbaycan BMT Təhlükəsizlik Şurasına sədrlik edib. Həmin vaxt iclası Azərbaycan Prezidenti İlham Əliyev açdı və burada əsas məsələ beynəlxalq terrorizmlə bağlı oldu. Azərbaycan Prezidenti də Ermənistanın dövlət terrorizmi siyasətinin bütün mahiyyətini, onun fəlakət və fəsadları ilə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırdı və Ermənistanın bu siyasətini ifşa etdi. İndiki sədrlik dövründə isə beynəlxalq təhlükəsizlik və sülh məsələləri diqqət mərkəzində saxlanılacaq. Eyni zamanda Azərbaycan regional münaqişələr kontekstində Dağlıq Qarabağ münaqişəsini də müzakirə etməyə çalışacaq. İndiki halda məsələ regional konteksdə müzakirə edilə bilər. Ölkə Prezidenti bu xətti müəyyən edib. Həmin xəttin mahiyyəti odur ki, Azərbaycanın xarici siyasəti hücum taktikasına əsaslanmalıdır. Eyni zamanda ölkəmizin qarşısında dayanan bir nömrəli məsələ Ermənistanın təcavüzü ilə bağlı məsələdir. Ona görə də bu məsələnin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində hər zaman bir nömrəli vəzifə kimi səy göstərilməlidir. Bu baxımdan BMT çox unikal imkanlar açır. Bu mənada hesab edirəm ki, Azərbaycan da 1 ay müddətindəki sədrlik imkanından istifadə edib erməni təcavüzü məsələsinin müzakirəsi üçün səylər göstərəcək. Amma onun hansı formatda olacağını demək çətindir. Lakin konkret addımkarın atılacağı istisna deyil. Keçən dəfə müzakirələr Dağlıq Qarabağ münaqişəsi çərçivəsində olmadı. Format beynəlxalq terrorizmin dünya üçün çox təhlükəli olması istiqamətində olmuşdu. Bu konteksdə də Ermənistanın dövlət terrorizmi siyasəti müzakirəyə çıxarıldı. İndiki halda ola bilsin regional təhlükəsizlik məsələsi çərçivəsində olsun. Bu baxımdan da Dağlıq Qarabağ münaqişəsi müzakirə edilə bilər".

Sizin Reklam Yeriniz