Əlaqə Arxiv
news Image
2013.10.03
08:55
| A A A
Bakı-Supsa kəmərinə böyük təhlükə
Elşən Manafov: “Saakaşvilinin Rusiyaya yönəlik bu bəyanatı artıq getməkdə olan qatarın ardınca baxan bir siyasətçinin bəyanatına bənzəyir” İlham Şaban: “Bakı-Supsa kəmərinə təhlükə məsələsi Moskvanın Tiflisə yönəlik bir təzyiq vasitəsidir”

Gürcüstan prezidenti Mixail Saakaşvili bu günlərdə mətbuata açıqlamasında yenə də Rusiyanın imperalist siyasət yürütməkdə davam etdiyini diqqətə çatdırıb. Belə ki, onun sözlərinə görə, Rusiya Bakı-Supsa kəmərini tikanlı məftillərlə bağlamaq istəyir. Saakaşvili bu qənaətdədir ki, Rusiya belə bir addım ata bilər. Hətta o vurğulayıb ki, bu istiqamətdə Rusiya xeyli irəli çəkilib:

"Onların məqsədi Bakı-Supsa strateji neft kəmərini də tikanlı məftillərlə əhatə etməkdir".

Qeyd edək ki, bir müddət əvvəl Gürcüstanın energetika nazirinin müavini də anoloji açıqlama ilə çıxış etmişdi. Hazırda Gürcüstan cəmiyyəti də prezident seçkilərinə hazırlaşır. Burada mübarizənin Saakaşvili ilə baş nazir Bidzina İvanişvilinin nümayəndələri arasında gedəcəyi də şübhəsizdir. Bu müstəvidə isə rəqib tərəflər daxili və xarici siyasətlə bağlı müxtəlif fikirlər, hətta sensasion açıqlamalarla gündəmə gəlirlər. Ola bilsin, Saakaşvilinin Rusiya barədə yuxarıda səsləndirdiyi fikir də həmin ölkənin Gürcüstana yönəlik siyasətini dəstəkləməyən seçiciləri öz dəstəklədiyi namizəd ətrafında birləşdirmək məqsədi güdür. Bütün hallarda Saakaşvilinin prezident olandan bəri fəaliyyəti əsasən məhz Moskvanı hər addımda vurmaqdan ibarət olub. Bu yaxınlarda o BMT Təhlükəsizlik Şurasında da Rusiya əleyhinə fikir səsləndirmişdi. Belə bir fonda Saakaşvili düşünür ki, Rusiya Bakı-Supsa kəmərini təhlükə altına ala bilər. Xatırladaq ki, həmin kəmər vasitəsilə Azərbaycan neftinin bir hissəsi Avropaya nəql olunur. Görəsən bu təhlükə nə dərəcədə realdır?

Politoloq Elşən Manafov Saakaşvilinin həmin bəyanatını inandırıcı saymır: "Qeyd edim ki, Bakı-Supsa kəmərinin iqtisadi rentabelliyi məsələsi həmişə gündəmdə olub. Çünki həmin kəmərlə nəql edilən neft Bakı-Novorossiyskla nəql edilənlə müqayisədə daha ucuzdur. Bakı-Supsanın Rusiya tərəfindən tikanlı məftilə alınmasına gəldikdə Bakı-Novorossiysk kəmərilə bağlı Kreml adminstrasiyasının məlum qərarı da bəllidir. Rusiya tərəfi həmin kəmərin rentabelli olmaması ilə bağlı məsələ qaldırıb. Hər halda Rusiya ilə Azərbaycan bu məsələdə hər iki tərəfin maraqlarına cavab verən razılaşmanın əldə olunmasına nail oldular. Mixail Saakaşvilinin Rusiyaya yönəlik bu bəyanatları isə artıq getməkdə olan qatarın ardınca baxan siyasətçinin bəyanatına bənzəyir. Saakaşvili ABŞ-ın respublikaçı senatoru Makkeyni ilə sıx münasibətdədir. Respublikaçıların da ABŞ-ın geosiyasi maraqlarına münasibəti Obamadan kəskin fərqlənir. Saakaşvili bəyanatlarla çıxış edəndə belə bir təəssürat yaranır ki, sanki çıxış edən Makkeynidir. Cənubi Qafqazda vəziyyətin kritik olduğuna dair Saakaşvilinin bəyanatları Azərbaycanla Rusiya arasında mövcud reallıqları heç də ehtiva etmir. Rusiya prezidenti Putinin Bakıya səfəri və əldə olunan mövcud razılıqlardan sonra iki ölkə arasındakı problemlərin xeyli hissəsi artıq geridə qalır. Bu əsasda da güman etmirəm ki, Moskva Bakı ilə münasibətlərdə münasibətlərin gərginləşməsi istiqamətində ilk öncə məhz Rusiyanın maraqlarına cavab verməyəcək addımlar atsın. Hər halda kəmər ətrafında rus qoşunlarının yerləşdirilməsi məsələsi daha çox Qərbin bölgədə maraqlarının təmin edilməsi istəyindən irəli gələ bilər. Saakaşvilinin bu sözləri rəsmi Moskvanın Bakıya mesajı anlamında qəbul olunmamalıdır. Bu mesaj ilk növbədə Qərbə və onun mövqelərinə hesablanan bir mesajdır. Ona görə də güman edirəm ki, Azərbaycan tərəfi Rusiyanın ata biləcəyi bu addımları diqqətlə izləyəcək. Azərbaycanın maraqlarına cavab verməyəcək belə addımların atılacağı təqdirdə, yəni şəraitin dəyişəcəyi təqdirdə Azərbaycanın suveren ölkə kimi marağına cavab verəcək mövqe sərgiləmək hüququ var. Rusiya da gözəl başa düşür ki, Azərbaycan Gürcüstan, Ermənistan, hətta Ukrayna da deyil ki, Bakı ilə də təzyiq dililə danışmaq mümkün olsun. Azərbaycan enerji və ərzaq təhlükəsizliyini müstəqil şəkildə təmin etmək iqtidarında olan bir ölkədir. Putin də başa düşür ki, Dağlıq Qarabağla bağlı məlum olay istisna olmaqla Moskvanın Azərbaycana ciddi təzyiq imkanları yox dərəcəsindədir. Ona görə də Rusiya Azərbaycanla münasibətlərdə daim hər iki tərəfin marağına cavab verəcək addımlar atacaq. Nə qədər ki, Prezident İlham Əliyev iqtidarı hakimiyyətdədir Putin Azərbaycanla münasibətlərdə 180 dərəcədə dönəcək addımlara getməyəcək".

Neft məsələləri üzrə ekspert İlham Şaban isə sözügedən təhlükənin bir qədər real ola biləcəyi qənaətindədir: "Saakaşvilinin dediyi kimi, Rusiya Bakı-Supsa üçün təhlükə törədərsə, kəmərin 600 metrlik ərazisi məhz bu qüvvələrin nəzarəti altında qala bilər. Həmin boru kəməri yerin altından keçir, ancaq hər cür təxribat da ola bilər. İkinci bir tərəfdən bağlanmış müqaviləyə görə kəmərin təhlükəsizliyini Gürcüstan hüquq mühafizə orqanları həyata keçirməlidir. Bu fonda Saakaşvilinin dediyi hadisə gerçəkləşərsə, bu növbəti bir qarşıdurmaya gətirə bilər. Nəticədə regionda stabillik yenidən pozula bilər. Hazırda bildiyimiz kimi ruslarla konfrontasiyada olan Saakaşvili hakimiyyətdən gedir və şimal qonşusu ilə mülayim davranan İvanişvili isə mövqeyini daha da möhkəmləndirməyi düşünür. Belə bir fonda gərginliyin yaranması müəmmalı görünür. Son bir həftədə baş verənlər onu göstərir ki, Saakaşvilinin təhlükə barədə dediklərində heç bir iqtisadi amil yoxdur. Burada ancaq siyasi məqamlar var. Özü də bu tip fikirlər Gürcüstanla Avropa Birliyi arasında daha sıx yaxınlaşmanın gerçəkləşməsi ərəfəsində baş qaldırır. Bu da onu göstərir ki, Bakı-Supsa kəmərinə təhlükə məsələsi Moskvanın Tiflisə yönəlik bir təzyiq vasitəsidir. Bu mənada həmin kəmər təzyiq aləti olaraq Rusiya tərəfindən istifadə olunur".

Sizin Reklam Yeriniz