Əlaqə Arxiv
news Image
2013.10.04
08:35
| A A A
Ermənistanda Qarabağla bağlı ikitirəlik yaranır
Aqil Abbas: “Bu gün erməni xalqı da adam kimi yaşamaq istəyir, amma onu qoymurlar, axı!” Akif Nağı: “Ermənilərin bu cür hərəkətlərdən Azərbaycan təbliğat proseslərində istifadə edə bilər”

Dağılq Qarabağ münaqişəsilə əlaqədar Ermənistan hakimiyyəti sərt bəyanatlarla çıxış etdiyi bir dövrdə ölkə əhalisinin aşağı təbəqəsi sanki, barışıq tərəfindədir. Hər halda onlar bunu müxtəlif formalarda ifadə edirlər. Belə ki, buna misal bir müddət əvvəl Ermənistan Sahibkarlar İttifaqının rəhbəri Qaqik Makaryanın fikirlərini xatırlatmaq olar. O, rəsmi İrəvana Dağlıq Qarabağ ətrafındakı əraziləri Azərbaycana satmağa təklif edib.

Qaqik Makaryan bildirib ki, Ermənistanda insan kimi yaşamaq üçün işğal edilmiş Azərbaycan torpaqlarının qaytarılması barədə vətəndaşlar tərəfindən tez-tez çağırışlar edilir. Başqa bir misal kimi ermənilərin Dağlıq Qarabağın Azərbaycanlı icmasının rəhbəri Bayram Səfərova "torpaqları azad edin, gəlin yaşayaq", demələrini göstərmək olar.

Bütün bunlar isə Qarabağ məsələsinin həlli üçün əlverişli hesab edilir. Amma siyasi texnoloqların fikrincə, Ermənistanda despotizm hökm sürdüyündən və o, asılı dövlət olduğundan əhalinin təzyiqi rəsmiləri danışıqlarda konstruktiv mövqeyə gətirə bilməz. Ağdamda dünyaya göz açmış millət vəkili Aqil Abbas bildirdi ki, Qarabağı Ermənistan almayıb ki, qaytarmaq da onun icazəsi, istəyi ilə olsun: "Yaxud da Ermənistan hakimiyyəti, sözünün gücü varmı ki, Qarabağı qaytara bilsinlər? Düzdür, insanlar əbədi düşmən olmurlar. Gəcələcəkdə erməni ilə Azərbaycan xalqı dost olacaq, bir yerdə çörək yeyəcəklər. Necə ki, vaxtı ilə müharibədə 10 milyona qədər alman vətəndaşı öldü. Elə onun qədər də rus vətəndaşı ölmüşdü. Amma bu gün onların düşmənçiliyi yoxdur. Yəni, biz də erməniləri bağışlayacağıq. Amma bir şətlə ki, Qarabağ azad edilsin. Orada yaşayan erməni vətəndaşlarını da azad edəcəyik. Ondan sonra onların da deputat seçilmək hüququ, neftdən payı olacaq. Hətta Azərbaycan vətəndaşıdırsa, prezidentliyə namizədlik də verə bilərlər. Amma bütün bunlar Qarabağ azad olunandan sonra ola bilər. Bu gün erməni xalqı it günündə yaşayır. Əgər bu gün biz ermənilərlə dost olsaydıq, Bakı-Tiflis-Ceyhan kəməri, Bakı-Tiflis-Qars dəmir yolu Tiflisdən yox, İrəvandan keçəcəkdi. Bizim bu layihələrdən götürəcəkləri pullar da erməniyə kifayət edərdi. Bu gün erməni xalqı da adam kimi yaşamaq istəyir, amma onu qoymurlar, axı!".

Millət vəkilinin sözlərinə görə, Ermənistanda olan aşağı təbəqənin narazı çağırışdan istifadə edə bilərik: "Biz erməni xalqının fəryadını dünya ictimaiyyətinə çatdıra bilərik. Hətta ermənilərin siravi vətəndaşları müharibə edənlərə söyürlər. Onlar deyir ki, siz də ata-babalarının qəbrinə gedə bilmirsiniz, biz də gedə bilmirik. Bildirirlər ki, bizim atalarımızın da qəbri Bakıdadır. Təbii ki, heç kəs müharibə yaratmaq istəmir. Erməni onsuz da o torpaqlardan istifadə etmir".

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirdi ki, ola bilsin aşağı təbəqənin fikirlərində belə hisslər keçsin: "Bunun özü müsbət hadisədir. Amma inanmıram ki, orada aşağı təbəqənin rəyi nəzərə alınsın. Aşağı təbəqə çox zəifdir. Ermənistan hakimiyyətində isə dikatatura rejimi var. Rejim barışığa imkan verməz. Eyni zamanda orada xarici dövlətlərin maraqları var. Başda Rusiya kimi dövlət hökumətin nə cürsə yumşaqlığa getməsinə yol verməz. Sərbəst şəkildə qəbul etsələr, Dağlıq Qarabağda yaşayanlar Azərbycanın tərkibində qalmaq və həyatlarını davam etdirmək istəyərlər. 1919-cu ildə də belə bir hadisə baş vermişdi. O dövrdə ermənilər qurultay yaradıb Azərbacyanın tərkibində qalmaqlarını istəmişdilər, başqa bir əraziyə keçməyə lüzum görməmişdilər. Xalqın istəyinə qalarsa, xalqın Azərbaycanın tərkibində qalmaqla bağlı qərar qəbul etmək niyyəti var. Çünki, insanların yaşayış tərzi onun düşüncəsinə təsir göstərir".

Akif Nağı da bildirdi ki, rəsmi İrəvandan narazı olan ermənilərin bu cür hərəkətlərdən Azərbaycan təbliğat proseslərində istifadə edə bilər: "Əgər aşağılarda belə bir əhval-ruhiyyə varsa, Azərbaycan geniş şəkildə bunu dəstəkləməlidir. Hətta orada Azərbaycanın dəstəyi ilə müəyyən qurumlar, o fikirdə olan insanların əksəriyyətinin iradəsini əks etdirən hansısa icma, QHT yaradıla bilər. Həmin qurumların müraciəti ilə də Azərbaycan müəyyən addımlar ata bilər. Bununla bağlı Azərbaycan hakimiyyəti düşünməlidir".

Sizin Reklam Yeriniz