Əlaqə Arxiv
news Image
2013.10.08
08:23
| A A A
Kreml Şimali Qafqazda yeni təhlükəli oyunlara başlayıb
Qabil Hüseynli: “Yaxın zamanlarda Avropa və ABŞ Rusiyanın artan militarist siyasətinə qarşı güc qoymasa iki qütblü dünyanın yaranması real olacaq” Elxan Şahinoğlu: “Rusiya Şimali Qafqazda hərbi gücünü artırırsa, Azərbaycan da məcbur olub həmin istiqamətdə hərbi gücünü artırmalı olacaq”

Öz hərbi potensialını daim gücləndirməkdə olan Rusiyanın bu mənada son illər Şimali Qafqaz bölgəsinə diqqətini daha da artırdığı hiss olunur. Verilən məlumatlara görə, şimal ölkəsi sözügedən ərazidəki hərbi gücünü ən müasir hərbi texnika vasitəsilə yenidən gücləndirir. Belə ki, Rusiya cari ilin sonuna qədər Şimali Qafqaz regionunu əhatə edən Cənub Hərbi Dairəsinə 30 yeni döyüş təyyarəsi və helikopter yerləşdirəcək.

Rusiya Müdafiə Nazirliyi bildirir ki, hərbi təyyarə və helikopterlər Rostov yaxınlığına yerləşdiriləcək. Onlar arasında Su-30M2, Su-27SM3, Su-25SM, həmçinin "4+" nəsil döyüş təyyarəsi olan Su-34 qırıcıları, Mi-35M zərbə helikopterləri də yer alacaq. Bölgəyə gətiriləcək yeni Su-27 təyyarələri modernləşmə nəticəsində öz sələflərindən prinsipial olaraq fərqlənir. Döyüş təyyarələrinin uçuş uzaqlığı artırılıb, onlarda müasir naviqasiya avadanlığı qurulub. Qeyd edək ki, 2008-ci ildə Gürcüstanla müharibədən sonra Rusiya Cənub Hərbi Dairəsinin silahlanmasına xüsusi diqqət ayırır. Təkcə ötən il dairənin silahlanmasına 50-dən çox aviasiya texnikası daxil edilib.

Ümumiyyətlə, Kreml adminstrasiyası son ildə bir neçə dəfə Şimali Qafqazda bu istiqamətdə addımlarda bulunub. Onlar hətta Xəzər dənizində də hərbi donanmalarını kəmiyyət və keyfiyyət baxımından gücləndirmək kursu götürüb. Eyni zamanda Rusiya Ermənistanı da daim silahlandırır. Hətta son razılığa görə İrəvan Rusiyadan silah və sursatı artıq birbaşa hərbi zavodlarla müqavilə bağlamaq yolu ilə əldə edəcək. Onu da qeyd edək ki, Rusiyanın bölgədə hərbi potensialını daha da artırmaq istəyi ərəb dünyasında baş verən son olaylar fonunda yüksəlib. Belə ki, ərəb ölkələrində baş verən hadisələr bu zonada ABŞ-ın mövqeyinin möhkəmlənməsi, Rusiyanın isə zəifləməsilə müşayiət olunub. Bu da istər-istəməz Moskvanı qıcıqlandırır. Rusiya bu əsasda Amerikanın Cənubi Qafqazda da möhkəmlənə biləcəyindən ehtiyatlandığından regiondakı hərbi potensialını hər vəchlə gücləndirməyə çalışır. Bununla Moskva heç şübhəsiz bölgədə yeganə hakmi mütləq olduğunu kənar qüvvələrə və region dövlətlərinə nümayiş etdirmək istəyir. Xatırladaq ki, İran da bu istiqamətdə addım atır. Bu ölkə Xəzər dənizində hərbi baza yaratmaq eşqinə düşüb. Bir sözlə, proseslər Şimali və Cənubi Qafqazın daha da hərbiləşdirilməsi istiqamətində cərəyan edir. Görəsən, Moskvanın bu addımları hansı perspektiv vəd edir? Region üçün nə kimi təhlikələr yarada bilər?

Politoloq Qabil Hüseynlinin fikrincə, Rusiyanın həmin addımları regionun daha da hərbiləşdirilməsi və gərginliyin kəskin hal almasına gətirib çıxara bilər: "Rusiya yenidən sürətlə silahlanma xəttinə qədəm qoyub. Hərbi büdcəni həddən artıq artırıb, hərbi sənaye kompleksinə böyük vəsaitlər yatırır. Vaxtilə Rusiyanın hərbi sənaye kompleksi bir ildə 10 təyyarə belə istehsal etmək gücündə deyildi, indi isə il ərzində 100-dən artıq, bəzi hallarda hətta 200-ə dək hərbi təyyarə istehsal etməyə başlayıb. Rusiya istehsal edilən silahların modernləşdirilməsi və yeni növlərinin yaradılması sahəsində də böyük irəliləyişlər əldə edib. Rus tankları özünün texniki taktiki xüsusiyyətlərinə görə yalnız Amerikanın "Pantera" tipli tankları ilə müqayisə edilir. Miq-31A qırıcı təyyarələri isə öz uçuş keyfiyyəti, sürəti və digər parametrlərinə görə yenə də dünyanın ən qabaqcıl təyyarələri sayılır. Yəni Rusiua yenidən birbaşa silah istehsalı üzrə xərcləri artırmaq kursunu götürüb. Bunun hesabına ordusunun gücünü artırmaq əzmindədir. Ən təhlükəsi odur ki, ölkəmizlə sərhəd zonasında Şimali Qafqaz Hərbi Dairəsinə yeni silah növləri göndərir, şəxsi heyətin tərkibi artırılır, Xəzərdəki hərbi donanma yeni gəmilər, uçuş uzaqlığı 2-3 min kilometr olan raketlərlə silahlnmış kreyserlərlə möhkəmləndirilib. Bütün bunlar onu göstərir ki, Moskva Xəzər dənizində hegomonluğu ələ almaq istəyir, həm də buradan Yaxın Şərqə tamamilə nəzarət etmək fikrindədir. O, bu məsələdə ABŞ-la ciddi yarışa girib və hətta Yaxın Şərq, Suriya məsələsində diplomatik məqamlarda Amerikanı bəzi sahələr üzrə qabaqlaya da bilib. Bir sözlə, Rusiya yenidən fövqəldövlət kimi zühur etməyə başlayıb. Hansı ki, bu fövqəldövlət qonşu xalqlar üçün ciddi təhlükə kəsb edir. Onların Gömrük İttifaqı və Avrasiya İttifaqı ideyası da postsovet ölkələri üçün ciddi təhlükə mənbəyidir. Rusiyanın indiki gərdişləri Avropa, Yaxın Şərq və respublikamız üçün də təhlükəlidir. Yaxın zamanlarda Avropa və ABŞ Rusiyanın artan militarist siyasətinə qarşı güc qoymasa, iki qütblü dünyanın yaranması kifayət qədər real olacaq. Bölgədəki digər dövlətlər kiçik ölkələrdir. Onlar hərbi büdcələrini nə qədər artırsa da, Rusiya ilə rəqib olacaq səviyyəyə qalxa bilməyəcəklər. Amma hər halda bölgədə NATO və ABŞ-ın təsirinin gücləndirilməsinə ehtiyac var. Yalnız bu halda Rusiyanın militarizləşmə siyasətini müəyyən mənada neytrallaşdırmaq olar. Yəqin hadisələr də bu istiqamətdə inkişaf edəcək".

Politoloq Elxan Şahinoğlu da bu qənaətdədir ki, Rusiyanın sözügedən hərəkəti bölgədə sabitlik atmosferinə ziyan gətirə bilər: "Rusiya yenidən fövqəldövlət olmaq niyyətinə düşüb. Bu əsasda da o özünün hərbi gücünü artırmağa çalışır. Nəinki Şimali Qafqazdakı, ümumiyyətlə, bütün bölgələrdəki hərbi gücünü artırır, ordusunu müasir hərbi texnika ilə möhkəmləndirir. Hətta Arktika və Antraktidada belə hərbi bazaları formalaşdırır. Rusiya Azərbaycanla münasibətinin normal olduğunu bildirir, Ermənistana isə öz forpostu kimi yanaşır. Ona görə də belə baxanda bölgədə hərbi potensialın artırılmasına hər hansı bir əsas və təhlükə yoxdur. Gürcüstanla da artıq problemi ola bilməz, onsuz da onun ərazi bütövlüyünə xələl gətirib. Bu baxımdan Rusiynın həmin addımları Azərbaycanda da ciddi mənfi reaksiyalar doğurur. Belə başa düşülür ki, Moskvanın Şimali Qafqazda hərbi potensialın artırması, yeni modern silahlarla təchiz olunması, hərbi təlimləri gücləndirməsi fonunda əslində, hədəf qismində Azərbaycan da götürülür. Ona görə də bu yolla təzyiqlər artırılır. Belə bir perspektiv istər-istəməz bölgədə silahlanma tendensiyasının güclənməsinə stimul verə bilər. Rusiya bu yolla Şimali Qafqazda hərbi gücünü artırırsa, Azərbaycan da məcbur olub həmin istiqamətdə hərbi gücünü artırmalı olacaq. Digər Xəzəryanı ölkələr də bu prosesdə fəallaşa bilər. Deyilənə görə, Rusiya və İran ABŞ-ın Azərbaycan, Qazaxıstan və Türkmənistan vasitəsilə hərbi gücünü artıra biləcəyindən narahatdır. Halbuki, hamıya bəllidir ki, ABŞ həmin üç ölkə ilə yalnız onların hərbi gücünün artırılması istiqamətində əməkdaşlıq edir və onlara yalnız texniki yardımlar göstərir. Aydındır ki, Amerika gəmiləri Xəzərə gəlib çıxası deyil. Azərbaycan, Qazaxıstan və Türkmənistan bu çalışmalarda yer almır. Buna rəğmən, Rusiya və İran Xəzər bölgəsində hərbi potensialını gücləndirməyə çalışır. Belə vəziyyət isə digər dövlətləri də həmin istiqamətdə ciddi düşünməyə vadar edə bilər".

Sizin Reklam Yeriniz