Əlaqə Arxiv
news Image
2013.10.11
08:08
| A A A
Bir neçə bankın cəmi 50 gün ömrü qaldı
Nazim Məmmədov: “Risqli banklarda saxlanılan əmanətlərə təhlükə mövcuddur” Yaşar Əsədov: “Problem qarşısında qalan banklar birləşməlidir”

Ziya Əlili: "Bir neçə bank nizamnamə kapitalını keçə bilməyəcək"

Bilindiyi kimi gələn ilin yanvarın 1-dən Azərbaycan bankları nizamnamə kapitalını 50 milyon manata çatdırmalıdırlar. Bu həddə çata bilməyən kommersiya bankları bağlanmaq təhlükəsilə üz-üzə qalacaq. Artıq Mərkəzi Bankın (AMB) nizamnamə kapitalı ilə bağlı qərarının icrası istiqamətində müvafiq addımlar atılır.

Belə ki, bəzi banklar artıq indidən nizamnamə kapitalının 50 milyon manata çatdıra biliblər. Bununla belə, bir sıra iqtisadçı ekspertlər bəzi bankların ilin sonunadək bu qərarı icra etmək imkanında olmadıqlarını bildirirlər. Belə bir təhlükəni 5-6 bankın yaşaya biləcəyi proqnozlaşdırılır. Söz yox ki, AMB-nin bu qərarı bank sektorunun maliyyə sabitliyinin gücləndirilməsinə, korporativ idarəetmə sisteminin inkişafı, habelə əmanətçilər və investorların maraqlarının qorunmasına yönəlmiş strategiyaya hesablanıb. Belə addımlarda məqsəd bankların iqtisadi inkişaf prosesində rolunun, eləcə də rəqabətə davamlılığının yüksəldilməsidir. Amma aydındır ki, heç də bütün banklar sözügedən tələbi icra etmək gücündə olmayacaq. Belə olan halda görəsən onları nə gözləyir? Digər məqam isə əmanətçilərin banklara qoyduğu əmanətlərlə bağlıdır. Bank nizamnamə kapitalı tələbinə əməl edə bilmədikdə, istər-istəməz əmanətlər üçün də təhlükə yarana bilər. Bu nə dərəcədə mümkündür?

Məsələ ilə bağlı münasibətini öyrəndiyimiz iqtisadçı- ekspert Nazim Məmmədov bildirdi ki, nizamnamə kapitalı ilə bağlı tələbi icra edə bilməyən banklar üçün çıxış yolu bir-birilə birləşməkdən keçir: "Əslində, nizamnamə kapitalı məsələsini həll edə bilməyən banklar bir-birilə birləşərək konsoldasiya olunmalıdırlar ki, sonradan onlar üçün hər hansı bir çətinlik yaranmasın. Təxminən 7-8 bank birləşməlidir ki, sonradan onları iflas təhlükəsi gözləməsin. Bunu etməsələr, təbii ki, nizamnamə kapitalını 50 milyon manata çatdıra bilməyənlərin lisenziyası əllərindən alınacaq. Lisenziyanın alınması ilə Mərkəzi Bank həmin banklara kənar idarəçi qoyur və onların aktiv və passivlərilə bağlı qərar qəbul edilir. Əhalinin banklara yatırdığı əmənətlərə gəldikdə isə, bilirsiniz ki, əmanətlərin sığortalanması proseduru mövcuddur. Deyilənə görə 85 faizə qədər əmanət sığortalanıb. Ancaq "Royal bank" təcrübəsini yaddan çıxarmaq lazım deyil. Ona görə də risqli banklarda saxlanılan əmanətlərə təhlükə mövcuddur".

Müstəqil iqtisadçı-ekspert Yaşar Əsədovun fikrincə də, problem qarşısında qalan banklar birləşməlidir: "Düşünürəm ki, ölkədə mövcud olan bankların heç də hamısının ayrı-ayrılıqda nizamnamə kapitalı məsələsini həll etməyə gücü çatmayacaq. Belədə mümkündür ki, həmin vəsaitin toplanması üçün bəzi banklar birləşsin. Banklardan hansınınsa bağlanacağına inanmaq çətindir. Ona görə də daha çox güman olunur ki, kapitallarını birləşdirmək yolu ilə problemi həll edəcəklər. Azərbaycanda artıq bir neçə dəfə nizamnamə kapitalının artırılması prosesi gedib. Bu zaman əksər hallarda müşahidə olunub ki, banklar birləşməklə problemdən çıxmağa üstünlük verib". Həmsöhbətimiz nizamnamə kapitalının artımı fonunda bəzi banklardakı əmanətlərin batmasını da mümkün saymadı: "Əmanətlərin qorunması ilə bağlı qanunlar qəbul olunub. Bu qanunlar da dövlət tərəfindən təminat verilən qanunlardır. Prosesə başdansovdu yanaşaraq 30 min manatdan artıq depozitləri saxlayan müştərilərə gəldikdə isə, deməliyəm ki, onlar hər halda risq edir. Düşünürəm ki, uzağı görən insanlar son risqləri nəzərə alaraq yəqin ki, depozitlərində dəyişiklik edib. Hər halda son 15-20 il ərzində əmanətlərin batması presedentinə rast gəlməmişəm".

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Ziya Əlili söylədi ki, bir necə bankın limiti aşması mümkünsüzdür: "Təbii ki, bir neçə bank nizamnamə kapitalını keçə bilməyəcək. Onların qarşısinda isə yeganə variant budur ki, nizamnamə kapitalını artırsınlar. Bu banklar istiqraz və ya səhm satıbsa, onların yenidən alınması vasitəsilə problemdən çıxa bilər. Amma Azərbaycanda səhmlərin alınması variantı o qədər də effektli sayılmır. Ehtiyatda olan rezervlərin səhm paketinə kecirilməsi də mümkün variantlardandır. Amma 50 milyon manat böyük vəsait olduğundan, bu əməliyyatla heç bir bank öz vəziyyətini düzəldə bilməz. Ona görə də banklar vaxtında tərpənib səhm kapitalı almaq üçün vəsaitlərindən kifayət qədər ayırmalar edə bilərlər. Azərbaycan reallıqlarını nəzərə almasaq, carı andan etibarən prosesi həll edə bilməyən bankların nizamnamə kapitalını artırmaları qeyri-müəyyən görünür. Lakin müştərilər və onların əmanətləri üçün hər hansı bir ciddi təhlükə yoxdur. Nizamnamə kapitalı 50 milyon manatdan çox olan banklar üçünsə bundan sonra daha yaxşı şərait yaranacaq. Çünki nizamnamə kapitalı 50 milyondan az olan bankların müştəriləri azalacaq və belədə mərhələni uğurla dəf edənlər həmin müştərilər uğrunda mübarizəyə başlaya bilər. Bu aspektdən də müştəri uduzmur".

Sizin Reklam Yeriniz