Əlaqə Arxiv
news Image
2013.10.12
08:14
| A A A
İsveçrə Qarabağ münaqişəsinin həllinə cəlb olunur?!
Aydın Ağayev: “İsveçrə bir məkan kimi qiymətləndirilməlidir” Leyla Əliyeva: “İsveçrənin buna gücü çatmaz”

Elşən Manafov: "Yəqin ki, Türkiyə danışıqlarda İsveçrəni vasitəçi qismində görməklə danışıqların formatına yenilik gətirmək istəyir"

İsveçrədə səfərdə olan Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Ermənistanla münasibətlərin bərpasının yenidən gündəmə gələcəyini bildirib. Davudoğlu indi bəzi yaradıcı fikirlərlə, yeni düşüncələrlə bunu inkişaf etdirməyə, yaxınlaşdırmağa çalışdıqlarını deyib: "Qarşıdan gələn dövr ərzində bu istiqamətdə işlərimizi artıracağıq". Dörd il qabaq Türkiyə ilə Ermənistan arasında imzalanan protokoldan danışan Türkiyə xarici işlər naziri söyləyib:

"Biz Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasına önəm veririk. Amma bunun həmişəlik qalması üçün Ermənistanla Azərbaycan arasındakı Qarabağ probleminin həll edilməsi və Azərbaycan torpaqlarının işğalının sona çatdırılması lazımdır. Bu məsələdə İsveçrənin yardımlarına ümid edirik. Biz 4 il öncə Ermənistan ilə Türkiyə arasında imzalanan protokolun uğurlu şəkildə həyata keçməsi üçün çox çalışdıq. Ümid edirk ki, bunlar tamamilə gündəmdən düşməyib".

Nazir bu məsələdə göstərdiyi səmimi səylərə görə İsveçrəyə təşəkkür edib: "Türkiyə-Ermənistan əlaqələrinin normallaşması halında, təbii ki, Azərbaycan-Ermənistan münasibətlərinə paralel olaraq, qeyd edilən problemlərin çoxu həllini tapacaq".

Qeyd edək ki, artıq 4 ildir ki, 2009-cu ildə imzalanan Sürix protokolları ratifikasiya olunmamış qalır. Türkiyə parlamenti Azərbaycan torpaqlarının işğal faktı aradan qaldırılmadığına görə haqlı olaraq həmin sənədi ratifikasiya etmədi. Bununla belə 4 ildir ki, Qərb dairələri həmin sənədin ratifikasiya olunması üçün səylərini əsirgəmir. Amma bunun üçün İrəvan işğal altında saxladığı Azərbaycan torpaqlarını azad etməlidir. Əhməd Davudoğlunun yeni açıqlamasından belə başa düşülür ki, bu işdə də Ankara İsveçrənin yardımına ümid edir. Qeyd edək k, sözügedən sənəd məhz İsveçrə şəhəri olan Sürixdə imzalanıb. Bu mənada sənəddən irəli gələn müddəaların reallaşması üçün İsveçrənin də üzərinə müəyyən məsuliyyət düşür. Deyilənlərdən belə anlaşılır ki, Türkiyə məsələnin "ölü nöqtə"dən tərpənməsi üçün İsveçrənin Ermənistana hansısa formada təsir göstərməsini, Qarabağ münaqişəsində Ermənistanın mövqeyinin dəyişməsi üçün İsveçrənin təsirindən yararlanılmasını istəyir. Bu isə faktiki olaraq İsveçrənin Qarabağ münaqişəsinin həllinə cəlb olunması deməkdir. Belədirsə, prosesin həllində İsveçrə nə kimi rol oynaya bilər?

Milli Məclisin Analitik-İnformasiya Şöbəsinin müdiri Aydın Ağayev bildirdi ki, Türkiyə xarici işlər nazirinin sözügedən açıqlamasına heç də İsveçrənin Dağlıq Qarabağ münaqişəsinin həllinə cəlbi kimi yanaşılmamalıdır. İsveçrə sadəcə bir məkan rolunu oynaya bilər: "İsveçrə bir məkandır. Təkcə Türkiyə Ermənistan sərhədlərinin açılması ilə bağlı Sürix protokollarının imzalanması məsələsi deyil, ümumiyyətlə, keçmişə baxsaq, dünyadakı bir sıra konfliktli problemlər üzrə çözüm axtarılması mənasında İsveçrə bundan öncə də belə görüşlərə ev sahibliyi edib. Amma bu heç də o anlama gəlmir ki, İsveçrə mühüm görüşlərin keçiriləcəyi yer kimi həm də Dağlıq Qarabağla bağlı danışıqlar prosesinə qatılır. Bunu söyləmək fikrimcə, düzgün olmazdı. Sadəcə, İsveçrə bir məkan kimi qiymətləndirilməlidir".

Politoloq Leyla Əliyeva da İsveçrənin Dağlıq Qarabağ konfliktinin həlli prosesində birbaşa iştirakını mümkünsüz sayır: "Bu ölkə ancaq dövlətlər arası danışıqlar, müxtəlif müqavilə və sənədlərin imzalanma yeri baxımından əlverişli məkan sayıla bilər. Amma İsveçrənin Daqlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə qoşulmasını mümkün saymıram. Münaqişənin həllilə üç böyük dövlət - ABŞ, Rusiya və Fransa məşğul olur və onlar da bu mövqelərini kimlərəsə güzəştə gedəcəklərinə oxşamırlar. Yalnız prosesdə Avropa Birliyinin iştirakı məsələsi qabardılır ki, bu da hələ reallaşmayıb. İsveçrə isə neytral ölkə olmasına baxmayaraq, hər hansı bir konfliktlərin həllində bu günə qədər aktiv cərgədə iştirak etməyib. Onun buna gücü də çatmaz. Çünki İsveçrənin münaqişə tərəflərinə lazım gələndə hansısa bir təzyiq göstərmək imkanları da yox dərəcəsindədir".

Politoloq Elşən Manafov da İsveçrənin prosesə qoşulması ilə danışıqlara hər hansı bir impuls verməyin mümkün olmadığı qənaətindədir: "İsveçə bitərəf dövlətdir və onun Avropa Birliyi daxilindəki problemli məsələlərə təsir imkanları bir qayda olaraq yetərincə zəif olub. Güman etmirəm ki, İsveçrə kimi bir dövlət Rusiyanın forpostu olan Ermənistana təsir göstərib onu danışaqlar masası arxasında fərqli mövqe sərgiləməyə sövq və cəlb edə bilsin. Amma ATƏT-in Minsk qrupunun formatı bütün hallarda dəyişməlidir. Burada Rusiya birbaşa olaraq Ermənistana dəstək verən dövlətlərdən biridir. ABŞ isə Azərbaycanın başı üzərindən humanitar yardım adı altında birbaşa Dağlıq Qarabağın separatçı rejiminə dəstək verir. Fransa Senatının isə saxta erməni soyqırımını tanımaq barədə qərarı var. İndiyədək münaqişənin status-kvo vəziyyətindən çıxmamasının əsas səbəbi də məhz Minsk qrupunda həmsədr ölkələrinin yeritdiyi siyasətdir. Davudoğlunun açıqlamasında İsveçrə barədə söylədikləri isə Ankara ilə həmin ölkənin hazırkı münasibətlərindən irəli gəlir. Türkiyənin ATƏT-in Minsk qrupunda təsir imkanları müəyyən mənada məhduddur. Halbuki, Türkiyə ATƏT-in Minsk qrupunun üzvüdür, amma həmsədr dövlətlər sırasında təmsil olunmayıb. Bu baxımdan yəqin ki, Türkiyə danışıqlarda İsveçrəni vasitəci qismində görməklə danışıqların formatına yenilik gətirmək istəyir. İstisna deyil ki, Ankara İsveçrəni bu olaylara qatmaqla zamanında Qərbin məlum layihəsinin gercəkləşməsi üçün də addımlar atmaq istəyir. Yalnız Azərbaycan torpaqları azad olunduğu təqdirdə Ermənistanla sərhədlərin açıla biləcəyilə bağlı Davudoğlunun bəyanatı isə Bakını sakitləşdirmək üçün edilmiş mesajdır. Çünki Türkiyənin enerji təhlükəsizliyində Azərbaycanın oynadığı rol bizlərə məlumdur. Sürix protokolu məsələsi gündəmdə olanda məhz Bakının sərt və birmənlı mövqeyi Türkiyə rəsmilərini Ermənistanla münasibətləri daha fərqli bir formata gətirməyə sövq etdi. İndi Suriya olayları və bu məsələdə Ankara Qərbin maraqlarına cavab verən fikirlər səsləndirməklə görünür, Avropa Birliyinə xoş gəlməyə çalışır. İsveçrə ilə bağlı irəli sürülən təkliflər də bundan irəli gələ bilər. Amma güman etmirəm ki, Davudoğlunun bu bəyanatından sonra Ermənistan gerçəkdən işğal etdiyi torpaqlarla bağlı siyasətinə yenidən nəzər salacaq. Sadəcə olaraq, İsveçrəni irəli verməklə Türkiyə Azərbaycanla münasibətlərdə yarana biləcək müəyyən çətinliklərdən özünü sığortalamaq istəyir. Amma bu istək Türkiyənin müəyyən dairələrinə heç nə verməyəcək. Bununla danışıqlara fərqli impuls vermək mümkün olmayacaq".

Sizin Reklam Yeriniz