Əlaqə Arxiv
news Image
2013.10.22
08:41
| A A A
Kirayə bazarı böyük ucuzlaşma ərəfəsində
Bunun üçün boş mənzilləri, eləcə də qeyri-yaşayış sahələrini vergiyə cəlb etmək zəruri sayılır

Bu gün imkanlı hesab edilən şəxslərin əllərində olan vəsaitin bir hissəsini daşınmaz əmlak bazarına yatırması məlum həqiqətdir. Belə şəxslərin ixtiyarında bir neçə mənzil olur və onlar adətən kirayəyə verilir. Lakin bir neçə mənzil alan və onu istifadəsiz saxlayanların da sayı az deyil. Belə mənzillər sadəcə istifadəsiz qalıb və bəzən aylarla qapısı da açılmır. Araşdırmalar mənzil bazarında belə evlərin sayının az olmadığını deməyə əsas verir.

Daha bir maraqlı nüans alınan, lakin istifadə olunmayan torpaqlarla bağlıdır. Bəzər alınan torpağın ətrafına hasar çəkilir və o, illərlə istifadəsiz qalır. Bu sıraya istifadəsiz qalan qeyri-yaşayış sahələrini də aid etmək olar. Adətən belə yerlər də vergiyə cəlb olunmur.

Ekspertlər isə xarici təcrübəyə nəzər salaraq belə evlərin, qeyri-yaşayış sahələrinin, vergiyə cəlb olunmasını vacib sayır. Bu istiqamətdə isə xariji təxrübə kifayət qədərdir. Məsələn, İsraildə ölkədə boş qalan, yəni istifadə olunmayan yaşayış və qeyri-yaşayış sahələrinə vergilər artırılması nəzərdə tutulur. Hökumət rəsmilərinin sözlərinə görə, bu addım ölkədəki 140 min boş mənzil problemini həll edəcək. Yəni onların sahibləri vergilərin artması səbəbindən belə mənzillərin sahibləri bu obyektləri satmağa və yaxud icarəyə verməyə məcbur olacaq. Bu isə öz növbəsində bazarda mənzillərin satış və icarə qiymətlərini aşağı salacaq. Artıq Təl-Əviv şəhərinin rəhbərliyi boş qalan mənzillərə vergiləri artırıb. Təqribi hesablamalara görə, hazırda Təl-Əvivdə əmlakından istifadə etməyən təqribən 5 minə yaxın mənzil sahibi var ki, onların da əksəriyyəti xaricilərdir. Boş qalan mənzillərin sayı isə paytaxtdakı bütün mənzillərin 3%-nə çatır. Paytaxt meriyası hesab edir ki, boş qalan mənzillərə görə vergilərin artırılması həmin mənzillərin sahiblərini ya öz əmlaklarını satmağa, ya da onları icarəyə verməyə vadar edəcək.

Ekspertlər hesab edir ki, bu təcrübədən Azərbaycanda da istifadə etməklə ən azı kirayə bazarlarında qiymət ucuzlaşması yaratmaq olar. Hazırda dünyanın müxtəlif ölkələrində istifadə olunmayan əmlakın əlavə vergiyə cəlb olunması prosesi geniş vüsət almaqdadır. İsveçrədə qanuna görə, vergi təkcə mənzilə yox, həm də mənzilin başqalarına icarəyə veriləcəyi təqdirdə əldə edilə biləcək gəlirə də tətbiq olunur. Başqa sözlə, vətəndaş sahibi olduğu boş mənzilə görə iki növ vergi ödəyir. Birincisi, əmlak vergisi, ikincisi həmin mənzilin icarəyə veriləcəyi təqdirdə əldə edə biləcəyi gəlirdən gəlir vergisi. Mənzil sahibi hətta mənzili icarəyə verməsə də, onun ehtimal olunan icarə haqqına görə vergini ödəməlidir. Beləbir təcrübənin də Azərbaycanda tətbiqi daha çox sayda evin kirayəyə verilməsini şərtləndirərdi. Təbii ki, kirayə bazarına daha çox mənzil təklif edilməsi qiymətlərin də aşağı düşməsinə rəvac verərdi. Hazırda isə kirayə bazarında qiymətlər kifayət qədər yüksəkdir. Onu da bildirək ki, kirayə bazarında qiymətləndirmə mexanizmləri bir neçə prinsip əsasında aparılır. Burada əsas rol oynayan amillər evin çoxmənzilli binada yerləşməsindən və ya fərdi həyət olmasından, eləcə də ərazidən asılı olaraq dəyərləndirilir. Çoxmənzilli binalardakı evlərin qiymətləndirilməsi zamanı isə əsasən müqayisəli prinsipdən istifadə edilir. Yəni qiymətlər qonşuluqda satılan mənzillərin qiymətilə uyğunlaşdırılaraq müəyyənləşdirilir. Ekspertlərin sözlərinə görə, mənzilin yerləşmə istiqaməti, məsələn, evin pəncərələri məhəlləyə, mərkəzi küçəyə, ya dənizə açılır - bunların qiymətə təsiri var. Digər tərəfdən, onun metroya yaxınlığı, su və qazla təminatı da əsas rol oynayır. Binanın yaxınlığında ticarət obyekti, sənaye obyektinin yerləşməsi də dəyərə təsir edir.

Qeyd olunan xarici amillərlə bərabər, mənzilin daxili əlamətləri də onun qiymətinin formalaşmasına təsir edir. Daha bir mühüm nüans isə ondan ibarətdir ki, hazırda minimal tələbləər cavab verən kirayə mənzillərinin sayı azdır. Bu da kirayə mənzillərin qiymətinin artmasına təsir edən mühüm amillərdən sayılır. Halbuki, boş qalan və şəraiti yüksək olan mənzillərin bazara çıxarılması qiymətlərin formalaşmasına təsir göstərmək iqtidarındadır. Bel əmənzilləri isə vergiyə cəlb etməklə kirayə bazarına çıxarmaq əlverişli üsul sayılır.

Sizin Reklam Yeriniz