Əlaqə Arxiv
news Image
2013.10.23
08:28
| A A A
Hərbi xidmət müddəti azaldıla bilər
Aydın Mirzəzadə: “Müharibə bitdikdən, ərazi bütövlüyü təmin edildikdən sonra şübhəsiz həmin məsələ nəzərdən keçirilər” Azad İsazadə: “Hərbi sahədə islahatlar baş tutsa, sözsüz ki, xidməti müddəti da azalda bilərik”

Üzeyir Cəfərov: "Orta təhsillilər üçün hərbi xidmət müddətinin 12, ali təhsillilər üçünsə 6-9 ay arası olması vacibdir"

Elşən Mustafayev: "Əsgər 1,5 ildə qazandığı hərbi nailiyyətləri 1 ildə də mənimsəyə bilirsə, xidmət müddətinin azaldılması niyə də olmasın"

Qardaş Türkiyədə hərbi xidmət müddəti 12 aya qədər endirildi. Bu vaxta kimi isə türk əsgərləri 1 il 3 ay ərzində hərbi qulluqda olurdu. Bunun əvəzində isə müqavilə ilə hərbi xidmət keçənlərin sayı artırılır. Azərbaycanda da hərbi xidmət müddətinin aşağı salınmasının vacibliyi bir sıra ekspertlər tərəfindən dəfələrlə vurğulanıb. Lakin digərləri də bu qənaətdədir ki, ölkəmiz müharibə vəziyyətində olduğundan indiki situasiyada hərbi xidmət müddətinin azaldılması mümkün deyil.

Lakin istənilən halda Türkiyənin qeyd olunan istiqamətdə atdığı addım ölkəmiz üçün də bu məsələni bir daha gündəmə gətirdi. Görəsən, Azərbaycanda da hərbi xidmət müddətinin qısaldılmasına ehtiyac varmı?

Millət vəkili Aydın Mirzəzadə hərbi xidmət müddətinin azaldılması üçün müharibənin bitməsini məsləhət gördü: "Bu gün Azərbaycanda hərbi xidmət müddətini təəssüf ki, endirmək mümkün deyil. Azərbaycan torpaqlarının bir hissəsi Ermənistan tərəfindən işğal edilib. Bu əsasda Azərbaycana düşmən qarşısında durmaq üçün böyük bir ordu və əsgəri kontingent lazımdır. Həmçinin hər kəsin hərbi biliklərə yiyələnməsi həyati tələbdir. Hərbi xidmət müddətinin aşağı salınması ordunun güclənməsinə əngəl olar, düşmən qarşısında duruş gətirən silahlı qüvvələrin sayının azalmasına gətirib çıxara bilər. Müharibə bitdikdən, ərazi bütövlüyü təmin edildikdən sonra şübhəsiz həmin məsələ nəzərdən keçirilər".

Psixoloq Azad İsazadə isə məsələnin müsbət həllinin hərbi sahədə aparılacaq islahatlardan keçdiyini bildirdi: "Hesab edirəm ki, hərbi xidmət müddətini azalda bilərik. Amma burada söhbət təkcə rəqəmlər, ayların azaldılmasından getmir. Hərbi sahədə əsaslı islahatlar olmalıdır. Əsgərlikdə xidmət edən insanları qısa müddətdə hazırlamağın başlıca rolu islahatlardan keçir. Bu istiqamətdə islahatlar baş tutsa, sözsüz ki, xidməti müddəti də azalda bilərik. Məsələn, tələbənin ali savadlı olub-olmamasından asılı olmayaraq, xidmət müddəti 1 ilə qədər azaldıla bilər. Çağırış yaşını isə artırmalıyıq. Amma bir şərtlə ki, hərbi tədris proqramları daha mürəkkəb və müasir dövrün tələblərinə cavab verən səviyyədə olsun".

Hərbçi ekspert Üzeyir Cəfərov da xidmət müddətinin azaldılmalı olduğunu düşünür: "Türkiyədə olduğu kimi Azərbaycanda da xidmət müddəti azaldılmalıdır. Çünki 18 aylıq hərbi xidmət mənəvi və fiziki baxımdan bir qədər ağrılı prosesdir. Əhalinin demoqrafik məsələsində də inkişaf var, dinamika artımın olduğunun göstərir. Belə olanda çağırışçı ilə bağlı problem də yoxdur. Gələcəkdə hətta müqavilə əsasında xidmət edənlərin sayının artırılması məsələsi gündəmə gələcək. Ona görə də hesab edirəm ki, orta təhsillilər üçün hərbi xidmət müddətinin 12, ali təhsillilər üçünsə 6-9 ay arası olması vacibdir".

AMİP sədrinin müavini Elşən Mustafayev də ümumən xidməti müddətin aşağı salınmasının tərəfdarıdır: "Hərbi xidmətin müddətilə bağlı müxtəlif fikirlər hər zaman səslənib. Hətta Milli Ordu yaranan ilk gündən həmin istiqamətdə müxtəlif fikirlər gündəmə gəlib. Peşəkar ordunun formalaşması, hərbi yaş həddinin 18-dən 20 yaşa qaldırılması istiqamətində də təkliflər səslənir. Amma məsələ heç də orduda əsgərin neçə il xidmət etməsilə bağlı deyil. Əsas məsələ onun orduda hansı şəkildə, hansı şəraitdə və hansı biliklərlə xidmət etməsindədir. İnsanı 3-4 il də hərbi xidmətdə saxlayıb bacarıqlı hərbçi yetişdirməmək olar, eyni zamanda 1 il ərzində onu döyüş təlimlərinə tam şəkildə yiyələndirmək olar. Hər şey təlimlərin keyfiyyətindən asılıdır. Daha keyfiyyətli, daha çevik ordunun formalaşdırılmasından gedirsə, sözsüz ki, əsgəri xidmət müddətini 1 ilə qədər endirmək olar. Daha az müddətli xidmət büdcəyə də qənaət etməyə imkan verəcək. Əsgər 1,5 ildə qazandığı hərbi nailiyyətləri 1 ildə də mənimsəyə bilirsə, xidmət müddətinin azaldılması niyə də olmasın?".

Sizin Reklam Yeriniz