Əlaqə Arxiv
news Image
2013.10.23
08:35
| A A A
Şəhərətrafı ucuz avtomobil dayanacaqlarına böyük ehtiyac yaranır
Sülhəddin Gözəlov: “Duracaqların qiymətləri münasib, cəlbedici olmalıdır ki, avtomobil sahibi avtomobilini orada yerləşdirsin”

Ötən il Azərbaycana rekord sayda avtomobilin idxal olunması xüsusi ilə paytaxtın nəqliyyat sıxlığını artıran amillərdən biri kimi dəyərləndirilir. Tez-tez inşasını gördüyümüz yol ötürücüsü, tunel və körpülər isə avtomobillərin yaratdığı tıxacın aradan qaldırılmasına tam şəkildə kömək etmir.

Ölkəmizdə tıxacın azaldılması üçün hələlik daha çox infrastruktur üsuldan istifadə edilsə də, xarici praktikada iqtisadi və inzibati metodlardan da yararlanırlar. Belə ki, bəzi ölkələr şəhərin mərkəzinə giriş pullu edilirsə, başqa bir ölkədə həftənin günündən asılı olaraq avtomobil nömrəsinin cüt və ya tək olmasına görə yola çıxa bilər. İnzibati üsullardan biri də geniş yayılmış avtoduracaqların tikilməsidir. Qərb təcrübəsində belə duracaqlar şəhərin kənarlarında inşa edilir və xidmət haqqı mərkəzdə olan duracaqlardan ucuz olur. Bakı sürücüsü oxşar duracaqlardan istifadə etmir desək, yanılarıq. Amma şəhərimizdə olan duracaqlar daha çox mərkəzi hissədədir, həm qiymətləri elə də münasib deyil. İlk 15 dəqiqə pulsuz olsa da, hər növbəti dəqiqə və saat sürücüyə baha başa gəlir. Düzdür, zaman-zaman həmin duracaqlardan Bakının ətrafında tikiləcəyi barədə məlumatlar yayılır. Ancaq hələlik ehtimal olunan duracaqların inşasına belə start verilməyib. Həmsöhbətimiz, ölkədə bu işlə araşdırma aparan şəxs, Azərbaycan Texniki Universitetin "Avtomobil nəqliyyatı vasitələri" kafedrasının müdiri, texnika elmləri namizədi, dosent Sülhəddin Gözəlov bildirir ki, Bakı şəhərinin əsas 3 istiqamətində böyük avtomobil dayacaqlarının yaradılması ideyası çoxdan var: "Onun üzərində hal-hazırda işlər gedir. İstər şimal, istərsə cənub, istərsə də aeroport istiqamətində belə bir duracaqların olması Bakı şəhərinin daxilində nəqliyyatın sıxlığını tam həll etməsə də, müəyyən qədər yüngülləşdirə bilər. Lakin bu günə qədər bu məsələnin reallaşmamasının müəyyən obyektiv səbəbləri var. Əvvəla, belə bir duracaqlar yaradılacaqsa, onların həcmi məsələsi gündəmə gəlir. Fikirləşirdik ki, Bakının şimal tərəfində 7 minə yaxın maşın üçün duracaq yaratmaq olar. "Avtovağzal" metro stansiyası layihələnəndə onun ətrafındakı yerlərə müəyyən baxış keçirmişdik. Orada çoxmərtəbəli duracaqların yaradılması mümkün olan bir işdir. Eyni zamanda, Bakıya cənub istiqamətdən girişdə - "Sədərək", "Binə" ticarət mərkəzlərinə yaxın bir yerdə də yaratmaq olar. Üçüncüsü, aeroport istiqamətdən - "Koroğlu" metrostansiyası yaxınlığında da duracaq tikmək mümkündür. Amma bu duracaqlar yarandıqda onların qiymətləri münasib, cəlbedici olmalıdır ki, avtomobil sahibi avtomobilini orada yerləşdirsin. İctimai nəqliyyat yaxşı işləməlidir ki, rahat şəkildə duracaqdan şəhərin istədiyi yerə hərəkət etmək imkanı olsun. Eyni zamanda, duracaqdakı qiymətlə ictimai nəqliyyata xərclədiyi vəsaitin fərqi az olmalıdır. Avtomobil sahibi ictimai nəqliyyata bir az artıq pul xərcləyəcək, amma onun əsəbdən, gərginlikdən, avtomobilinin qəzaya uğramasında sığortaları olacaq. Yəni, həmin insan göstərilən təhlükələrdən təmin olunur. Bütün bu nisbətlər elə bir şəkildə olmalıdır ki, duracaqlar öz səmərəsini versin. Bu səbəblərdən həmin məsələ hələ tam reallaşmayıb. Ancaq artıq Bakıda nəqliyyat sıxlığı elə bir həddə çatıb ki, regionlardan gələn avtomobillər həmin duracaqlarda dursalar, böyük səmərə əldə etmiş olarıq. Çünki, regiondan gələn avtomobil sahiblərinin böyük bir qismi Bakı şəhərinin küçələrini yaxşı tanımır. Həm də onlarda şəhər şəraitində avtomobil idarəetmə vərdişləri bir o qədər yüksək deyil. Tanınmamazlıq və şəhər mühitində yüksək nəqliyyat sıxlığında nəqliyyatı idarə etmək problemləri ilə qarşılaşanda naşılıq, yaranmış problemi daha da dərinləşdirir. Sürücü gedəcək yolunu düzgün seçmədikdə əlavə küçəni hərəkət etmiş olur. Yəni, həmin küçədə əlavə avtomobil, sıxlıq yaranır. İkincisi də manevretmə qabiliyyətləri adekvat olmadığından bu da bir sıxlıq yaradır. Amma duracaqlar olsa, şəhəri yaxşı tanımayan, şəhərdə yaxşı maşın sürə bilməyən sürücülərin problemləri aradan qalxmış olacaq".

Ekspertin sözlərinə görə, dayanacaqlardan məcburi istifadə etmək müəyyən qədər düzgün olmazdı: "Çünki, bazar iqtisadiyyatı şəraitində duracaqlar pulludursa, məcbur etmək bazar iqtisadiyyatının prinsiplərinə uyğun olmazdı. İqtisadi cəhətdən sürücü üçün cəlbedici olmalıdır. Amma bir sıra hallarda - diferensiallaşmış şəkildə məcburiyyətə əl atmaq zərurəti meydana çıxa bilər. Bu, ən azından avtomobilin istehsalı ilə bağlı ola bilər. Yaxud da müəyyən markalar üzrə bunu etmək olar. Hansı ki, o avtomobillərin aqreqatı, mühərriki sıx hərəkət şəraitinə uyğun gəlmir".

Sizin Reklam Yeriniz