Əlaqə Arxiv
news Image
2013.10.24
08:17
| A A A
Lombardlar Mərkəzi Bankın nəzarətinə verilə bilər
Yusif Vəliyev: “Lombardlar Mərkəzi Bankın nəzarəti altına keçsə, onların verdiyi faiz dərəcələri azala bilər” Rəşad Həsənov: “Lombardların Mərkəzi Bankın nəzarətinə verilməsi üçün ilk növbədə qanunvericilik formalaşdırılmalıdır”

Rusiya Dövlət Duması lombard fəaliyyətində istehlakçıların hüquqlarının qorunması istiqamətində növbəti addım atmağa hazırlaşır. Təklif olunur ki, artıq bundan sonra Federasiya ərazisindəki lombardların fəaliyyətinə Rusiya Mərkəzi Bankı tərəfindən nəzarət edilsin. Ölkəmizdə də kifayət qədər lombardın olduğunu nəzərə alsaq, oxşar praktikanın bizdə tətbiq edilməsi aktuallaşır.

Hazırda Azərbaycanda nə lombardlara qoyulan qiymətli əşyaların və digər vasitələrin sığortalanması həyata keçrilmir, eyni zamanda bu qurumların verdikləri kreditin faiz dərəcəsi də yüksəkdir. Amma məsələyə münasibətdə mütəxəssislərin fikri tam fərqlidir.

İqtisadçı-ekspert Yusif Vəliyevin fikrincə, lombardlar Mərkəzi Bankın nəzarəti altına keçsə, onların verdiyi faiz dərəcələri azala bilər: "Lombardların verdiyi kreditlərin faiz dərəsi banklara nisbətən 2 dəfə çoxdur. Düzdür, lombardların üstünlüyü ondan ibarətdir ki, təcili pul lazım olarsa, vətəndaş oradan yararlana bilir. Çünki, bankda tez bir zamanda sənədlərinin hazırlanması, bankın kredit verib-verməyəcəyi, ora sərf olunacaq müddəti məsələsi var. Lombardda isə hansısa əşyanı girov qoyub pul götürmək olur. Lakin lombardın mənfi tərəfi ondan ibarətdir ki, burada qoyulan girovun çox az miqdarında pul götürülür. Məsələn, hansısa evi banka kredit qoyduqda, onun dəyərinin 70%-i miqdarında kredit almaq mümkündür. Amma lombardda isə bu məbləğ 25-30% olur. Bunu ödəyə bilmədikdə isə böyük bir mülk itirilməklə üzləşir. Yaxud da bu prosesi əldə olan hansısa əşyanın dəyərsiz bir qiymətə satılması kimi dəyərləndirmək olar. Bu, lombardların özlərini risklərdən qorunmaq üçün istifadə qaydasıdır. Ona görə də bunların hamısına Azərbaycanda Mərkəzi Bank tərəfindən nəzarət mexanizminə ehtiyac var".

Ekspert bildridi ki, onsuz da bu gün lombardlarda faiz dərəcələri kifayət qədər yüksəkdir: "Banklarla müqayisədə lombardların faiz dərəcələri iki dəfə çoxdur, amma onlar az miqdarda pul verir. Bunun da əsas səbəblərindən biri, lombardların özləri tərəfindən maliyyələşməsi və özlərini risklərdən qorumasıdır. Əslində, təcili olaraq kredit verən qurumun bank və bank olmayan kredit təşkilatlarına nisbətən yüksək faiz dərəcələri ilə işləməsi normal qarşılana bilər. Amma ölkəmizdə bu faizlər olduqca çoxdur. Lombardlar Mərkəzi Bankın nəzarətinə keçdikdən sonra onların risklərdən qorunacaq. Ona görə də onların faiz dərəcələrinin aşağı düşməsinə səbəb ola bilər"

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov bildirir ki, əgər Mərkəzi Bank lombardların tətbiq etdiyi faizlərdə müəyyən limitlər müəyyən edərsə, vətəndaşların xeyrinə hansısa addımlar ata bilərsə, bunu müsbət addım kimi qiymətləndirmək olar: "Amma əgər onların faizlərinin müəyyənləşməsində Mərkəzi Bank heç bir rol oynaya bilməyəcəksə, lombardlar üçün əlavə xərclərə yol aça bilər. Belə olanda da lombardların tətbiq etdiyi faizlər yüksələ bilər".

Ekspert bildirdi ki, lombardların Mərkəzi Bankın nəzarətinə verilməsi üçün ilk növbədə qanunvericilik formalaşdırılmaldır: "Bundan sonra hansı şərtlərlə nəzarətə verilməsi bəlli olacaq. Çox ehtimal ki, lombardlar Mərkəzi Bankın nəzarətinə verilərsə, faiz dərəcələri yüksələcək. Çünki, lombardlara müəyyən rüsumlar tətbiq olunmağa başlanacaq. Faktiki lombardların dövriyyəsi o qədər geniş olmadığına görə onların xərclərinin artmasına yol açacaq. Nəticədə də məcburən öz faiz dərəcələrini yüksəldəcəklər".

Ekspert bildirdi ki, lombard riskli fəaliyyətdir: "Amma hazırda Azərbaycanda lombardlar öz fəaliyyətlərini kifayət qədər sığortalayıblar. Çünki, girovun çox az hissəsi qədər pul verirlər. Amma lombardlar faiz dərəcələrini azalda bilərlər. Sadəcə bunu istəmirlər. Əgər faizlərini azaldarlarsa, çevrilib kredit təşkilatları olarlar. Onda geniş spektrda fəaliyyət göstərə bilərlər. Amma bunlar bu gün daha az xərclə, daha primitiv idarəetmə metodu ilə faktiki yüksək gəlirlər əldə edirlər.Ona görə də çətin məsələdir ki, lombardlar faizlərini aşağı salsınlar".

Sizin Reklam Yeriniz