Əlaqə Arxiv
news Image
2013.10.24
08:23
| A A A
Qeyri-azərbaycanlı miqrantların Rusiyadan Azərbaycana axını gözlənir
Azər Allahverənov: “Çox sayda qeyri-azərbaycanlı miqrantın ölkəmizə gəlişi istər-istəməz əmək bazarında böyük gərginliyə səbəb ola bilər”

Rusiya hökuməti miqrantlara qarşı müxtəlif yeni tədbirlərə əl atmaqda davam edir. Artıq Moskvada qanunsuz yaşayan şəxsləri kirayənişin olaraq saxlayan vətəndaşların iri məbləğdə cərimələnməsi prosesinə də başlanılıb. Oktyabrın 20-dən Moskva milisi paytaxtın bütün rayonlarında reydlər keçirərək kirayə mənzillərdə qalan şəxslərin sənədlərini yoxlayır.

Yerli qanunlara görə, evində Rusiyada yaşamaq hüququ olmayan şəxsləri saxlayanlar kirayə haqqının 20 faizi qədər cərimə olunurlar. Reydlər zamanı MDB ölkələrindən gələn və Moskvada heç bir sənəd əldə etmədən yaşayan minlərlə şəxsin aşkar edilməsi haqqında xəbər var. Ev sahiblərini cərimələməklə yanaşı milis sənədi olmayan şəxslərə Rusiyanı tərk etmək üçün 72 saat vaxt verir. Aparılan bu proses ondan xəbər verir ki, Rusiyada daha az miqrant yaşamaq hüququ ala biləcək. Hətta qanunlar işəgötürənlərin qarşısında bu məsələ ilə bağlı xüsusi baryerlər qoyub.

Onu da vurğulayaq ki, hazırda Rusiya ərazisində 9-11,5 milyona yaxın miqrantın olduğu bildirilir. Onlar arasında azərbaycanlılar da var. Baş verənlər bu qənaətə gəlməyə əsas verir ki, Rusiya ölkəsindəki miqrantların sayını minimuma endirməyi düşünür. Belə olan halda isə həmin miqrant ordusu ölkələrinə geri dönmək məcburiyyətində qalacaq. Ya da onların bir hissəsi iş əldə etmək üçün bu dəfə başqa ölkəni seçməli olacaqlar. Azərbaycanlı miqrantlara gəldikdə onların böyük hissəsinin Vətənə qayıdacağı gözlənilir. Azərbaycanda son illər həyata keçirilən geniş quruculuq işləri, ölkədə baş verən inkişaf soydaşlarımızın rahat şəkildə Vətənlərinə qayıdaraq burada işlə təmin olunmalarına da imkan verir. Yəni iş yeri tapmaqla bağlı Rusiyadan deportasiya edilə biləcək soydaşlarımızın burada hər hansı problemlərlə qarşılaşacağı hazırkı inkişaf fonunda inandırıcı görünmür. Hətta o da gözlənir ki, Rusiyadan deportasiya olunan qeyri-azərbaycanlı miqrantların bir hissəsi də iş dalınca Azərbaycana təşrif buyursun. Hazırda rəsmi məlumatlara görə, Azərbaycanda 400 minə qədər miqrant var. Görəsən, Rusiyada baş verən son hadisələr fonunda həmin qeyri-azərbaycanlı miqrantların da bir qisminin Azərbaycana üz tutmaları gözləniləndirmi?

Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov bu amilin gözlənilən olduğunu düşünür: "Rusiyanın miqrasiya siyasətini sərtləşdirməsi bütövlükdə ona gətirib çıxara bilər ki, burada əmək fəaliyyətilə məşğul olan azərbaycanlı və digər millətlərin nümayəndələrinin sayı azalacaq. Bu sərt tədbirlərlə üzləşən soydaşlarımızın bir qismi Vətənlərinə qayıdacaq. Amma düşünürəm ki, onların böyük qismi başqa qonşu ölkələrə, Ukraynaya, Belarusa üz tutacaq. Rusiyadakı azərbaycanlıların böyük hissəsi bildiyimiz kimi heç bir yerdə qeydiyyata düşmədən yaşayır və buradakı bizneslərini də kənardan idarə edirlər. Rusiyanın sərt siyasətinin əsasında bu meyara qarşı mübarizə də nəzərdə tutulduğu halda təbii ki, onlar da öz bizneslərini itirəcək. Nəticədə onların da bir qismi Vətənə qayıtmalı olacaq və ya başqa ölkələrə üz tutacaqlar. Sərt siyasətə tuş gələcək qeyri-azərbaycanlı miqrantların iş dalınca Azərbaycana üz tutma ehtimalına gəldikdə, bu da gözləniləndir. Bu proses də təxmin edilə bilər. Bir neçə il öncə Rusiyada çinli miqrantlarla bağlı çox sərt siyasət həyata keçirildi. Belədə Rusiya öz ərazisində, xüsusən də Moskva və Sankt-Peterburqdan çinlilərin müəyyən hissəsinin sıxışdırılmasına nail oldu. Bu fonda həmin çinlilər də qonşu ölkələrə üz tutdu. Ona görə də 3-4 il əvvəl ölkəmizə gələn miqrant çinlilərin sayı da kəskin artmışdı. Rusiyanın cənub bölgələrindən sıxışdırılan həmin çinlilər Azərbaycanla yanaşı, Gürcüstan, hətta Ermənistana belə üz tutmuşdu. Onlar vəziyyət harada iqtisadi cəhətdən yaxşıdırsa, ora da üz tuturdular. Belədə də Azərbaycana gələn çinlilərin sayı kifayət qədər çoxalmışdı. Bu amil onu göstərir ki, hazırki situasiyada da Rusiyadakı sərt siyasətdən ziyan çəkən qeyri-azərbaycanlı miqrantlar da öz ölkələrinə qayıtmaqla yanaşı, iqtisadi cəhətdən inkişaf etmiş qonşu dövlətlərə də üz tuta bilərlər. Azərbaycanda son illər miqrantların sayı sürətlə artır. Ölkədə keçirilən iqtisadi layihələr, möhtəşəm tədbirlərin nəticəsi olaraq böyük tikinti meydançaları da yaradılmaqdadır. Bu iş prosesində miqrantların da xidmətindən istifadə olunur. Amma hər şey Rusiyada miqrantlara münasibətdə hansı sərt siyasətin həyata keçirilməsindən asılıdır. Ondan irəli gələrək ölkəmizə istər azərbaycanlı, istərsə də qeyri-azərbaycanlı miqrantların gəlməsini proqnozlaşdıra bilərik. Çox sayda qeyri-azərbaycanlı miqrantın ölkəmizə gəlişi istər-istəməz əmək bazarında böyük gərginliyə səbəb ola bilər. İstər-istəməz bura üz tutan insanlar hətta aşağı məvacibdə belə çalışmağa çalışacaq. Bu da yerli əmək bazarında işsizliyə səbəb ola bilən hala çevrilər bilər. Azərbaycanda əmək kvotası deyilən bir alətdən istifadə olunur. İldən-ilə bu kvotanın həcmi də artırılır. Əvvəllər bu rəqəm 7-8 min civarında idisə indi 12-13 min miqrant kvotası qoyulub. Amma bunlar rəsmi şəkildə əmək fəaliyyətilə məşğul olanlardır. Çoxsaylı əcnəbi miqrant heç yerdə qeydiyyata düşmədən ticarət sahəsində çalışır. Rusiya ərazisində inşaat sahəsindən sıxışdırılan həmin miqrantlar Azərbaycana gəlməklə burada əmək bazarında müəyyən gərginliyin yaranmasına səbəb olacaqlar. Ticarətlə məşğul olanların gəlməsi isə həmin sahədə rəqabəti gücləndirəcək. Azərbaycan bu əsasda elə bir balanslaşdırılmış siyasət həyata keçirməlidir ki, kortəbii axın olduqda belə iqtisadiyatın lazımi sahələri üzrə miqrantların bilik və bacarıqlarından yararlanmaq məsələsi gündəmdə olsun. Biz də miqrantlara münasibətdə müəyyən korrektlər həyata keçirməliyik k, o da rentabelli siyasətin həyata keçirilməsinə gətirib çıxarmalıdır".

Sizin Reklam Yeriniz