Əlaqə Arxiv
news Image
2013.10.25
08:10
| A A A
Azərbaycana qarşı növbəti ikili standartlar qərəzi
Avropa Parlamenti seçkiləri izləyən müşahidə missiyasının rəhbəri Pino Arlakkinin fikirlərini heçə saydı

Yeni müstəqillik tarixində Azərbaycanın üzləşdiyi ən böyük problemlərdən biri də ikili standartlarla bağlı olub. Təəssüf ki, sözügedən problem hələ də davam etməkdədir. Özü də belə ikili standartlar daim demokratiyadan dəm vuran Qərb dünyasında özünü qabarıq formada büruzə verir.

Xüsusən də bu gün Avropanın Azərbaycanda demokratiya ilə bağlı iradları olduqca gülünc görünür. İlk növbədə ona görə ki, Avropa ölkələrində baş verən hadisələri təhlil etsək, orada insan hüquq və azadlıqlarının pozulması ilə bağlı yüzlərlə faktları ortaya qoymaq olar. İndi Avropanın özündə xeyli sayda insanların öz sosial hüquqları uğrunda apardığı mübarizənin zorakılıqla dağıdıldığını müşahidə etmək olar. Bundan başqa Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı beynəlxalq təşkilatlarda ikili standartlar mövcuddur.

Növbəti belə ikili standart Avropa Parlamentində özünü göstərdi. Elə bunun da nəticəsi olaraq Azərbaycan nümayəndə heyəti Avronest Parlament Assambleyasındakı fəaliyyətini dayandırdı. Qeyd edək ki, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, deputat Elxan Süleymanov Avropa Parlamentinin prezidenti, ATƏT-in fəaliyyətdə olan sədri, Avropa Şurası Parlament Assambleyasının prezidenti, ATƏT Parlament Assambleyasının prezidenti, Avronest Parlament Assambleyasının həmprezidentləri, Prezidentlər Konfransı və Avropa Parlamentinin üzvlərinə müraciət edib.

Müraciətdə deyilir ki, sentyabr ayının əvvəllərində Avropa Parlamenti Azərbaycana 9 oktyabr seçkisini müşahidə missiyası göndərməyə qərar verib, Yaşıllar Partiyası istisna olmaqla bütün qruplar və siyasi fraksiyaların təmsil olunduğu müşahidə missiyası formalaşıb: "Görünür, formalaşan müşahidə missiyasının nüfuzunu görən Avropa Parlamenti Azərbaycana qarşı olan mənfur, gizli təxribat planını müşahidə missiyası üzvlərinə deməkdən çəkinib və seçkinin nəticələrini gözləyib. Seçkinin nəticələri hamıya bəllidir və mən Azərbaycandakı prezident seçkisini müşahidə edən Avropa Parlamentinin rəsmi müşahidə missiyasının qiymətləndirmə bəyanatından sitat gətirirəm: "Biz Azərbaycana dərs verməyə gəlməmişik, demokratiyanın prinsiplərini və seçkiləri müşahidə etməyə gəlmişik. Seçki azad, şəffaf, ədalətli və demokratiyaya doğru irəliləyişlə, ATƏT və Avropa Şurasının standartlarına uyğun keçirilib".

Görünür, müşahidə missiyasının bu müsbət qiymətləndirmələrini görən Azadlıq və Vəhdət evinin rəhbərliyi bərk qəzəblənib və Avropa Parlamentinin qətnamə layihəsinə 32-ci bənd olaraq əlavə qəbul edərək seçkinin ATƏT standartlarına uyğun olmaması və ATƏT-in tələblərinin yerinə yetirilməməsi iddialarını həmin bəndə daxil edib.

Avropa Parlamentinin seçki müşahidə missiyasının qiymətləndirməsinə məhəl qoymadan ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosuna istinad edilməsinə təkidli çağırış Azərbaycana qarşı təxribat və iğtişaş planlarının bir hissəsidir. Görünür, onlar seçkilərin müsbət qiymətləndirilməsindən sonra təxribat planlarının baş tutmamasından və Azərbaycanı Liviya və Suriyaya çevirə bilmədiklərindən çox məyus olublar. Belə bir ədalətsizliyi müstəqil ölkəyə tətbiq etmək öz müşahidə missiyasının rəyini nəzərə almadan sifarişli və qərəzli qurum olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosuna söykənərək böhtanlar atmaq sizlərin sovet diktaturası adlandırdığınız rejimdə belə olmayıb. Azərbaycan nümayəndə heyəti Avropa Parlamentinin öz müşahidə missiyasının nüfuzuna ciddi zərbə vuran, təxribat və iğtişaşlara sövq edən 23 oktyabr 2013-cü il tarixli qətnaməsinin 32-ci bəndini qətiyyətlə rədd edir və araşdırmalar aparılıb müvafiq tədbirlər görülməyənə qədər bu qurumun yaratdığı Avronest Parlament Assambleyasında fəaliyyətini dayandırmaq məcburiyyətində qalır".

Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Mübariz Qurbanlı Avropa Parlamentinin oktyabrın 23-də qəbul etdiyi qətnamənin Azərbaycanla bağlı hissəsinə münasibət bildirib. O, "Azadlıq" radiosuna açıqlamasında deyib ki, Azərbaycanın Avropa Parlamenti qarşısında heç bir öhdəliyi yoxdur: "Azərbaycan Avropa Parlamentinin üzvü deyil. Bu təşkilatın yaydığı sənədlər deklarasiya xarakteri daşıyır. Bu qurum qarşısında hansısa öhdəliyimiz olmadığına görə yaydığı fikirlər həmin təşkilatın elə özünə aid olur".

Mübariz Qurbanlı qeyd edib ki, Avropa Parlamenti 9 oktyabr seçkisini təşkilat olaraq rəsmi qaydada izləməyib: "Avropa Parlamentindən Azərbaycanda nümayəndələr olub, onların rəsmi açıqlamaları var var. İndi isə hansısa başqa qurumun yaydığı sənədə istinad edilir. Belə təşkilatlarda bu cür ikili yanaşma çox görmüşük. Görünür, burda kiminsə hansısa maraqları var".

Avropa Parlamenti oktyabrın 23-də Avropa Qonşuluq Siyasəti üzrə qətnamə qəbul edib. Sənədin Azərbaycanda oktyabrın 9-da keçirilmiş prezident seçkisinə aid hissəsində ATƏT-in uzunmüddətli seçki missiyasının nəticələrinə istinad edilib. Halbuki, Avropa Parlamentinin müşahidə missiyası bildirmişdi ki, Azərbaycanda seçki prosesi azad, ədalətli və şəffaf keçirilib. Avropa Parlamentinin müşahidə missiyasının rəhbəri Pino Arlakki dinc seçki münasibətilə Azərbaycan xalqını təbrik edib: "Biz sizə dərs keçmək üçün deyil, seçkini müşahidə etmək məqsədilə bura gəlmişik. Bizim müşahidəmizə görə, seçki dinc atmosferdə keçdi. Biz seçicilərə hər hansı təzyiq faktını müşahidə etmədik".

Sizin Reklam Yeriniz