Əlaqə Arxiv
news Image
2013.10.25
08:19
| A A A
Yeni Qarabağ müharibəsi erməniləri bərk qorxuya salıb
Üzeyir Cəfərov: “Ermənilər də gözəl bilirlər ki, bir gün etdikləri özbaşnalıqlara görə cavab verməli olacaqlar” Natiq Miri: “Bu cür müharibə olduğu təqdirdə, Ermənistanın nə qədər zəif olduğu üzə çıxacaq”

Azərbaycanda hərbi sahədə struktur islahatı Ermənistanda böyük ajiotaj yaradıb. Artıq düşmən qonşumuzda bu kadr dəyişikliyinin müharibə riskini artırmasına dair şərhlər verilir. Məsələn, Qlobalizasiya və Regional Əməkdaşlıq üzrə Analitik Mərkəzinin rəhbəri Stepan Qriqoryan bildirib ki, ordu qarşısında yeni tapşırıqlar qoyuluşu ola bilər. Onun fikrincə, ordu qarşısına qoyulan yeni tapşırıqlar Qarabağ münaqişəsinin həlli istiqamətində "güc tətbiq etmək" variantını da nəzərdə tutur. Siyasi təhlilçilər arasında ən çox qorxan isə Riçard Kirakosyan olub.

O bildirib ki, Azərbaycanda müdafiə naziri postunda səfər Əbiyevin Zakir Həsənovla əvəzlənməsi Qarabağda müharibə riskini 3 qat artırıb.

Yerli mütəxəssislər isə erməni politoloqlarının bu cür çıxışlarını məntiqdən kənar olduğunu iddia edirlər. Ekspertlərin sözlərinə görə, müharibənin başlaması nazirin dəyişməsindən daha çox, başqa səbəblərdən asılıdır. Hərbçi ekspert Üzeyir Cəfərov bildirir ki, əslində, erməni sayıqlamasına reaksiya vermək düzgün olmazdı: "Amma erməni qat-qat artıq cəza almalıdır. Bunlar çox proqnoz verə bilərlər. Amma indilikdə müharibə olası deyil. Regionda marağıolan böyük dövlətlər də müharibənin olmasını istəmirlər. Çünki onların iqtisadi maraqları məhv ola bilər. Əslində, müharibə Azərbaycanın BMT tərəfindən tanınan haqqıdır. Avropa Parlamenti də Dağlıq Qarabağla bağlı qətnamə qəbul etdi. Qeyri-şərtsiz olaraq Ermənistanın işğal altında olan əraziləri tərk etməsini tələb edib. Ancaq düzdür, beynəlxalq qurumlar tərəfindən belə pronozlar çox olub. Azərbaycanı sanki aldatmaqla vaxt udurlar, işğalçıya bəraət verirlər. Niyə həmin beynəlxalq qurumlar Ermənistanın ağzından "vurmurlar" ki, dünya ilə dünyalıq etmə! Sadəcə, icra mexanizmi yoxdur. Erməni də öz istədiklərini edir. Erməni politoloqları çox zaman bu cür sayıqlamalarla çıxış ediblər.

1994-cü ildə mayın 12-də atəşkəs haqqında saziş imzalanıb. Ermənilər də gözəl bilirlər ki, bir gün etdikləri özbaşnalıqlara görə cavab verməli olacaqlar".

Politoloq Natiq Miri qeyd edir ki, Riçard Kirakosyanın proqnozlarından asılı olamayaraq, müharibə ehtimalı həmişə var: "Bilirik ki, tez - tez cəbhə xəttində Ermənistan tərəfindən atəşkəs pozulur. Digər tərəfdən, bu təhlükənin olmaması Ermənistanın gələcək davranışından asılıdır. Çünki, 20 ildir ki, torpaqlarımız işğal altındadır. Sülh danışıqlarında da heç bir müsbət irəliləyiş yoxdur. Ermənistan bu danışıqlarda konstruktiv mövqe göstərmir. Güzəştə getmək fikrində olmadığını nümayiş etdirir. Sülh danışıqları potensialı tükəndiyi təqdirdə müharibə təbii ki, böyük ehtimal olaraq ortaya çıxacaq. Çünki, Ermənistan Azərbaycan üçün alternativ variant qoymur. Ona görə də bu, müdafiə nazirinin dəyişməsindən asılı olan məsələ deyil. Bu, Azərbaycan dövlətinin mövqeyidir. Yəni, sülh danışıqları potensialı olana qədər proses davam etdiriləcək. Amma bilinəndə ki, artıq Ermənistanla danışıqlara getməyin xeyri yoxdur, onda alternativ - müharibə variantı ortaya çıxacaq. Müharibə qan deməkdir. Azərbaycan ordusu da dəfələrlə Ermənistan ordusundan güclüdür. Bu cür müharibə olduğu təqdirdə Ermənistanın nə qədər zəif olduğu üzə çıxacaq. Müharibə, bötüvlükdə Ermənistanın çökməsinə gətirəcək faciə olacaq. Çünki, Ermənistan iqtisadi cəhətdən ağır durumdadır. Həmin anlarda Ermənistanın havadarları ona kömək edəcəkmi? Etməyəcək. Müəyyən təxribat köməkləri edə bilərlər. Amma bu, Ermənistan cəmiyyətinin qarnını doydurmayacaq. Əksinə, Dağlıq Qarabağda olan ermənilərin bütövlükdə həmin ərazilərdən qaçmasına rəvac verəcək. Ona görə Kirakosyan birinci nöbvədə Ermənistanın belə faicəvi taleyindən narahat olsun. Çünki, müharibə olduğu təqdirdə Azərbaycan cəmiyyətinin ayaq üstündə durmaqda gücü var. Ən azından ədalətin bərpası üçün ermənidən fərqli olaraq hər an ölməyə hazırdır. Ancaq bu müharibədə hərbi xunta olan Qabağ klanı üçün erməni buna hazırdırmı? Çünki, gedən proseslər göstərir ki, artıq Ermənistan vətəndaşları getdikcə Qarabağ planından daha çox narazı olmağa başlayıblar. Hətta ictimaiyyətdə sərhədlərin açılması istiqamətində fikirlər formalaşıb. Ona görə də politoloqlar Ermənistanın bu acınacaqlı durumuna təhlil versə, yaxşı olar. Azərbaycanda müdafiə nazirinin dəyişməsi normal bir haldır. Kirakosyan tez-tez bu cür fərziyyələrlə çıxış edir. Bu da onun növbəti sərsəm açıqlamalarından biridir".

Sizin Reklam Yeriniz