Əlaqə Arxiv
news Image
2013.10.29
07:26
| A A A
Daha çox gənc ailə mənzil sahibinə çevrilə bilər
Türkiyə, Rusiya, Ukrayna təcrübələrinə nəzər salan ekspertlər Azərbaycanda da anoloji yanaşmalardan istifadəni zəruri sayırlar

Cəmiyyətdə hələ də aktuallığını qoruyan məsələlərdən biri gənc ailələrin mənzil təminatı ilə bağlıdır. Qeyd olunan istiqamətdə müəyyən addımlar atılsa da hələlik istənilən nəticə əldə olunmayıb. Mövcud ipoteka şərtləri isə heç də gənc ailələrin hamısına mənzil sahibi olmaq imkanı vermir. Düzdür, ipoteka şərtlərinin tezliklə dəyişdirilərək yüngülləşdiriləcəyinə dair məlumatlar verilir. Lakin bunun nə zaman reallaşacağı dəqiq məlum deyil.

Əksər mütəxəssislər isə hesab edir ki, gənc ailələrin mənzil probleminin çözümü üçün məqbul sayılan xarici təcrübələrdən istifadə olunmalıdır. Bu təcrübələrin tətbiqi ümumiyyətlə, daha çox insana ev sahibi olmaq imkanı qazandırır. Məsələn, Türkiyədə gerçəkləşdirilən TOKİ (Toplu Bina İdarəsi Nazirliyi) layihəsi çərçivəsində çox ucuz mənzillər inşa edilir və uzun müddətli faizsiz kreditə verilir. 2023-cü ilə kimi Türkiyədə 1 milyona yaxın belə mənzil inşa ediləcək. Adətən 25-30 ilə kreditə verilən bu mənzillərdə aylıq ödəniş 70-100 dollar təşkil edir. Ödəniş başa çatdıqdan sonra isə ev xüsusi mülkiyyətə keçir. Artıq Türkiyədə gənc ailələrə 520 mindən çox mənzil təqdim olunub. Qeyd edək ki, Türkiyədə Baş nazirin dəstəyi ilə dövlətə məxsus Toplu Evlər İdarəsi tərəfindən gənc ailələrə ilkin ödənişsiz, faiz dərəcəsi olmadan 25 illik mənzillər təqdim olunur. Artıq Türkiyədə gənc ailələrə 520 mindən çox mənzil təqdim olunub. Onu da bildirək ki, TOKİ Türkiyə Baş Nazirliyinə tabedir.

Digər qonşumuz Rusiyada isə dövlət üzvlərinin yaşı 35-i keçməyən yeni ailələrə mənzil almaq üçün birbaşa maliyyə yardımı edir. Uşağı olmayan gənc ailə üçün 42 kvadrat metr mənzil nəzərdə tutulur və dövlət həmin mənzilin qiymətinin 30 faizini ödəyir. Ailədə uşaq olduqda isə maliyyə yardımı 35 faizə qalxır. Ailə üzvlərinin sayı 2-dən yuxarı olanda adambaşına 18 kvadratmetr mənzil nəzərdə tutulur və qiymət hesablanması tikinti şirkətinin smetası əsasında həyata keçirilir. Tikinti üçün ərazini dövlət təmin etdiyindən mənzillər ucuz başa gəlir. Gənc ailələr qalan məbləği 3-7%-lik ipoteka krediti kimi də rəsmiləşdirə bilərlər.

Ukraynada da üzvlərinin yaşı 30-a qədər olan gənc ailələr üçün xüsusi ucuz evlr tikilir. 2013-cü ilin birinci yarısında bu ölkədə 2500-ə yaxın gənc ailə mənzillə təmin edilib. Gənc ailələrdən ilkin ödəniş tələb edilmir və kredit illik 3%-lə 30 il müddətinə ipoteka kimi rəsmiləşdirilir. Kreditlər tənha vətəndaşlara, gənc və natamam ailələrə verilir. Burada güzəşt sistemi də var. Əgər ailədə 1 uşaq varsa, o, faizlərdən azad edilir. 2 uşağı olan ailələr əsas məbləğin 25%-dən qurtulmaq imkanı yaradılır. 3 və daha artıq uşağın olması ailəyə kreditin 50%-dən azad olmağa imkan verir.

Bundan əvvəl isə ölkəmizdə gənclər üçün ilkin ödənişsiz və 0,5% dərəcəli ipoteka kreditləri veriləcəyi bildirildi. Lakin sonradan bu məsələ unudldu. İndi isə belə məlumatlar dolaşır ki, Azərbaycanda gənclər üçün mənzil kooperativlərinin yaradılması layihəsi hazırlanır. Məlumata görə, gənclər üçün mənzillərin tikilməsi layihəsi Türkiyənin təcrübəsindən istifadə olunaraq hazırlanır. Layihəyə əsasən, çoxmənzilli binalar dövlət hesabına tikilərək gənclərə ilkin ödənişsiz, faiz dərəcəsi olmadan, bir növ kirayə verilir. Lakin müəyyən müddət keçdikdən sonra həmin mənzillər şəxsin mülkiyyətinə keçir. Layihənin məqsədi aşağı və orta gəlirli vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılmasından ibarətdir. Ekspertlər prosesin tezləşməsini vacib sayırlar. Çünki indiki ipoteka şərtləri qeyd olunduuğ kimi daha çox insanın mənzil sahibi olmasına imkan vermir.

Xatırladaq ki, hazırda Azərbaycanda verilən ipoteka kreditlərinin şərtlərinə görə, adi ipotekanın verilməsinin maksimum həddi 50 min manat təşkil edir və səkkiz faiz dərəcəsi ilə 25 il müddətinə verilir. Sosial ipoteka 50 min manat təşkil edir və dörd faiz dərəcəsi ilə 30 il müddətinə verilir. Güzəştli kreditlər üçün ilkin ödəniş 15 faiz, adi kreditlər üçün isə 20 faiz təşkil edir. Kreditlər milli valyutada - manatla və yalnız Azərbaycan vətəndaşlarına verilməlidir, ipotekanın predmeti yalnız mənzil və şəxsi evlər ola bilər, ipoteka kreditinin məbləği ipoteka üçün girov qoyulan daşınmaz əmlakın bazar qiymətinin 80 faizini, kreditə görə aylıq ödəniş borcalanın aylıq gəlirinin 70 faizini ötməməlidir. Güzəştli şərtlər şəhid, milli qəhrəmanlar və məcburi köçkün ailələrinin üzvlərinə, ən azı üç il iş təcrübəsi olan dövlət qulluqçularına, elmlər namizədləri və doktorluq dərəcəsi olanlara, idman sahəsində xüsusi xidmətləri olan şəxslərə, həmçinin maksimum üç il xidmət stajı olan hərbçilərə şamil edilir.

Sizin Reklam Yeriniz