Əlaqə Arxiv
news Image
2013.10.31
07:11
| A A A
Manat Azərbaycanda çap oluna bilər
Yaşar Əsədov: “Qarşıya məqsəq qoyularsa, güman ki, dövlət bu məsələni də həll edə bilər” Əli Əlirzayev: “Daxildə pul çapı üçün texnologiyanın olması vacibdir”

Samir Əliyev: "Azərbaycan üçün manatın başqa yerdə çapı ölkə daxilində çapdan daha ucuz başa gələr"

Azərbaycanın iqtisadi cəhətdən inkişaf etməsi ona bir çox məhsul və malı özünün istehsal etməsinə imkan verir. Belə ki, son 5-10 ildə Azərbaycan əvvəllər xaricdən idxal etməli olduğu çoxsaylı məhsulu artıq ölkə daxilində istehsal etmək gücünə sahib olub. Hətta ölkəmizdə müxtəlfi təyinatlı hərbi texnikalar belə istehsal olunur. Bundan başqa Azərbaycan xaricə investisiya yatırmağa da xüsusi diqqət yetirir.

İndilikdə isə, ölkəmiz artıq əksər məhsul və mal üzrə idxalçıdan, ixracatçıya belə çevrilib. Bütün bunlar Azərbaycanın yeritdiyi uğurlu iqtisadi siyasətin nəticəsidir. Lakin maraqlıdır ki, milli valyuta olan manat hələ də xaricdə çap olunur. Halbuki, ölkəmizin hazırkı vəziyyəti bu məsələni də ölkə daxilində həll etməyə imkan verir. Görəsən, ekspertlər manatın ölkə daxilində çapı məsələsinə necə baxırlar?

Müstəqil iqtisadçı-ekspert Yaşar Əsədov manatın harada çap olunmasına ciddi əhəmiyyət vermədiyini bildirdi: "Manatın harada çap olunmasının elə də böyük prinsipial əhəmiyyəti yoxdur. Bununla belə, yəqin ki, bizim bilmədiyimiz hansısa məhdudiyyət və şərtlər var ki, Azərbaycan onu hələ də həll edə bilməyib. Ona görə də milli valyuta hələ də xariçdə çap olunur. Amma qarşıya məqsəq qoyularsa, güman ki, dövlət bu məsələni də həll edə bilər. Bir əskinasın xariçdə çapı düşünürəm ki, çap olunan məbləğlə müqayisədə elə də ciddi vəsait tələb etmir. Bu işdə iqtisadi səmərə məsələsini gözləmək bəlkə də, beşinci dərəcəli məsələdir".

İqtisadçı alim Əli Əlirzayev problemin həlli üçün çap texnologiyasının olmasının vacibliyini qeyd etdi: "Azərbaycan manatının ölkə daxilində çapı üçün ölkənin buna vərdişinin olması vacibdir. Bunun üçün həmçinin texnologiyanın olması da əhəmiyyətlidir. İndilikdə isə bu texnologiya bizdə yoxdur.

İstəsək, bu məsələni də müsbət həll edə bilərik. Bunun üçün məsələnin maliyyə baxımdan sərf edib-etmədiyi aydınlaşmalıdır. Sərf edirsə, sözsüz ki, manatın ölkə daxilində çapı daha yaxşı olardı. Milli valyutanın ölkə daxilində çapı o deməkdir ki, bu halda onun xaricdə çapı üçün xərclənən vəsait də daxildə qalır. Bu zaman yeni iş yerləri də açılır. Həmçinin, pulun təhlükəsizlik məsələsinə də diqqət yetirilməlidir".

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev qaldırdığımız məsələnin həllinin ölkəmiz üçün iqtisadi baxımdan səmərəli olmadığı qənaətindədir: "Bildiyimiz kimi, bir sıra ölkələr, ABŞ, Rusiya və Avropanın inkişaf etmiş dövlətləri milli valyutalarını özləri birbaşa çap edir. Azərbaycan manatının ölkə daxilində çapı məsələsi təklif olaraq cəlbedicidir. Niyə də özümüz çap etməyək? Amma hazırkı Azərbaycan iqtisadiyyatı manatın ölkə daxilində çapına indilikdə imkan vermir. ABŞ, Rusiya, Almaniya, Fransa və İngiltərənin iqtisadiyyatı dünyada ən böyük iqtisadiyata malikdirlər. İran və Şımali Koreya kimi ölkələr isə qapalı olduqlarından milli valyutanı da özləri çap edirlər. Azərbaycan kimi ölkənin iqtisadiyyatı isə çox kiçikdir. Azərbaycanın hazırda ümumdaxili məhsulu 55 milyard dollara yaxındır. Bu isə Amerikanın bir günlük xərclərinə bərabərdir. Bu baxımdan da milli valyutanın ölkə daxilində çapı məsələsini iqtisadi baxımdan səmərəli hesab etmirəm. Azərbaycan iqtisadiyyatı kiçik olduğundan məsələnin həlli üçün ayrıca bir zavodun açılması bizə sərf etməyəcək. Azərbaycan üçün manatın başqa yerdə çapı ölkə daxilində çapdan daha ucuz başa gələr. İndiki dönəmdə bu təklif real deyil. Hətta gələcək dövrdə də məsələnin müsbət həllini gözləmirəm. Nağdsız dövriyənin artması fonunda istər-istəməz indi olmasa da, gələcəkdə nağdsız dövriyənin həcmi artacaq. Belədə nağd pula tələbat da azalacaq. Bu mənada da manatın ölkə daxilində çapını perspektivli hesab etmirəm".

Sizin Reklam Yeriniz