Əlaqə Arxiv
news Image
2013.11.02
07:39
| A A A
Mülki-müdafiə sığınacaqlarına sığınan ticarətçilər
Üzeyir Cəfərov: “Bu gün Bakıda əksər sığınacaq yerlərində ticarət, iaşə obyektləri fəaliyyət göstərir” Ələsgər Vəliyev: “Əhali mövcud bütün binaların zirzəmiləri, yeraltı keçid, tunel və şaxtalardan istifadə edə bilər”

Məlumdur ki, əhalini nüvə, kimyəvi, bakterioloji və digər döyüş silahlarının mənfi təsirlərindən qorunması üçün istifadə edilən müdafiə üsullarından biri sığınacaq və bunkerlərdir. Hansı ki, bunlar təbii fəlakət zamanı da yararlı hesab edilir. Odur ki, xüsusi ilə müharibə şəraitində olan ölkələr üçün sığınacaq və bunkerlərin olması ikiqat önəm daşıyır.

Çünki, sığınacaq həm də ölkənin müharibəyə hazır olmasının bir elementinin göstəricisidir. Ölkəmizin passiv də olsa, müharibə şəraitində yaşadığını nəzərə alsaq, hazırda strateji və cəbhəboyu regionlarımızda belə daldalanacaqların olması çox vacibdir. Bu gün sığınacaq deyəndə ən birinici Bakı Metropoliteni göz önünə gəlir. Ancaq dəfələrlə Fövqəladə Hallar Nazirliyi Azərbaycanın bütün bölgələrində kifayət qədər sığınacaqların və bu kimi obyektlərin olduğunu açıqlayıb. Mütəxəssislər bildirirlər ki, hazırki vəziyyətdə sığınacaq olaraq binaların zirzəmiləri, tunellər, şaxtalar və metropolitendən istifadə etmək olar.

Hərbçi ekspert Üzeyir Cəfərov bildirir ki, Bakı kimi strateji bir şəhərdə bu məsələyə ciddi diqqət edilməlidir: "Çünki, heç kim nə təbii fəlakətlərdən, nə də düşmən həmləsindən sığortalanmayıb. O nöqteyi nəzərindən bu məsələyə Fövqəladə Hallar Nazirliyi (FHN) və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ciddi diqqət yetirməlidir. İkinci qurum rolu çox az olsa da, köməkçi rolunu oynaya bilər. Yəni, insanları səfərbər etmək, hərbi kontingentin harada yerləşməsinə kömək edə bilər. Bütün yük isə təbii ki, FHN-nin üzərinə düşür. Vaxtı ilə Azərbaycanda buna son dərəcədə diqqət yetirildi. Bütün sığınacaqlar, bunkerlər ən yaxşı vəziyyətdə idi. İndiki müdafiə nazirliyinin binasının altından indiki "İçəri şəhər" metro stansiyası və Bakı Bulvara qədər yol var idi. SSRİ zamanında orada bütün havalandırma sistemləri, avadanlıqlar qurulmuşdu. Yəni, təhlükə olan anda insanların orada daldalanması üçün şərait var idi. Onların hamısı artıq dağıdılıb. Bu gün Bakıda əksər sığınacaq yerlərində ticarət, iaşə obyektləri fəaliyyət göstərir. Bunun əleyhinə deyiləm. Amma biz insanların həyatını riskə ata bilmərik. Onun üçün də milyon vətəndaşı olan Bakı üçün sığınacaqlar nəzərdə tutulmalıdır. O sığınacaqlar bütün növ - su, hava, qida digər avadanlıqlarla təmin olunmalıdır. Buna dırnaqarası baxmaq lazım deyil. Gözləməməliyik ki, hadisə olsun, ondan sonra məsələyə diqqə yönəlsin. Təbii fəlakət və ya düşmən həmləsinə əvvəlcədən hazırlıq görmək lazımdır".

Ekspert bildirdi ki, bu gün biz ancaq Bakı Metropolitenindən yararlana bilərik: "Amma milyon nəfərdən çox əhalisi olan şəhər üçün metropolitenin imkanları çox məhduddur. Orada heç xırda tibbi nöqteyi nəzərdən məsələlər öz həllini tapmayıb".

Üzeyir Cəfərov qeyd etdi ki, sığınacaqların da növləri var: "Uzunmüddətli sığınacaqlar bir neçə ay üçün nəzərdə tutulur. Uzunmüddətli sığınacaqlarda yaşamaq üçün bütün infrastruktur qurulur. Orada yeganə avtomobil hərəkəti olmur. Fikirləşmək lazım deyil ki, müharibə və ya hansısa təbii fəlakət olmayacaq. Nəzərə almaq lazımdır ki, ölkəmiz 4 tərəfdən düşmənlə qapanıb".

Bakı Dövlət Universietinin "Həyat fəaliyyətinin təhlükəsizliyi" kafedrasının müəllimi Ələsgər Vəliyev bildirir ki, hazırda ölkədə hansısa fövqəladə hal yaranarsa, əhali mövcud bütün binaların zirzəmiləri, yerlatı keçid, tunel və şaxtalardan istifadə edə bilərlər: "Bunlardan başqa, müvafiq güc strukturlarının özlərinin də təchiz olunmuş yeraltı komanda məntəqələri var".

Ələsgər Vəliyev qeyd etdi ki, sığınacaqların 3 növü var: "Kiçik tutumlu sığınacaqlar 50 nəfər insan saxlaya bilir. Orta tutumlu - 50-150 nəfərlik və 150 nəfərdən çox tutumlular var. Əgər sığınacaqlar havalandırma sistemi, qida məhsulları və avadanlıqları ilə təmin olunubsa, orada uzun müddət qalmaq mümkündür".

Sizin Reklam Yeriniz