Əlaqə Arxiv
news Image
2013.11.05
07:04
| A A A
Ailə-məişət zəminində cinayətlər təhlükəli həddə artır
Əbülfəz Süleymanlı: “Bu tip cinayətlərin baş verməsində psixoloji faktorların da rolunu inkar etmək olmaz” Elnur Rüstəmov: “Xanımın əri və ya əksinə, ikincinin birinci barədə fikirlərini sosial şəbəkələrdə paylaşması da zaman-zaman konfliktlərin baş qaldırmasına gətirib çıxarır”

Təəssüf ki, Azərbaycanda az qala hər gün ailə-məişət zəminində də müxtəlif cinayətlər baş verir. Son günlər isə bu istiqamətdə baş verən hadisələr sanki daha da çoxalıb. Televiziya ekranlarından, mediadan arvadın əri, qızın atası, qardaşın digər qardaşı tərəfindən öldürüldüyü, xəsarət yetirdiyi barədə informasiyalar insanları dəhşətə gətirir.

Bir neçə il əvvəllərə qədər nadir hallarda baş verən bu tip cinayətlər son dövrlər adi hal kimi qəbul olunmağa başlanıb. Bu da həmin tip hadisələrin sayının kəskin artməsı ilə bağlıdır. Onu da qeyd edək ki, ailə məişət zəminində baş verən cinayətlərin qurbanları əsasən qadınlar və azyaşlı uşaqlar olurlar. Məsələn, Bakıda noyabrın 3-də Elmar Səlimov qısqanclıq zəminində həyat yoldaşı Leyla Səlimovanı boğaraq qətlə yetirib. Bu misalların sayını artırmaq olar. Görəsən, ailə daxili münaqişə və ondan irəli gələn cinayətlərin sayının sürətlə artmısının kökündə hansı məqamlar dayanır? Belə halların artması cəmiyyət üçün nə kimi təhlükələr yarada bilər?

Azərbaycan Sosioloqlar Birliyinin sədri Əbülfəz Süleymanlının fikrincə, son zamanlar ölkəmizdə ailədaxili münaqişə və qətl hadisələrinin çoxalmasında başlıca faktor rolunda maddiyyat amili çıxış edir: "Düzdür, burada bir sıra digər faktorların da rolu var. Ancaq baş verən hadisələrin çoxu belə düşünməyə əsas verir ki, əsas səbəb iqtisadi amillərlə bağlıdır. Son dövrlər insanlar maddiyyətə daha çox aludə olublar. Bir çox ailələr hər şeyin mərkəzini maddiyyatda görür. Bunu isə öz ailəsindən, ərindən tələb etməsi istər-istəməz ailə daxilində narazılığa gətirib çıxarır". Bununla yanaşı, həmsöhbətimiz bildirdi ki, bu tip cinayətlərin baş verməsində psixoloji faktorların da rolunu inkar etmək olmaz: "Düşünürəm ki, bütün bunların əsasında psixoloji amillər dayanır". Sosioloq bəzi hallarda insanların qaynana və yaxud ailənin hər hansı bir digər üzvünün mənfi obraz kimi təqdim olunmasını isə qəbul etmir: "Aparılan araşdırmalar göstərir ki, ailədə böyüklərin sayı çox olduğu təqdirdə münaqişələrin sayı da azalır. Əslində, valideynləri özündən təcrid etməklə münaqişələrə daha çox şərait yaratmış oluruq. Amma cəmiyyətdə bunun tam əksi haqda bir fikir formalaşıb. Tam tərsinə, əksəriyyət münaqişələrin yaranmasında valideynlərin rolunun daha çox olduğunu deyir. Bu tamamilə səhv fikirdir".

Sosioloqun qənaətinə görə, Azərbaycanda gender məsələsinin çox geniş şəkildə qabardılması da ailədaxili münaqişələrin artmasına səbəb yaradan amillərdən biridir: "Bu gün bu sahədə aparılan layihələr dəstəklənir. Halbuki, Azərbaycan ailəsində gender probleminin qaldırılması istər-istəməz problemlərə gətirib çıxarır. Bu baxımdan da həmin məsələlərə həssaslıqla yanaşılmalıdır". Ailə-məişət zəminində cinayətlərin artması uşaqların psixologiyasına mənfi təsir göstərmək baxımından təhlükəlidir: "Belə halların baş verdiyi ailələrdə yaşayan azyaşlılar psixoloji gərginlik yaşayır, onlarda cəmiyyətə qarşı bir aqresivlik formalaşır. Digər tərəfdən bu tip cinayətlərin çoxalması və onun mətbuatda işıqlandırılması problemlər yaşayan digər ailələri də anoloji hərəkətlərə yol verməyə sövq edə bilər".

Psixoloq Elnur Rüstəmov isə qeyd etdi ki, cəmiyyətə münasibətdə fərqli gözləntilərin olması bir sıra hallarda ailə daxili cinayətlərə gətirib çıxarır: "Həqiqətən də son zamanlar ailədaxili münaqişə zəminində boşanmalar, ailədaxili konfliktlər, hətta xəsarət yetirtmək kimi hallar da artıb. Bu istiqamətdə cinayətlərin sayının artmasına təsir göstərən müxtəlif faktorlar vardır. Əvvəlki illərlə müqayisədə indi ailədə ərlə qadının gözləntiləri dəyişib. Kişinin qadından gözləntisi daha çox şeylər olduğu kimi, ikincinin də birincidən gözləntiləri fərqli bir şeylərdir. Bu gün inteqrasiya olunmuş bir cəmiyyətdə yaşayırıq. İndilikdə xanımın yemək bişirməsi bir ailə üçün prioritet deyil. Şəhərdə kifayət qədər yeməkxanalar mövcuddur. Xanımın ev işlərini görməsi də prioritet olmayan məsələlər sırasında yer alıb. Bu səbəbdən də xanımların bir qisminin diqqəti daha çox karyera və işlə məşğul olmağa və özlərini bu sahədə faydalı qismində görməyə yönəlib. Belə hallar da bəzən kişi tərəfindən təpki ilə qarşılanır, kişi bununla barışa bilmir. Qadının da çalışması, müstəqil fikrə sahib olması kişilərdə bir qədər aqressiya ilə qarşılanır. Nəticədə ailə daxili konfliktlərə də yol açılır. Düşünürəm ki, tədricən Avropada olduğu kimi azərbaycanlı kişilər də bu yolu keçəcəkdir. Azərbaycan oğlanı ətrafına baxaraq belə bir münasibət sərgiləyir. O, qınaq obyektinə çevrilə biləcəyindən çəkinərək sonda gəlib evdə bütün narazılığını arvadına qarşı yönəldir. Kişilərin düşüncəsində idarə etmə instinkti də güclüdür. Zorakılıq da biri digərini idarə etmək istəyəndə baş verir. Digər tərəfdən informasiya texnologiyasının inkişafı da müəyyən mənada ailə daxili konfliktlərin artmasına stimul verir. İndi mobil telefon və internet bütövlükdə həyatımızı zəbt edib. Xanımın əri və ya əksinə, ikincinin birinci barədə fikirlərini sosial şəbəkələrdə paylaşması da zaman-zaman konfliktlərin baş qaldırmasına gətirib çıxarır". Həmsöhbətimiz bu qənaətdədir ki, sözügedən problemin daha da kəskinləşməsində filmlərin böyük təsiri var, xüsusən də Qərbdə çəkilən filmlər cinayət prosesini sanki insanlar üçün adiləşdirir: "Hətta Qərbin bir çox ölkələrində insan öldürməyin kriteyaları var. Yəni cinayət işində hökm az olsun. Məişət zəminində baş verən yaxın qohumlar arasında konfliktlərin kökünə fikir versək, görərik ki, o da gəlib ailə münasibətlərinə çıxır, ailədəki problemlər sonra tayfadakı problemlərə sirayət edir. Ailədə yaranan münaqişələrin sonda qətllə nəticələnməsinin səbəblərindən biri də bəzi insanların vaxtında tədbir görməməsindən irəli gəlir. Məsələn, ana öz övladı barədə polisə məlumat vermir və ya qadın öz həyat yoldaşından şikayət eləməyi özünə sığışdırmır. Arada olan münaqişə isə qalır və getdikcə dərinləşərək sonda qətllə sonuclanır. Düşünürəm ki, ailə daxilində ziddiyyətlərin azalması üçün onlar arasında maarifləndirmə işlərinin aparılmasına geniş zərurət vardır. Bu istiqamətdə treninqlər keçirilməlidir. Əslində, ailə daxili konfliktlərin çoxunun ciddi əsası olmur. Sadəcə olaraq, cütlüklər kiçik bir konflikti böyüdərək ailəda ziddiyətə və bəzi hallarda cinayətə gətirib çıxardırlar. Zamanında prosesə müdaxilə olunarsa, düşünürəm ki, həmin problemlər öz həllini tapar".

Sizin Reklam Yeriniz