Əlaqə Arxiv
news Image
2013.11.06
07:53
| A A A
Azərbaycan hərbi helikopter istehsalına başlaya bilər
Üzeyir Cəfərov: “Hərbi helikopterin istehsalı Türkiyə, İsrail və digər inkişaf etmiş ölkələrin köməyi ilə reallaşa bilər” Azad İsazadə: “Yaxın illər üçün onun müəyyən hissələrini ölkəmizdə istehsal edə bilərik”

Məlumdur ki, ölkəmiz müdafiə sənayesi sahəsində bir çox ölkələrlə əməkdaşlıq edir. Əməkdaşlıq edilən ölkələr arasında xüsusi ilə Türkiyə, İsrail və Rusiya seçilir. Digər tərəfdən hazırda Azərbaycan 750 addan çox silah istehsal edir. Hələlik istehsal olunan texnika arasında ağır artilleriya, hərbi gəmi və hərbi helikopterlər olmasa da, gələcəkdə bu istiqamətdə də əməkdaşlıq istisna edilmir.

Oxşar praktika digər ölkələr arasında da var. Azərbaycana məhz Türkiyə tərəfindən istehsalı olan T-129 ATAK zərbə helikopterin istehsalı layihəsində bilavasitə iştirakı da təklif edilib. Ancaq hələlik bu istiqamətdə konkret addımlar yoxdur. Əməliyyatlarda hərbi helikopterlərin məxsusi çəkisinin olduğunu nəzərə alsaq, mütəxəssislər birgə istehsal mövzusunda maraqıl fikirlər səsləndirirlər.

Hərbçi ekspert Üzeyir Cəfərov bildirir ki, Azərbaycan təkbaşına bu məsələnin öhdəsindən gələ bilməz: "Bu, Azərbaycan üçün ağır və bahalı məsələ olar. Ona görə də hərbi helekopterin istehsalı Türkiyə, İsrail və digər inkişaf etmiş ölkələrin köməyi ilə reallaşa bilər. Amma hətta reallaşsa belə, onu da nəzərdən qaçırmayaq ki, istehsal edəcəyimiz hərbi təyinatlı avadanlıq, texnika özünə lazım olan alıcını tapa biləcəkmi? Yəni, biz onu nə üçün istehsal edirik? Adətən, məhsul onun üçün istehsal olunur ki, realizə olunsun, özünü doğrultsun və ona qoyulan vəsaitləri təxmini kompensasiya edə bilsin. Ona görə də düşünmürəm ki, Azərbaycanda yaxın illərdə bu məsələ mümkün olsun. Çünki, indiki məqamda kifayət sayda ölkələr var ki, bu məsələdə artıq peşəkarlaşıblar. Son vaxtlar helikopter aldığımız Rusiya, Türkiyə, Ukrayna, İsrail kimi ölkələrdə bu imkanlar var. Ona görə də hazırda Azərbaycan üçün bu məsələ asan görünə bilər. Amma istehsal olunacaq məhsulun alıcısı olmayacaqsa, onun istehsalına vəsait sərf etməyə heç ehtiyac yoxdur. Əgər zaman gələr və ona tələbat yaranacaqsa, ölkəmizdə güclü mütəxəssislər olacaqsa, özümüz özümüzü ehtiyat hissələrlə təmin edə biləcəyiksə, bu məsələyə baş vurmaq olar. Ancaq digər ölkələrin ümidinə buraxaq, onlarla müqavilə bağlayaq və sabah həmin ölkələrdən avadanlıqlar vaxtında bizə göndərilməsə, artıq beynəlxalq münaqişəyə səbəb olacaq. Beynəlxalq münaqişə də onunla yekunlaşa bilər ki, Azərbaycan qazandığından çox itirməli olacaq".

Ekspert bildirdi ki, hərbi helikopterin istehsalı üçün avadanlıqlar, böyük istehsal sahəsi olmalıdır: "İstehsal sahəsi o deməkdir ki, konveyr üsulu tətbiq edilir. Yəni, helikopterin bir hissəsi müəssisənin girəcəyində istehsal olunursa, digər hissəsi tam başqa yerdə isehsal edilir. Ona görə də hərbi helikopterin istehsalı çox çətin olacaq. Biz hələ bu işi genişləndirməli, kifayət qədər təcrübə toplamalıyıq. Təcrübə toplayandan sonra konkret nələrsə demək olar".

Hərbçi ekspert Azad İsazadə də təxminən eyni proqnozdadır: "Helikopter istehsalı hərbi sənaye sahəsində çox mürəkkəb məsələlərdən biridir. Çünki, hələlik heç avtomobilləri normal yığa bilmirik. Bu istiqamətdə biz hələlik mütəxəssis və texniki avandanlıqlar problemlərini yaşayırıq. Ancaq hansısa formada xarici ölkələrlə birgə iştirak edə bilərik. Faktiki onu da Azərbaycanın öz silahı adlandırmaq düzgün olmazdı. Lakin yaxın illər üçün onun müəyyən hissələrini ölkəmizdə istehsal edə bilərik".

Sizin Reklam Yeriniz