Əlaqə Arxiv
news Image
2012.05.24
13:04
| A A A
Keyfiyyətsiz ərzaqlar daha böyük problemə çevrilir
Abbas Əliyev: “Cari ilin birinci rübündə 18. 3 ton ərzaq məhsulu satışdan çıxarılaraq məhv edilib” Fazil Talıblı: “Ən çox nöqsanların süd və süd məhsulları, şirniyyat və kolbasa istehsalı sahəsində aşkar olunub”.

Eyyub Hüseynov: "Cərimələrin hamısı məhsulların üzərinə gəlir və bu da son nəticədə bahalaşmaya səbəb olur"

Vaxtaşırı gündəmə gələn mövzulardan biri də satışda olan keyfiyyətsiz ərzaq məhsulları ilə bağlıdır. Elə müvafiq rəsmi dairələrin bu istiqamətdə həyata keçirdiyi tədbirlər nəticəsində dövriyyədən xeyli miqdarda yararsız ərzaq məhsulları çıxarılıb. Lakin təəssüf ki, görülən tədbirlərə baxmayaraq, problem aktuallığını saxlamaqdadır.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmət rəhbəri Abbas Əliyev bildirir ki, cari ilin birinci rübünün göstəricilərinə görə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən monitorinq zamanı mənşəyi məlum olmayan, saxlanma müddəti ötmüş, etiketlənmə, keyfiyyət göstəricilərinin normativ sənədlərə uyğun olmayan 18.3 ton ərzaq məhsulu satışdan çıxarılaraq məhv edilib. Onun sözlərinə görə, inzibati xətalara yol vermiş təsərrüfat subyektlərinə İnzibati Xətalar məcəlləsinə uyğun olaraq, 610. 8 min manat cərimə tətbiq olunub: "Bundan başqa, istehlakçıları aldadaraq, haqsız rəqabətə yol vermiş təsərrüfat subyektləri barəsində də tədbirlər görülərək, 36. 6 min manat maliyyə sanksiyası tətbiq olunub".

Respublika Gigiyena və Epidemologiya mərkəzindən isə bildirdilər ki, bununla bağlı onlar tərəfindən 2012-ci ilin birinci rübü ərzində 237 inzibati cərimə, 21 istintaq orqanlarına verilən işlər, 49 istismarı dayandırma obyektləri, 54 işdən kənarlaşdırma faktları qeydə alınıb.

Digər aidiyyatı qurum olan Standartlaşdırma, Meterologiya və Patent üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Fazil Talıbov bildirir ki, 2012-ci ilin 1-ci rübü ərzində Komitənin Dövlət Nəzarəti İdarələri tərəfindən ümumilikdə 305 dövlət nəzarəti qaydasında yoxlamalar həyata keçirilib ki, bunlardan 117-si ərzaq məhsullarının keyfiyyəti sahəsində, 188-i isə qeyri-ərzaq məhsullarının keyfiyyəti sahəsində aparılıb: "Yoxlamalar zamanı 131 müəssisədə nöqsan aşkar edilməyərək müsbət akt tərtib edilib, 174 müəssisədə isə nöqsan aşkar edilərək 174 iradnamə və 156 tələbnamə verilib. Yoxlamaların 44-ü çörək istehsalı, 15-i süd və süd məhsulları,18-i şərq şirniyyatı, 5-i alkoqollu içki istehsalı, 10-u alkoqolsuz içki istehsalı, 9-u ət və ət məhsulları, 5-i kolbasa istehsalı, 6-sı şəkər və qənd istehsalı, 5-i isə digər yeyinti sahəsində aparılıb. Məhsulların aparılan sınaq analizlərinin mənfi olması səbəbindən 260 kq kolbasa, 1340 litr meyvə şirəsi, 131 kq süd məhsulları 2012-ci ilin 1-ci rübü ərzində məhv edilib".

Komitə üzvi ən çox nöqsanların süd və süd məhsulları, şirniyyat və kolbasa istehsalı sahəsində aşkar edildiyini vurğuladı: "Təkcə Bakı şəhəri ərazisində yerləşən yeyinti məhsullarının istehsalı və idxalı ilə məşğul olan 52 təsərrüfat subyektlərində aparılmış araşdırmalarda 33 təsərrüfat subyektlərində, o cümlədən 6 çörək, 5 unlu qənnadı, 5 şəkərli qənnadı, 2 kolbasa məmulatları, 4 süd məhsulları, 1 broyler toyuq əti, 1 meyvə nektarları istehsalı və 9 müxtəlif növ ərzaq məhsullarının idxalı ilə məşğul olan müəssisələrdə aparılan yoxlamaların nəticələri müxtəlif səbəblərdən qeyri-qənaətbəxş olub. Aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün həmin müəssisə rəhbərlərinə qanunvericiliklə müəyyən edilmiş qaydada 33 iradnamə, həmçinin ümumi dəyəri 186126,77 manat olan məhsul partiyalarının satışına qadağa qoyulması barədə 40 tələbnamə, keyfiyyət göstəricilərinin insan həyatı və sağlamlığı üçün təhlükə törədə bilən müxtəlif növ məhsulların istehsalı və satışının qadağa edilməsi barədə 14 tələbnamə verilmiş və onların icra olunması üçün lazımi tədbirlər görülüb".

Bildirək ki, yuxarıda qeyd olunan göstəricilər cari ilin birinci rübünün nəticələridir. Təbii ki, ilin sonuna qədər isə bu göstəricilərin artması qaçılmazdır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, dövlətin bu sahədə apardığı işlər zəruridir, amma kafi deyil: "Ona görə zəruridir ki, mübarizə aparılmalıdır. Ona görə kafi deyil ki, istehlakçı siyasəti tam mükəmməl deyil".

Ekspert əlavə etdi ki, istehlakçı hüquqlarını qoruyan dövlət orqanlarının kordinasiya olunmuş fəaliyyəti həyata keçirilməlidir: "Bundan başqa, istehlakçı hüquqlarını qoruyan onlarla Azad İstehlakçılar Birliyi kimi təşkilatlar olmalıdır. Bunların hamısı da vahid bir siyasət yürütməlidir. Ancaq, indiki vəziyyətdə təəssüf ki, belə deyil".

Birliyin sədri keyfiyyətsiz ərzaq məhsulları satışını həyata keçirənlərə qarşı tətbiq olunan cərimələrin həcminin artırılmasının da vəziyyəti düzəltməyəcəyi qənaətindədir. O, bunun sonda inflyasiyayanın artmasına gətirib çıxaracağını qeyd edir: "Müvafiq dövlət orqanları tərəfindən qoyulan cərimələr ildən-ilə artırılır. Amma heç kəs də cəriməni cibindən vermir. Cərimələrin hamısı məhsulların üzərinə gəlir və bu da son nəticədə bahalaşmaya səbəb olur. Odur ki, dövlət tək inzibati cərimələri gücləndirməməlidir. Gərək bazar üsullarından da istifadə edilsin".

Sədr həm də onu bildirdi ki, bu gün istehlakçı qurumlar qanunlara görə məhsulları satışdan çıxarır və satıcıya təhvil verir ki, onu məhv etsin: "Onlar isə bunu məhv etmir. Çünki, məhv etdikləri mallar üçün vergi ödəyirlər. Amma, proses belə olmamalıdır. Kefiyyətsiz məhsulların məhv edilməsi açıq və çılpaq şəkildə olmalıdır. Odur ki, qanunlarda dəyişiklik zəruridir. Vergidən azad olmalıdırlar. Bu kimi amillərə nəzarət edilməlidir. Həmçinin istehlakçı hüququnu qoruyan qanunlar kompleksi mükəmməl olmalıdır. Bildirim ki, Avropa qonşuluq siyasətində istehlakçıların hüquqlarının müdafiəsinə dair BMT - nin rəhbər prinsiplərində Azərbaycan öz üzərinə çoxlu vəzifələr götürüb. Bunlar da tam olaraq yerinə yetirilməlidir". Eyyub Hüseynov onu da əlavə etdi ki, apardıqları təhlillərə görə istehlakçı hüquqlarını qoruyan əlahiddə bir dövlət qurumu yaradılmalı və bilavasitə prezidentə tabe olmalıdır.

Mübariz Bayramov

Sizin Reklam Yeriniz