ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik bu günlərdə mətbuata açıqlamasında Dağlıq Qarabağ münaqişəsinin həllinə doğru istiqamətlənmiş bir sıra maraqlı fikirlərilə yadda qalıb. Belə ki, Bakıda olarkən o bildirib ki, konfliktin həlli istiqamətində əvvəllər mümkün olmayan yeni "imkan pəncərəsi" yaranıb: "Hazırda Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bir müddət əvvəl mümkün olmayan "imkan pəncərəsi" açılıb. ABŞ bu "imkan pəncərəsinə" inanır".
Qeyd edək ki, uzun müddətdir Qarabağ problemin həlli istiqamətində hər hansı bir real addımların atıldığı müşahidə olunmur. Artıq az qala iki ilə yaxındır ki, dövlət başçıları səviyyəsində görüşlər baş tutmur. Ermənistan hakimiyyəti uzun müddətdir çalışır ki, problem həll olunmayaraq hazırki status-kvo vəziyyətində qalsın. Həmsədrlərin səfərləri də az qala turistik səfərlərə dönmüşdü. Belə bir ərəfədə həmsədr postuna yiyələndikdən sonra ikinci dəfədir bölgəyə səfər edən Ceyms Uorlik münaqişənin həllilə bağlı əvvəllər mövcud olmayan yeni həll imkanlarının yarandığına dair mesajla çıxış edir. Görəsən, onun söylədiyi bu fikirlər nə dərəcədə həqiqəti əks etdirir? Olmaya bu da digərləri kimi yeni gələn həmsədrin öz gücü və potensialını sadəcə olaraq ictimaiyyətə göstərmək üçün atdığı addımlardan biridir?
Politoloq Elman Nəsirlinin məsələyə cavabı diplomatik tərzdə oldu: "Minsk qrupunun amerikalı həmsədrinin Dağlıq Qarabağ münaqişəsinin həli istiqamətində yeni "imkan pəncərəsi"nin açılması fikrinə münasibət bildirərkən onu qeyd etmək istəyirəm ki, kifayət qədər maraqlı, cəlbedici və uzağa gedən nəticələrə gəlməyə əsas verən bir fikirdir. Onun bu fikri prosesə pozitiv yanaşmadır. Eyni zamanda belə çıxır ki, həll prosesində yeni reallıqlar, münaqişənin həllilə əlaqədar əvvəllər olmayan yeni məqamlar üzə çıxıb. Yeni reallığın mahiyyəti isə ondan ibarətdir ki, Ermənistanın mövqeyində dəyişikliyə gətirib çıxara biləcək bir şərait yaranıb. Ən azından amerikalı həmsədrin bu yanaşmasından belə düşüncələr də hasil ola bilər. Amma hadisələrin görünən tərəfindən baxanda Ermənistanda heç bir dəyişikliyin olmadığı bütün çılpaqlığı ilə üzə çıxır. İrəliyə doğru atılacaq pozitiv heç nə yoxdur. Belə olan təqdirdə amerikalı həmsədrin əvvəlcə regiona tək səfər etməsi, sonra Londonda danışıqalar aparması və bunun ardınca noyabrın 4-5 Bakı ilə İrəvanda danışıqlarda iştirak etməsi belə bir nəticəyə gəlməyə əsas verir ki, yəqin müəyyən, geniş ictimaiyyət üçün elan edilməyən reallıqlar vardır. Bu reallıqların mahiyyətinin nə olduğu, nələri özündə ehtiva etdiyi barədə isə heç bir məlumat yoxdur. Məsələ yalnız qalır Amerikalı həmsədrin fikri əsasında müəyyən versiyalar üzərində dayanmağa. Həmsədrin həmin fikri ən azından onu təsdiqləyir ki, yeni imkanlar varsa, deməli, məsələ ətrafında ABŞ-ın fəallığı artmağa başlayır. ABŞ görünür, artıq sözdən daha çox işə keçməyə başlayır. Hər hansı həmsədr öz ölkəsinin mövqeyini daha yaxşı bilir. Amma hələ ki, həmin həmsədrdən başqa ABŞ-ın yüksək rütbəli digər məmurlarının dilindən bu istiqamətdə hər hansı bir fikirlər səslənməyib. Onda belə çıxır ki, Ceyms Uorlikin səsləndirdiyi həmin fikri həm də ictimai fikrə hesablanmış addımdır. Bununla onlar həmin informasiyanın ötürülməsi ilə hansı reaksiya və yanaşmaların ola biləcəyini öyrənmək niyyətinə də düşə blərlər. Amerikalı həmsədr hər halda İrəvanda Ermənistan rəhbərliyi ilə də danışıqlar aparıb. Belə çıxır ki, Ermənistanın mövqeyində də hansısa yeniliklər var. Azərbaycanın və Ermənistanın mövqeyini bildikdən sonra müqayisə araraq amerikalı həmsədr nikbin notlarla çıxış edirsə, hesab edirəm ki, bu, təsadüfi deyil. Ümumiyyətlə, Franklin Delano Ruzveltin dediyi kimi, siyasətdə təsadüfən heç nə baş vermir. Bu baş veribsə, deməli qabaqcadan planlaşdırılıb. Məhz buna söykənərək də amerikalı həmsədr belə bir mövqe ilə çıxış edib. Konkret nəsə demək çox çətindir, gözləmək lazımdır. Əsas planlar açıqlanmır, sadəcə, ismarıc göndərilir. Amma bu ismarıc da vəziyyətin adekvat inikası kimi də dəyərləndirilə bilər".
Politoloq Hikmət Hacızadə isə bu qənaətdədir ki, Uorlikin həmin açıqlaması reallıqdan çox uzaqdır: "Hazırki situasiyada münaqişənin həllilə bağlı hansısa bir pozitiv addımların olduğu müşahidə olunmur. Tərəflər öz mövqelərində qalıb, Minsk qrupu həmsədrləri də tərəflərə öz aralarında razılığa gəlməyi tövsiyə edib. Ermənistan isə bildiyimiz kimi işğalçı mövqeyindən əl çəkməyərək, həll prosesində razılığa gəlməkdən çox-çox uzaqdır. Onlar üçün indiki status-kvo vəziyyətinin qalması daha sərfedicidir. Azərbaycan isə dəfələrlə bəyan edib ki, bu cür durumla barışmır və barışmayacaq. Belə bir məqamda adətən yeni gələn həmsədrlər tərəflər arasında ziddiyyətləri soyutmaq üçün həll istiqamətində yeni imkanların açıldığı barədə düşüncələrdə bulunurlar. Onlar bununla görünür, həm də hər iki ölkənin ictimaiyyətinin reaksiyasını da yoxlamaq niyyətindədirlər. Reallıqda isə yenə də bildirirəm ki, həll prosesində yeni imkanların cüzi dərəcədə olması belə gözə dəymir. Ən uzağı həmsədrlər indilikdə prezidentlər səviyyəsində görüşlərin bərpasına nail ola bilərlər. Görünür, yeni imkanların yarandığını deyərkən ABŞ-dan olan həmsədr məhz bu amili nəzərdə tutub. Hər halda bir müddətdən sonra Ceyms Uorlikin həmin açıqlamasının nədən ibarət olduğu üzə çıxacaq. Onda onun fikirlərinin nə dərəcədə həqiqət olduğu da bilinəcək. Hələliksə, biz yanlız məsələ ilə bağlı sadəcə olaraq müəyyən versiyalar irəli sürə bilərik".