Əlaqə Arxiv
news Image
2013.11.13
07:08
| A A A
Ermənistan 5 rayonu azad edir?!
Yüksək rütbəli Türkiyə rəsmisi: “İrəvan bildirib ki, 5 rayondan qüvvələrini geri çəkə bilər”

Son günlərin ən çox müzakirə predmetinə çevrilən mövzularından biri Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlıdır. Məsəəlyə qardaş ölkənin media orqanlarında da geniş yer verilir.

Bu mövzuya toxunan Türkiyənin ingilisdilli "Todays Zaman" qəzeti yazır ki, Ermənistan Türkiyə ilə sərhədlərin açılması üçün Azərbaycanı işğal etdiyi 5 rayonundan silahlı qüvvələrini geri çəkə bilər. Söhbət Dağlıq Qarabağ ətrafında yerləş rayonlardan gedir.

Bununla yanaşı, qəzetin yazdıqlarından belə məlum olur ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün İsveçrənin vasitəçilik etməsini istəyib. Vurğulanır ki, rəsmi Ankara Dağlıq Qarabağ münaqişəsinə görə Ermənistanla soyuyan münasibətlərin yenidən bərpa olunmasında maraqlıdır. Davudoğlunun fikrincə, İsveçrə İrəvanı işğal etdiyi ərazilərdən çıxmağa razı salsa Ankara 1993-cü ildən bağlı saxladığı Ermənistan sərhəddini açacaq. Qəzet yazır ki, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu hələ oktyabr ayının ortalarında İsveçrəyə səfəri çərçivəsində, Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmaq üçün hazır olduğunu bildirib. O, bununla belə qeyd edib ki, İrəvan ordusunu ilk növbədə işğal etdiyi Azərbaycan torpaqlarından çıxartmalıdır.

Nazir bildirib ki, İsveçrə hökuməti Ermənistanı işğal etdiyi torpaqlardan çıxması üçün razı salsa, Ankara da Ermənistanla sərhədlərini açmağa hazırdır. İsveçrə rəsmiləri də Davudoğlunun təklifinə müsbət cavab veriblər. Davudoğlu, həm də Ermənistanla əlaqələrin Türkiyə üçün əhəmiyyətli olduğuna işarə edib. O bildirib ki, Türkiyənin əlaqələrin daha da inkişaf etdirilməsi üçün yeni ideyalar tapmağa çalışır.

Türkiyə XİN-də olan etibarlı mənbələrdən biri qəzetə bildirib ki, Türkiyə, 2015-ci ildə keçiriləcək qondarma "erməni soyqırımı"nın 100 illiyinə qədər Ermənistanla münasibətlərini normallaşdırmağı hədəfləyir. Mənbə bildirib ki, Davutoğlu İsveçrəlin həmkarı ilə görüşündə bildirib ki, əgər Ermənistan ordusu işğal etdiyi torpaqlardan çıxarsa və rəsmi Bakı münaiqəşin həlli üçün qrafiq təqdim edərsə, rəsmi Ankara türk-erməni protokolunu təsdiq etməyə hazırdır: "Biz İsveçrədən Ermənistan rəhbərliyini razı salmaq üçün kömək gözləyirik".

Türkiyə Xarici Işlər Nazirliyindəki mənbənin sözlərinə görə, qardaş ölkə qondarma soyqırımın 100 illiyinə - 2015-ci ilə qədər Ermənistanla münasibətləri normallaşdırmaq niyyətindədir. Qəzet xatırladır ki, Türkiyə və Ermənistan 2009-cu ildə Sürix protokollarını imzalayarkən artıq yol xəritəsini hazırlamışdılar, lakin daha sonra Azərbaycan və Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda heç bir nəticə əldə edə bilməməsi səbəbindən danışıqlar nəticəsiz qaldı. Qəzet yazır ki, Ermənistan Dağlıq Qarabağdan başqa Azərbaycanın bu regionuna bitişik daha 7 rayonunu işğal altında saxlayır: "Yüksək rütbəli Türkiyə rəsmisi "Todays Zaman" deyib ki, Türkiyə ermənistanla sərhədlərini Dağlıq Qarabağa görə yox, onun ətrafında olan rayonların da işğal edilməsinə görə bağlayıb. Azərbaycan bildirib ki, İrəvan Dağlıq Qarabağ bitişik 7 rayondan 5-ni azad etsə, Türkiyənin Ermənistanla sərhədlərini açmasına etiraz etməyəcək. İrəvan da bildirib ki, 5 rayondan qüvvələrini geri çəkə bilər".

Xatırladaq ki, bu günlərdə xarici işlər nazir Əhməd Davudoğlunun adından Türkiyənin Ermənistanla sərhədləri açmağa hazırlaşmasına dair açıqlama yayılmışdı. Lakin Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Ləvənt Gümrükçü bunun reallığı əks etdirməydini bildirir: "Ölkəmiz Azərbaycandakı işğalın sona yetməsinə yönəlmiş addımlara paralel olaraq regional əməkdaşlığın inkişafına yönəlmiş addımları müsbət qiymətləndirəcəyini dəfələrlə ifadə edib". Gümrükçü mətbuatda bu barədə yayılan xəbərləri təkzib edib: "Türkiyə Qafqazda sülhün kompleks şəkildə inkişafını istəyir. Bu çərçivədə ölkəmiz Azərbaycandakı işğalın sona yetməsinə yönəlmiş addımlara paralel olaraq regional əməkdaşlığın inkişafına yönəlmiş hər cür addımı müsbət dəyərləndirəcəyini daha öncə dəfələrlə ifadə edib. Bu məsələdə Azərbaycanla əməkdaşlıq şəraitində və birgə hərəkət edirik. Hər məsələni hər səviyyədə ətraflı şəkildə müzakirə edirik. Bunu bir tərəfin digər tərəfi razı salmağa çalışması şəklində deyil, bərabər yapılan çalışma kimi görmək lazımdır. Azərbaycanı razı salmağa çalışdığımız yönündə mətbuatda yer alan xəbərlər doğru deyil. Ancaq Türkiyə bölgədə atılacaq hər addıma paralel olaraq əməkdaşlığın kompleks şəkildə inkişafına yönəlmiş hər addımı müsbət qiymətləndirəcək".

L.Gümrükçü ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə son səfərinə də toxunaraq Türkiyənin Minsk qrupunun üzvü kimi bu prosesi çox yaxından izlədiyini, son görüşlərdən sonra həll prosesində hansı addımların atılacağını söyləməyin hələ tez olduğunu bildirib. Prosesin yenidən canlanması üçün gözlənti və çalışmalar olduğunu diqqətə çatdıran sözçü qeyd edib ki, Türkiyə tezliklə bu məsələnin həllini istəyir və regional sülhü dəstəkləyəcək hər cür addımı atmağa hazırdır.

Sizin Reklam Yeriniz