Əlaqə Arxiv
news Image
2013.11.13
08:13
| A A A
Xəzərdə aviadaşıyıcı gəmilər peyda ola bilər
Üzeyir Cəfərov: “Nəzəri cəhətdən hər şey mümkündür, amma praktik baxımdan...” Cəsur Sümərinli: “Ilk dövrlərdə Xəzərdə bu qədər bahalı aviadaşıyıcılar almaq ölkəmiz üçün iqtisadi baxımdan o qədər də sərfəli sayıla bilməz”

Billindiyi kimi Xəzər dənizinin statusu məsələsinin həll olunmaması bu akvatoriyada hərbi gücün artmasına stimul verir. Belə ki, son illər Rusiya və İran Xəzər dənizində hərbi potensialını gücləndirməklə məşğuldurlar. Moskva dənizin şimalında, Tehran isə cənubda hərbi dəniz gəmilərini müasirləşdirir, bura əlavə donanma texnika və canlı qüvvələr baxımından da artırılır. Bir sözlə, hər iki ölkə Xəzərdə militarizmləşdirmə siyasəti yürüdür. Belə bir durumun mövcudluğu isə heç bir halda Azərbaycanın maraqlarına cavab vermir.

Yaranmış vəziyyət Azərbaycanı da öz təhlükəsizliyini qorumaq üçün Xəzərlə bağlı anoloji addımlar atmağa vadar edir. Bu xüsusda belə fikirlər də səslənir ki, Xəzərdə güclü mövqeyə malik olmaq üçün Azərbaycan aviadaşıyıcı gəmilər də ala bilər. Hazırda dünyanı bir sıra ölkələri, məsələn, Hindistan, Çin kimi dövlətlər bu tip aviadaşıyıcılar almaqla məşğuldur. Bu fonda nədən, Azərbaycan da aviadaşıyıcı almaq üçün müvafiq ölkələrə sifarişlər verməsin? Görəsən, bu məsələdə ekspertlər nə qənaətdədir?

Hərbçi ekspert Üzeyir Cəfərov bildirdi ki, Xəzər dənizi aviadaşıyıcılar üçün münasib yer deyil. Amma bununla belə, həmsöhbətimiz bu məkanda da Azərbaycanın hərbi gücünü artırmalı olduğunu diqqətə çatdırdı: "Nəzəri cəhətdən hər şey mümkündür. Amma praktik cəhətdən Xəzər dənizinin imkanlarının nə olduğu və orada nə edə biləcəyimizi də nəzərə almalıyıq. Xəzər dəniz adlandırılsa da əslində, göldür. Aydın məsələdir ki, son zamanlar Rusiya və İranın Xəzərlə bağlı da iddiaları artıb. Ona görə də Azərbaycan da öz hərbi gücünü gücləndirmək sahəsində müvafiq işləri görməlidir. Amma aviadaşıyıcıların alınması o qədər də vacib deyil, bununla belə Xəzərdə müasir naviqasiya avadanlıqları, o cümlədən müasir silah-sursatın olması vacib elementdir. Zaman-zaman bu məsələdə Azərbaycana güvənlik göstərilir. Lakin hesab edirəm ki, Xəzərlə ətrafında yaxın vaxtlarda çox gərginliklərin yaşana biləcəyilə bağlı verdiyimiz proqnozlar tədricən özünü doğruldur. Rusiyanın militarist və şovinist addımları onu deməyə əsas verir ki, Azərbaycan da Xəzərdə öz karbohidrogen ehtiyatlarını, enerji resurslarını etibarlı mühafizə etmək üçün müasir hərbi avadanlıqlar almalıdır. Ölkəmiz hökmən bu istiqamətdə addımlar atmalıdır. Azərbaycan Xəzərdə Rusiya və İran qədər gücə sahib olmasa da, hər halda əlimizi yanımıza da salmamalı, hərbi gücümüzün möhkəmləndirilməsi sahəsində işləri davam etdirməliyik. Son illər Xəzərlə bağlı Azərbaycan önəmli addımlara imza atıb. Amma həmin önəmli addımlar fonunda hesab edirəm ki, daha ciddi başqa addımlar da atılmalıdır. Çünki görünən odur ki, Xəzərlə bağlı Rusiya ilə yanaşı İranın da iştahası artmaqdadır. Azərbaycan bu məsələləri diqqətdən qaçırmamalı və baş verə biləcək təhlükələrin önlənməsi istiqamətində addımlar atmalıdır. Ümumiyyətlə, Azərbaycan Xəzərlə bağlı ön mövqelərini əldən verməməlidir. Ona görə də ölkəmiz aviadaşıyıcılar almasa da, ən azından Azərbaycanın təhlükəsizliyini təhdid edən amilləri aradan qaldırmaq istiqamətində müəyyən hərəkətlərdə bulunmalıdır".

Hərbi məsələlər üzrə ekspert Cəsur Sümərinli hazırkı situasiyada belə addımın atılmasına lüzum görmədi: "Düşünürəm ki, ilk dövrlərdə Xəzərdə bu qədər bahalı aviadaşıyıcılar almaq ölkəmiz üçün iqtisadi baxımdan o qədər də sərfəli sayıla bilməz. Təhlükəsizlik maraqları baxımından da Xəzər dənizində aviadaşıyıcılara sahib olmağımızın faydası yoxdur. Azərbaycan indiki məqamda daha çox quru qoşunlarının gücləndirilməsilə məşğul olmalıdır, nəinki dəniz məsələsi. Bu məsələ çox qəliz məsələdir. Adətən silahlanma yarışı digər dövlətləri də daha çox silahlanmağa vadar edir və Xəzər regionunda təhlükənin daha da artmasına gətirib çıxarır. Bu mənada ölkəmiz, o cümlədən region dövlətləri üçün indiki məqamda Xəzərin hüquqi statrusuna nail olmaq, burada silahlanma yarışına getməkdən daha sərfəlidir. Hazırda ölkəmizin hərbi-dəniz donanmasının aviadaşıyıcılarla təmin edilməsi Azərbaycan üçün hansısa ciddi milli təhlkükəsizlik maraqları kəsb etmir. Bu, sadəcə, daha çox vəsait xərcləmək, amma nəticədə kifayət qədər etibarlı milli təhlükəsizlik maraqlarının təmin edilməməsinə bərabərdir. Bu tip bahalı qərarlar verərkən onun gətirəcəyi nəticələr barədə də düşünmək lazımdır".

Sizin Reklam Yeriniz