Aşağı faizlərlə tələbələrə təhsil kreditlərinin verilməsi məsələsi uzun müddətdən bəri gündəmdə olsa da, bu sahədə hələ də heç bir yenilik yoxdur. Məsələyə yenidən toxunan Milli Məclisin deputatı, Odlar Yurdu Universitetini rektoru Əhməd Vəliyev tələbələr üçün təhsil kreditinin ayrılmasını da təklif edib: "Təhsillə bağlı adambaşına maliyyələşmə tətbiq olunur. Hesab edirəm ki, təhsil alanların çoxu ödənişli təhsil aldıqları üçün təhsil krediti yaradılsa, əla olar.
Orta məktəbi bitirənlərin 20-25 faizi ali məktəbə daxil olur. 75-80 faizi isə təhsildən kənarda qalır. Bununla bağlı 16-18 yaşlı gənclərin təhsillə əhatə olunmaması dövlətimiz üçün problemə çevrilə bilər. Yüz minlərlə Azərbaycan gənci məşğuliyyətsiz qalır. Bir qismi xarici ölkələrdə təhsil alır. Amma bunlar lazımsız universitetlərin diplomlarını alırlar. Mən düşünürəm ki, gənclər üçün kredit ayrılmalıdır. Azərbaycanda ali təhsil müəssisələrinin maddi texniki bazası və kadrları lazımi səviyyədədir, buna görə universitetlərin qapıları həmin gənclərə açılmalıdır. Onların təhsil almalarına imkan yaradılmalıdır. Biz 16-18 yaşlı gənclərin fəaliyyətini məhdudlaşdırsaq, onları itirmiş olarıq".
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirdi ki, təhsil kreditləri barədə qanunun tətbiqi vacibdir: "Çünki, Azərbaycanda tələbələrə təhsillərini davam etdirməsi üçün hansısa sərfəli kreditlər təklif olunmur. Təklif olunan kreditlərin faiz dərəcələrinin yüksək olması tələbələrə imkan vermir ki, kreditlərdən istifadə etsinlər. Bu da bəzi hallarda onların təhsil haqqının ödənilməsi ilə bağlı problemlərin yaşanmasına gətirib çıxarır. Bəzi hallarda problem yalnız təhsil haqlarının ödənilməsi ilə bağlı deyil, tələbələrin təhsil müddətini öz xərcləri ilə ödəməsində olur. Çünki, ümumiyyətlə, kreditlərin olmaması onlara müəyyən sosial problemlər yaradır. O baxımdan "Təhsil kreditləri haqqında" qanunun qəbul edilməsinə böyük ehtiyac var. Məsələnin həlli yalnız qanunun qəbulu ilə yekunlaşmamalıdır. Eyni zamanda qəbul edilən qanunun işləmə mexanizminin olması müəyyənləşməlidir. İşləmə mexanizmi heç də qanunun icrasına nəzarət deyil. Məsələ ondan ibarətdir ki, təhsil haqqında qanun qəbul edildikdən sonra tələbələrə təklif edilən kreditlər güzəştli kreditlər olacaq. Kommersiya bankları isə aşağı faizlə uzunmüddətli güzəştli kreditləri verməkdə maraqlı deyillər. Ona görə də kommersiya banklarının stimullşadırılmasına ehtiyac var. Qanunun qəbul edilməsi ilə yanaşı, büdcədən təhsil kreditlərinin maliyyələşdirilməsi üçün maliyə resursları təbiq edilməlidir. Bu, təhsil krediti verən banklara əlavə vəsaitlərin verilməsinə imkan yaradacaq. Yalnız bu halda kommersiya bankları bu cür kreditlərin verilməsində maraqlı ola bilərlər. Ona görə də maliyyələşmə mexanizminin tam və dəqiq müəyyənləşməsi olduqca vacibdir. Həmçinin, kommersiya banklarına vergi güzəştlərinin tətbiq edilməlidir".
Ekspertin fikrincə, qanunun qəbul edilməsində tormozlayıcı amil məhz maliyyə mexanizminin müəyyləşməməsidir: "Qanunu qəbul etmək asandır. Amma qanunun icrası və əks olunan maddələrin reallıqda işləməsi mexanizmi müəyyənləşməlidir. Hansı bankların hansı faizlərlə kredit verəcəyi, hansı tələbələrə şamil ediləcəyi ilə bağlı mexanizmlər hələlik tam işlənməyib. Həmçinin, kreditləşməyə hansı həcmdə vəsait ayrılması da hələlik tam müəyyənləşdirilmədiyi üçün qanunu qəbulu yubanır".
Respublikanın əməkdar müəllimi Almaz Həsrət bu qanunun qəbulunu məqbul hesab edir: "Amma onun reallaşdırılması üçün zaman, ictimaiyyətdə yeniliyi dəstəkləyən fikir lazımdır. Bu fikir də ən əsası cəmiyyətin pedaqoji sahəsidir. İlk növbədə müəllimlərin təhsillərinin düzəlişindən başlanılmalıdır. Yəni, müəllimlərin təhsilində dəyişiklik yaradılmalıdır. Əgər müəllimlər yenə də köhnə, ənənəvi üsulda, metodikalarında qalsalar, inkişaf etmək mümkün olmayacaq. Bu qanunun təhsilin səviyyəsinə müsbət təsiri ola bilər. Ancaq dəqiq təsirini illər sonra görə biləcəyik. Hər halda yeniliyi dəstəkləmək lazımdır. Xarici təhsil mühitini görmüş müəllimlərə yer ayrılmalıdır ki, yenilənmiş təhsil strategiyasının reallaşdırılmasına kömk edə bilsinlər".
Ekspertin fikrincə, qanunun tətbiqinin gecikməsinə səbəb, araşdırılmanın sona çatdırılmaması ola bilər: "Məsələn, ən əsası qiymətləndirmə meyarıdır. Amma yeni təhsil stageyasında Türkiyə metodikasına müraciət olunsa, yaxşı olar.Türkiyədə həmişə ən yaxşı işləyən müəllim daha yaxşı əmək haqqı alır. Zəif işləyən müəllim isə özü təhsildən uzaqlaşır. Yəni, müəllimlər eyni məvacib almamalıdır".