Azərbaycanda avtomobillərin sayı durmadan artır. Hər il ölkəyə 100 minə qədər avtomobil gətirilir. Hazırda ölkədə 1,2 milyondan artıq maşın var ki, onun da 800 minə qədəri paytaxt Bakının payına düşür. Azərbaycana avtomobillər əsasən Almaniya, Yaponiya və Cənubi Koreyadan idxal olunur. Qeyd edək ki, ölkə əhalisinin az olması daxildə avtomobil istehsalının stimullaşdırılmasına imkan vermir.
Belə ki, iqtisadçıların rəyinə görə, daxildə avtomobil istehsalının həyata keçirilməsi üçün ölkə əhalisinin sayı azı 15 milyona qədər olmalıdır. Digər tərəfdən məşhur avtomobil istehsalçıları ilə rəqabət amili də daxildə maşın istehsalına başlamağa imkan vermir. Bununla belə, avtomobillərin ehtiyat hissələri üzrə daxildə birgə müəssisələr yaradıla bilər. Azərbaycanın hazırkı imkanları bu istiqamətdə addım atmağa da şərait yaradır. Hələliksə, Azərbaycanda realizə olunan avtomobillər üçün ehtiyat hissələr də bütünlüklə xaricdən gətirilir. Belə də avtomobillə yanaşı, ehtiyat hissələrin qiymətləri də baha başa gəlir.
Avtomobil üzrə ekspert Azər Allahverənov bildirdi ki, avtomobil ehtiyat hissələri üzrə birgə müəssisələrin yaradılması həmin avadanlıqların qiymətlərinin aşağı düşməsi baxımından da maşın sahibləri üçün sərfəlidir: "Azərbaycanda avtomobillərin ehtiyat hissələri üzrə birgə müəssisələrin yaradılmasına müsbət baxır və bunu mümkün sayıram. Azərbaycan ərazisi bildiyimiz kimi maşın bazarı üçün çox cəlbedicidir. İl ərzində ölkəmizdə kifayət qədər avtomobil satışı həyata keçirilir. Təxmini hesablamalara görə, bir ildə 100 minə qədər maşın satılıb. Gələnlər arsında uzun müddət istifadə olunanlar da var. Bu mənada da ölkəmizdə ehtiyat hissələri üzrə müəssisələrin olması vacibdir. Satılan maşınlar arasında da əksəriyyət Almaniya, Cənubi Koreya və Yaponiya maşınlarıdır. Onların servis xidmətlərinin və gətirilən ehtiyat hissələrinə qoyulan rüsumun kifayət qədər baha olduğunu da nəzərə alsaq, maşınların saxlanılması və vaxtaşırı təmiri prosesi baha başa gəlir.
Ona görə də daha populyar avtomobil markaları üzrə ölkə daxilində birgə ehtiyat hissələri istehsalı müəssisələri yaradılmalıdır. Azərbaycanda hazırda kompüterlər yığılır, soyuducu və digər məişət avadanlıqları istehsalı ilə məşğul olan müəssisələr fəaliyyət göstərirsə, nəqliyyat vasitələri üzrə bu tip müəssisələrin geniş çeşiddə yaradılmasına da ehtiyac var. Məlumatlara görə, bu istiqamətdə məhdud çeşiddə müəssisə var. Azərbaycanda bu istiqamətdə müəyyən mənada şərait də mövcuddur. Gəncə Avtomobil Zavodunda vaxtaşırı bu və ya digər modellərin buraxılması üzrə işlər həyata keçirilir. Bu zavod ehtiyat hissələrin buraxılması üzrə hansısa sifarişləri yerinə yetirə bilər. Zəruri olan çeşidlər istiqamətində belə bir addımın atılması artıq zamanın tələbidir. Bu isə nəticə etibarilə, ölkə ərazisində istismar olunan maşınların servis və təmir haqlarının daha ucuz başa gəlməsinə stimul verər. Digər tərəfdən, burada istehsal olunan ehtiyat hissələri ilə bağlı effektiv nəzarət tətbiq olunduqda həmin ehtiyat hissələrin keyfiyyət məsələsi də öz həllini tapa bilər. Belədə Çin və digər ölkələrdən gətirilən aşağı keyfiyyətli ehtiyat hissələrin ölkəmizə gətirilməsinin qarşısı da alınar. Həmçinin, ölkə ərazisində aşağı keyfiyyətli ehtiyat hissələrin dövriyyəsinin də qarşısı alınmış olar. Deməli, görürük ki, ölkə daxilində ehtiyat hissələri müəssisəsinin yaranması avtomobil sahibləri üçün hərtərəfli sərfəlidir. Zənn edirəm ki, İqtisadi İnkişaf Nazirliyi və digər qurumlar ehtiyat hissələri müəssisəsinin yaranması istiqamətində düşünür. Hazırda lokal səviyyədə olsa da bu istiqamətdə müəyyən emalatxanalar fəaliyyət göstərir. Amma prosesin dövlət səviyyəsində qurulmasına ehtiyac vardır. Bu məsələnin həllinin siyasi aspektləri ilə yanaşı, zəruri olan iqtisadi aspektləri də mövcuddur. Zənnimcə həll prosesində məsələ daha çox məhz iqtisadi aspektlərlə bağlıdır. Siyasi və iqtisadi zəmin və mühitin olduğu təqdirdə məsələnin qısa zamanda həlli də mümkündür. Digər tərəfdən də məsələnin həlli avtomobil istehsalçısı olan xarici şirkətlərin burada ehtiyat hissələri müəssisəsi yaratmaqda maraqlı olub-olmamaları ilə əlaqədardır. Hər bir tərəfin marağı olarsa, bu uzlaşdırılarsa, dövlət dəstəyi olarsa, bunun üçün bazarda əlverişli imkanlar yaradılarsa, tezliklə ehtiyat hissələri üzrə birgə yaradılan müəssisələrin də şahidi ola bilərik".
İqtisadçı ekspert Nazim Məmmədov məsələnin həllini özəl şirkətlərin öhdəsinə buraxmağı tövsiyyə etdi: "Əslində, qardaş Türkiyə təcrübəsinə baxdıqda görürük ki, müxtəlif ölkələrin avtomobil istehsalı ilə bağlı problemləri olsa da, ehtiyat hissələrinin istehsalı həmin ölkələrdə normal qurulub. Bu da həmin standartlara cavab verən müəssisələrin yaradılmasından keçir. Amma həmin addımı da özəl biznes strukturları etməlidir. Bu istiqamətdə özəl biznes fəaliyyətə başlasa, ehtiyat hissələrilə bağlı normal hal da yaranar. Vaxtilə ölkəmizdə şin zavodu fəaliyyət göstərirdi. Təəssüf ki, zamanında onun istehsalı zəiflədildi. Xarici avtomobil şirkətləri də ölkəmizdə ehtiyat hissələri üzrə birgə müəssisələrin yaradılmasında nəticə etibarilə maraqlı ola bilərlər. Onlar xammalın və işçi qüvvəsinin aşağı qiymətlə qiymətləndiyi ölkələrdə bu tip istehsal müəssisələri yaradırlar".