Əlaqə Arxiv
news Image
2013.11.16
07:53
| A A A
Xəzərlə bağlı qorxunc proqnoz
Ənvər Əliyev: “Hesablamalar göstərir ki, Xəzərin səviyyəsinin 150 santimetr əlavə qalxması sahil ərazilərin 87,7 min hektar sahəsinin su altanda qalması ilə nəticələnəcək” Telman Zeynalov: “Buzlaqların əriməsilə başlanacaq proses Xəzər sahilindəki müəyyən ərazilərin yenə də su ilə əhatələnməsi demək olacaq”

Qlobal istiləşmənin təsiri ilə yaranacaq ən böyük fəsadlardan biri də buzlaq sahələrin əriməsi ilə bağlıdır. Bu xüsusda alimlər qlobal istiləşmənin gözlənilən fəsadları ilə bağlı proqnozlarını açıqlayıblar. Proqnozlarda Azərbaycanın da hansı təhlükəylə üzləşəcəyi öz əksini tapıb. Geoloqlar hər bir kontinent üçün ayrıca interaktiv xəritə hazırlayıblar. Alimlərin hesablamalarına görə, buzlaqların əriməsi nəticəsində dəniz səviyyəsi 65 metr yüksələcək və planetdəki ümumi orta temperatur 14 dərəcədən 26 dərəcəyədək qalxacaq.

Birləşmiş Ştatların bir hissəsi, bir sıra Latın Amerikası ölkələri, həmçinin Niderland və Danimarkanın xeyli hissəsi su altında qalacaq. London və Venesiya şəhərləri yer üzündən silinəcək. İskəndəriyyə və Qahirə isə bataqlığa çevriləcək.

Qara qitə ilə bağlı proqnozlara gəlincə, Afrikanın böyük bir hissəsi zərər çəkməyəcək. Lakin bu qitədə məskunlaşma pik nöqtəyə çatacaq. Asiyada su 600 milyon çinlinin məskunlaşdığı əraziləri yuyub aparacaq. Banqladeş və Hindistanın sahilyanı rayonları su altında qalacaq. Avstraliyada isə buzlaqların əriməsi kontinentin tam mərkəzində iri dənizin yaranmasına gətirib çıxaracaq, ümumiyyətlə Yer kürəsi əhalisinin 80 faizinin məskünlaşdığı ərazilər su altında qalacaq. Antarktida isə ümumiyyətlə tanınmaz hala düşəcək. Ekoloqlar buzlaqların əriməsi prosesinin bir sıra faktorlardan asılı olduğunu deyir. Məlumatda ölkəmizlə bağlı da proqnoz yer alıb. "Nəşinl ceoqrafik" jurnalında yer alan pronozlara əsasən, Azərbaycanın da bir hissəsi Xəzər dənizinin suları altında qalacaq.

Aydın məsələdir ki, buzların əriməsi də qlobal istiləşmənin nəticəsidir. Azərbaycana gəldikdə, qlobal istiləşmənin ölkəmizə təsiri qeyd olunduğu kimi qaçılmazdır. Xatırladaq ki, Xəzər dənizinin səviyyəsinin 1978-1995-ci illərdə kəskin artması nəticəsində Azərbaycanın sahil ərazilərinin bir hissəsi su altanda qalmışdı. 2000-ci ilin nəticələrinə görə isə Azərbaycanın sahil ərazilərinin 485 kvadratkilometr sahəsi su altına qərq olub. Görəsən, Amerika jurnalının yazdığı kimi buzlaqların əriməsinin Xəzərə bu dəfə nə kimi təsiri olacaq və belə proses Azərbaycana nə vəd edir?

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitunun əməkdaşı Ənvər Əliyev düşünür ki, baş verə biləcək həmin hadisə fonunda Azərbaycanın Xəzər sahilində müəyyən ərazilər su altında qalacaq: "Buzlaqların əriməsinin Xəzər dənizinə təsiri bütün hallarda səviyyədən asılı olacaq. Buzlaqlar əridikdə ən azından dünya okeanı vasitəsilə Xəzərə öz təsirini göstərir. Həmin ərimə prosesi dünya okeanını 7 metrdən artıq həddə qaldırsa, bunun qapalı dəniz olaraq Xəzərə də təsirlərini hiss edəcəyik. Digər tərəfdən, məsələ ondadır ki, bütün hadisələr periodik xarakter daşıyır. Ola bilsin, müəyyən müddətdən sonra ərimə dayansın və yenidən buzlaşma dövrü başlasın. Ona görə də bu hadisələrin hamısı fərziyələr üzərində qurulub və heç kim deyə bilməz ki, iki ildən sonra nə olacaq. Amma ciddi ərimənin baş verməsi fonunda onun Xəzərə də təsiri qaçılmazdır. Belə olarsa, Xəzərin də suyu kəskin artaraq geniş həcmli sahilyanı əraziləri tamamilə sulara qərq edər.

Proqnoz hesablamalara görə, iqlim istiləşməsi Xəzər hövzəsinin rütubətliyini artıracaq, bu isə öz növbəsində yaxın illərdə onun səviyyəsinin 25-26 intervalında tərəddüdünə səbəb olacaqdır. Hesablamalar göstərir ki, Xəzərin səviyyəsinin 150 santimetr əlavə qalxması sahil ərazilərinin 87.7 min hektar sahəsinin su altında qalması ilə nəticələnəcək və 2030-cu ildə bu rəqəm 136.2 min hektar olmaqla ölkənin ümumi sahəsinin 1.6%-ni təşkil edəcək. Aydın məsələdir ki, istilik resurslarının artması, havanın temperaturunun yüksək olan günlərinin sayının uzanması Azərbaycandakı bütün buzlaqlarının əriməsinə səbəb olacaq. Son 43 il ərzində Azərbaycanın ikinci yüksək zirvəsi olan Tufan dağının buzlaqları və Azərbaycanın ən yüksək dağ gölü olan Tufan gölünün ətrafındakı qar örtüyü xeyli azalıb, demək olar ki, tamamilə əriyib".

Müstəqil ekoloq Telman Zeynalov da vurğuladı ki, buzlaqların əriməsi fonunda Sakit okeanın səviyyəsi qalxacaqsa, sözsüz ki, bu Xəzərin də səviyyəsinin artmasına səbəb olacaq: "Ümumiyyətlə, dəfələrlə bildirilib ki, 2030-cu ilə qədər Xəzərin səviyyəsi 2 metrə kimi qalxacaq. Bakı Şəhəri üzrə Baş Planda da göstərilir ki, Xəzər dənizi 2020-ci ilədək 85 santimetrə kimi qalxacaq. Amma bunu yağıntıların miqdarının artacağı ilə əsaslandırırlar. Tamamilə yanlış fikirdir. Xəzər dənizinin səviyyəsində baş verən enmə və qalxmalar günəşlə əlaqədardır və Sakit okeanın səviyyəsindən asılıdır. Səviyyənin artması sahil ərazilərin su altanda qalması demək olacaq. 1995-ci ildəki anoloji hadisə sahil boyu 15 min hektarlıq ərazini su altanda qoydu. Buzlaqların əriməsilə başlanacaq proses də Xəzər sahillərindəki müəyyən ərazilərin yenə də su ilə əhatə olunması demək olacaq".

Sizin Reklam Yeriniz