Artıq bundan sonra Bolqarıstanda tikinti proseslərinə konkret ixtisaslaşmış qurum nəzarət edəcək. Belə ki, ölkədə Tikinti Polisi adlanan orqanın yaradılması nəzərdə tutulub. Tikinti Polisi işlərin standartlara və öhdəliklərə uyğun aparılmasına sona qədər nəzarət edəcək. Məlumat üçün bildirək ki, oxşar qurumlar artıq Almaniya, Türkiyə kimi ölkələrdə çoxdan fəaliyyət göstərməkdədir.
Tikintinin normativlərə uyğun aparılması, müqavilə üzrə öhdəliklərin tikinti şirkətləri tərəfindən tam həcmdə yerinə yetrilməsi də bu polisin diqqət yetirdiyi əsas məqamlar sırasındadır. Bu mənada analoji polisin Azərbaycanda da yaradılması müzakirə mövzusudur.
Lakin mütəxəssislərin belə qurumun ölkəmizdə yaradılmasına hazırda o qədər də lüzum görmürlər. Səbəb və başqa təklifləri də var. Məsələn, M.B.A LTD şirkətinin rəhbəri Nüsrət İbrahimov bildirir ki, Azərbaycanda hazırda belə bir qurumun yaradılmasına ehtiyac yoxdur: "Çünki, bu gün bizdə kifayət qədər texniki, layihə, standartların hazırlanması və onların icrasına nəzarət edən orqanları var. Həm də mövcud qanunverciliyinin pozulmasına nəzarət edən Daxili İşlər Nazirliyi, prokurorluq və başqa orqanlar var. Sadəcə olaraq, həmin tələblərin, standartların, öhdəliklərin icrasına nəzarət gücləndirilsə, daha effektli olar. Həm də bu gün bizdə bazar o səviyyədə deyil ki, tikinti polisi yaradılsın. O, ancaq hazırki vəziyyətdə işlərin gedişatına mane olacaq. Amma müvafiq strukturlar öz vəzifə boclarına daha ciddi yanaşsalar, effektiv nəticələr əldə etmək mümkün olacaq".
Ekspertin sözlərinə görə, ölkəmizdə tikinti sektorunda problemlərin yaranmasına ilkin səbəb qanunvercilikdə boşluqların olmasıdır: "Gərək mənzil tikinti kooperativlərinin (MTK) tikdiyi mənzillərin satışını da təkrar bazarda olduğu kimi mərkəzləşdirilmiş qaydada aparılsın. Yəni, MTK əvvəlcədən binaya dövlət reyester xidmətindən vahid bir çıxarış alır. Sonra həmin çıxarışın əsasında notarial qaydada hər mənzil üzrə alqı-satqı edir. Belə olarsa, nəzarət güclü olacaq. Yəni, bir mənzilin daha çox şəxslərə satışı mümkün olmayacaq. İkinici səbəb, tikinti şirkətləri özləri hələ bu gün kifayət qədər formalaşmayıblar. Onlar bir çox hallarda şərikli biznesə girirlər. Sonradan şəriklər arasında müəyyən narazılıq yaranır. Eyni mənzili hər iki tərəf satır. Ona görə də belə risklərin qarşısını almaq üçün vahid alqı-satıq sistemi yaratmaq lazımdır".
"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin üzvü Rövşən Talıbzadə isə problemlərin həllində əsas diqqəti vətəndaşların maariflənməsinə yönəltməyə çalışdı: "Dünya təcrübəsində belə qurumlar var. Bizdə "Tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi" haqında Azərbaycan Respublikasının prezidentinin fərmanı var. Həmin fərmana əsasən, tikinti fəaliyyətinin bütün mərhələlərinə Fövqəladə Hallar Nazirliyi, Vergilər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Arxitektura Komitəsi nəzarət edir. Lakin bunların hamısı tikintiyə nəzarətlə məhdudlaşır. Yəni, burada sahibkarla alıcı arasında olan münasibətlər öz həllini tapmır. Bunun üçün çıxış yolları tapmaq lazımdır. Mülki Məcəllədə də göstərilir ki, hər bir vətəndaş hüququ şəxslə istənilən maliyyə əməliyyatı keçirirərkən tərəflər arasında münasibətləri tənzimləyən müqavilə bağlanılır. Bu müqavilə onun alıcı olmasını göstərir. Amma problemin də məhz həmin müqavilə və göstərilən şərtlərin dövlət qanunverciliyinə nə dərəcədə uyğun olub-olmamasındadır. Bu, yalnız o halda ola bilər ki, aralarındakı münasibət notarius səviyyəsində təsdiq olunsun. Bu, notarius qaydasında təsdiq olunduqda onların hüquqları dövlət tərəfindən rəsmiləşdirilmiş olur və sahibkarın məsuliyyəti dövlət qarşısında daha da artır. Amma bu da məsələnin tam həlli yolu deyil. Ona görə burada həm də vətəndaşların maarifləndirilməsi məsələsi vacibdir. Məsələn, tikitinin qarşısında şirkət və tikinti haqqında lövhələr asılmalıdır. İkincisi, həmin binanın tikintisi haqqında aidiyyatı dövlət qurumlarının internet resurslarında məlumatlar olmalıdır".