Qış mövsümü başlayandan Bakı şəhərində bir sıra ənənəvi problemlər yenidən qabarmağa başlayıb. Çoxmərtəbəli bina sakinlərinin bir çoxu hələ də istilik sarıdan əziyyət çəkirlər. Bəzi mənzillərdə ümumiyyətlə istilik sistemi yoxdur. "Azəristiliktəchizat" Səhmdar Cəmiyyəti bildirir ki, onların balansında olan bütün yaşayış binaları istilik sistemləri ilə tam təmin olunub.
Həmçinin, binaların birbaşa isti su ilə təminatı istiqamətində işlər görülür.
Lakin bu istilikdən faydalana bilməyən vətəndaşlar da var. "Azəristiliktəchizat"da bunu bəzi hallarda vətəndaşların öz günahı hesab edirlər. Bildirilir ki, sakinlər təmir zamanı mənzillərdəki istilik sistemini kəsməklə prosesə maneə törədirlər. Problem də elə bundadır. Belə ki, bəzi vətəndaşlar boru təmirlərini yenidən bərpa etmək üçün maddi imkanlarının olmadığını bildirirlər. Bəzən olur ki, vətəndaş bu təmirin dövlət vəsaiti hesabına həyata keçrilməsini istəyir. Nəticədə yaranan vəziyyət bütün bir binanın istiliklə təchiz olunmasına imkan vermir. Ekspertlər isə qeyd edir ki, artıq bir neçə ildir özünü göstərən bu problemin çözümü elə "Azəristiliktəchizat"a həvalə olunmalıdır. Çünki bu quruma büdcədən hər il bir neçə milyon manat ayrılır. Qurum isə bəyan edir ki, onlar mənzillərin daxilindən keçən borunu bərpa və ya təmir etmirlər.
Xatırladaq ki, "Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" sərəncam əsasında yaradılmış "Azəristiliktəchizat" ASC istilik enerjisinin istehsalı, ötürülməsi, paylanması, satışı və servis xidmətləri sahəsində fəaliyyət göstərir. Real vəziyyətdə isə Bakı şəhərində sovet dövründə tikilmiş bəzi binalar hələ də istilik üzünə həsrətdilər. Həmin binaların əksəriyyətində otaqları qızdırmaq üçün qaz və ya elektrik sobalarından istifadə olunur.
Bu isə həm kommunal xərclərin artmasına, həm də hər zaman təhlükəli vəziyyətin yaranmasına səbəb olur. Heç kəsə sirr deyil ki, mavi yanacaq hesabına mənzillərin qızdırılması təhlükəlidir. Həm də orqanizm üçün zərərlidir. Ekoloji cəhətdən daha təmiz olan kombi istilik sistemlərindən təəssüf ki, bu gün bütün binalar yararlana bilmirlər. Düzdür, yeni tikilən binaların, həyət evlərində özəl qazanxanalar fəaliyyət göstərir. Lakin bu da heç də bütün binalar şamil olunmur.
"Azəristiliktəchizat" ASC isə istilik sisteminin binalara qədər çatdırılmasına cavabdehdir. Binalar mənzil istismar sahələrinin balansında olduğunda mənzillərdəki istilik sistemilərinin vəziyyətinə də həmin qurumlar cavabdehdir.Ekspertlərə görə, necə ki, təbii qaz və elektrik enerjisi satan qurum mənzilə qədər olan xərcləri özü ödəyir, "Azəristiliktəchizat" ASC bu məsələni özü həyata keçirməlidir. Təbii ki, bu qannula bhəmin quruma həvalə olunmalıdır. İndilikdə isə bəzi binalarda zirzəmilərə kimi isti su gəlir. Lakin qeyd olunduğu kimi əvvəlki illərdə sakinlər təmir zamanı mənzillərdəki istilik sistemini kəsdyindən bəzən bütün bir bina istiliklə təmin oluna bilmir. Bildirilir ki, dövlət investisiyası əsasında işlənilən layihələrə "Azəristiliktəchizat" aşağı paylayıcı istilik sistemin bərpasını salır, yəni sistemi binanın zirzəmisinə qədər gətirir. Mənzil Məcəlləsinin müvafiq maddələrinə görə də mənzildaxili xətlərin çəkilməsi abonentin öz öhdəsindədir. Yəni "Azəristiliktəchizat" mənzillərə girə bilmz. Yuxarıda qeyd olunduğu kimi isə bu halda bəzən bütün bir bina istilik almaqdan məhrum olur. Ekspertlər isə hesab edir ki, istiliyi binanın zirzəmisinə qədər gətirən "Azəristiliktəchizat" onun bina daxilində paylanmasını da həyata keçirməlidir. Əks halda isə görülən işlərin heç bir effekti olmayacaq. Lakin bunun üçün "Azəristiliktəchizat"a da müvafiq səlahiyyətlər və maliyyə verilməlidir.