Benzinin qiyməti ilə bağlı yenidən spekulyasiyalar gündəmi zəbt etməkdədir. Belə iddialar səslənir ki, gələn ildən benzinin qiyməti artacaq. Halbuki, bunu qəti şəkildə təsdiq edən heç bir rəsmi açıqlama verilməyib. Sadəcə, belə ehtimalların olduğu dilə gətiriilb.
Qeyd edək ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib ki, gələn il yanvarın 1-dən "Avro-3"ə keçidlə əlaqədar Azərbaycanda yanacağın qalxma ehtimalı var: "Biz "Avro-3"ə yanvarın 1-dən keçməyi planlaşdırırıq. Təbii ki, bu standarta keçidlə əlaqədar müvafiq qurumlar hazırlıqlarını başa çatdırıblar. Bizdə "Avro-4", "Avro-5" standartları da hazırdır, sadəcə bunların həyata keçirilməsi üçün vaxt lazımdır".
R.Həsənov yeni standartın tətbiqi məsələsinin yanacağın qiymətinə təsirindən də danışıb: "Yeni standartla əlaqədar yanacağın qiymətinin artacağını düşünmürəm. Lakin bu baş versə də, çox cüzi ola bilər. Hesab edirəm ki, ekologiya və sağlamlıq hər şeydən vacibdir. Ona görə biz bu standarta keçməliyik. Bu gün Bakının özündə böyük tıxaclar var. Bu, ondan irəli gəlir ki, maşınların sayı xeyli çoxalıb. Ona görə, bu standarta keçid bizə vacibdir". Göründüyü kimi Ramiz Həsənov açıq şəkildə bildirir ki, "Avro-3"ə keçid nəticəsində yanacağın qiymətinin artacağını düşünmür. Sadəcə, bir məsələ dəqiqdir ki, "Avro-3"ə keçid benzinin maya dəyərini müəyyən qədər artıracaq. Məhz bu səbəbdən yanacağın qiymətinin artma ehtimalı da istisna edilmir. Bununla belə, qeyd olunduğu kimi məsələ qəti şəkildə qoyulmayıb. Yəni, böyük ehtimal ki, "Avro-3"ə keçid nəticəsində yenə yanacağın qiyməti sabit qalsın.
Məsələ ilə bağlı Tarif Şurasının mətbuat katibi Abbas Əliyev də deyib ki, yanacağın qiymətində hansısa artım olmayacaq: "Deyə bilərik ki, heç bir artım olmayacaq. Çünki bu məsələ Tarif Şurasının səlahiyyətindədir və heç bir qiymət artımı müzakirə edilmir. Benzinin qiymətinin artması üçün Tarif Şurasına heç bir müraciət daxil olmayıb".
Qeyd edək ki, "Avro-3" daha çox ekoloji standartdır. Ekoloji baxımından təmiz məhsulların istehsalı, benzin məhsullarının ətraf mühitə daha az ziyan vurması, ekologiyanın çirkləndirilməsi və qazın ətraf mühitə az buraxılması ilə bağlıdır. O baxımından "Avro-3"ə keçid benzinin və eləcə də digər məhsulların xərcində çox ciddi təsir etməyəcək. Ciddi təsir etmədiyi üçün bu məhsulların qiymətinin böyük həcmdə artması da gündəmdə ola bilməz. Ekspertlər "Avro-3"ə keçidin digər məhsulların qiymətinin artmasına da təsiri olmayacağını bildirir.
Məlum olduğu kimi, ölkəmizdə enerjidaşıyıcıların qiymətləri dövlət tərəfindən tənzimlənir ki, bu məsələyə Tarif Şurası baxır. Ölkədə əhaliyə satılan təbii qazın tariflərinin 2009-cu ilin iyul ayından qaldırılmasını nəzərə almasaq, enerjidaşıyıcıların qiymətlərinin geniş miqyaslı artımı sonuncu dəfə 6 il öncə - 2007-ci ilin yanvarında həyata keçirilmişdi. Tarif Şurasının həmin dövrdəki qərarına əsasən, dizel yanacağının 1 litrinin pərakəndə satış qiyməti o vaxtdan 0,45, Aİ-92 markalı benzininki 0,55, Aİ-95 markasının isə 0,6 manat müəyyən edilib. Bundan sonra isə dəfələrlə benzinin qiymətinin artacağı ilə bağlı məlumatlar yayılıb ki, indiyə qədər də onlar öz təsdiqini tapmayıb.
Onu da bildirək ki, hazırda Avropa Birliyi ölkələrində "Avro-6" standartından istifadə edilir. Adı çəkilən standartsa, təkcə ekologiya deyil, avtonəqliyyat vasitələrinin təhlükəsizliyi və yanacağın keyfiyyəti məsələlərini də əhatə etdiyindən, ona keçid atmosferə atılan zərərli maddələr üzrə normanı bir neçə dəfə azaldır ki, bu da, istehsal olunan yanacağın keyfiyyətinin də yaxşılaşdığını göstərir. Ölkəmizdəsə, "Avro-2"yə uyğun benzin istehsal olunsa da, "Avro-3"ə çatmağa və onun istehsalı üçün cari ilin sonunu gözləmək tələb olunur. Ölkəmizdə avtomobil yanacağına tələbin getdikcə artdığını, bu sahədə daha keyfiyyətli məhsul istehsalına nail olmaq və Avropa standartlarına çatmaq isə günün əsas tələblərindən biriən çevrilib. Təbii ki, bütün bunlar yanacağın maya dəyərini də artırır.