Əlaqə Arxiv
news Image
2013.11.22
07:27
| A A A
Tənəzzülə uğrayan tütünçülük
Nizami Qarayev: “Azərbaycanda kifayət qədər tütün istehsal etmək mümkündür” Natiq Cəfərli: “Fermerləri tütün əkini ilə bağlı stimullaşdırmaq lazımdır”

Hazırda ölkəmizin kənd təsərrüfatında tənəzzül yaşayan sahələrdən biri də tütün istehsalıdır. İllər üzrə uzun intervalda müqayisə etsək görərik ki, 2000-ci ilə nisbətən 2012-ci ildə tütün sahələrinin həcmi 5 dəfə azalıb. Belə ki, göstərilmiş əvvəlki ildə ölkə üzrə tütün sahələrinin ümumi həcmi 8.1 min hektar idisə, 2012-ci ildə bu rəqəm 1500 hektar olub. Hətta 2013-cü ildə də ötən ilə nisbətən azalma var.

Ancaq Azərbaycanda siqaret istifadəçilərin sayında isə ilbə-il artım müşahidə edilməkdədir. Bu da onu göstərir ki, tütünə olan tələbat böyük fərqlə idxal hesabına ödənilir.

Kənd təsərrüfatı üzrə ekspert Nizami Qarayev bildirir ki, ölkədəki tütünə tələbatın kənardan gətirilən tütün hesabına təmin edilməsinin bir çox səbəbləri ola bilər: "Düzdür, Azərbaycanda iqlim şəraiti tütün əkməyə imkan verir. Sovet dönəmindəki təcrübələr göstərir ki, Azərbaycanda kifayət qədər tütün istehsal etmək mümkündür. Xüsusən də Zaqatala - Balakən zonasında Sovet dönəmində kifayət qədər tütün əkilib, tədarük olunurdu. Bu gün bunu kənd təsərrüfatı istehsalçıları üçün əlavə gəlir mənbəyi hesab etmək olar. Hazırda tütünə tələbatın kənardan ödənilməsi bu sektorda məşğul olan insanların gəlirlərinə əhəmiyyətli dərəcədə təsir edir. Belə vəziyyətdə araşdırmaq lazımdır ki, nədən ölkədə istehsal olunan tütünə tələbat azalıb. Ola bilsin ki, bizdə tütün istehsalının maya dəyərində problem var. Ona görə də kənardan gətirmək iqtisadi cəhətdən səmərəli olur. Ancaq qonşu Türkiyədə belə təcrübə var ki, emal müəssisələrinə müəyyən kvota qoyulur. Onlar istehsal etdiyi məhsulda istifadə etdiyi xammalın müəyən hissəsini ölkədə tədarük etməlidirlər. Kənardan gətirilən məhsullara da kvota qoymaqla yerli istehsalı stimullaşdırmaq olar. Bu fəaliyyəti stimullşadırmaq ümumilikdə, ölkə üçün əhəmiyyətlidir ki, fermerlər yerli istehsalla məşğul olsunlar. Çünki, ölkədə məşğulluğun təmin olunması, regionların inkişafı baxımından əhəmiyyətlidir. Əgər yerli istehsal uğurlu qurularsa, maya dəyəri baxımından ucuz başa gələrsə, siqaretin qiymətinə təsir göstərə bilər. Əgər mütərəqqi texnologiya tətbiq edilərsə, məhsuldarlıq qaldırılarsa, xammalın qiymətinin aşağı düşməsinə gətirib çıxarar".

İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə isə, tütün sahələrinin azalması təşviq proqramından asılıdır: "Hökumət kənd təsərrüfatında təşviq siysətini həyata keçirərkən bir hektarda əkilən məhsula görə kompensasiyaların ödənilməsinə başladı. Başqalarına nisbətən iki dəfə artıq kompensasiyanı dənli bitkilərə verməyə başladı. Fermerlərdə də müəyyən stimul yarandı ki, bir çox əraziləri taxıl sahələri ilə əvəz etsinlər. Bu yanaşmanı o qədər düzgün hesab etmək olmaz. Əgər onlar dənli yox, digər məhsullar əksəydilər, bu, hər hektara görə kompensasiyanın az olması demək idi. İkinci səbəb xarici bazara çıxışla bağıldır. Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv deyil. Azərbaycanda istehsal olunmuş texniki məhsulların da xarici bazara çıxışı üçün ciddi sertifikatlaşdırlması prosesi vacib idi. Bu, baş vermədiyinə görə tütün sahələrinin azalması ilə nəticələndi. Halbuki, ölkəmizin şimal hissəsi ənənəvi olaraq tütün istehsalında həmişə mühüm yerlərdən birini tutub. Hətta Sovet vaxtı tütünçülük ciddi gəlir mənbələrindən biri idi. Həmin rayonlarda təbii şərait buna imkan verir. Texniki məhsul olduğuna görə gəlirli sahələrdən biridir. Sadəcə, fermerləri tütün əkini ilə bağlı stimullaşdırmaq lazımdır".

Sizin Reklam Yeriniz