AŞPA Daimi Komitəsi Azərbaycanda keçirilmiş prezident seçkilərinə dair hesabatı təsdiqləyib
AŞPA Daimi Komitəsi Azərbaycanda keçirilmiş prezident seçkilərinə dair hesabatı təsdiqləyib
Bu gün Avropa Şurası Parlament Assambleyası (AŞPA) Bürosunun Vyanada keçirilmiş Daimi Komitəsinin toplantısında Azərbaycanda keçirilmiş prezident seçkilərinə dair hesabat müzakirə edilərək təsdiqlənib. APA xəbər verir ki, ingiltərəli deputat Robert
Valterin hazırladığı "Azərbaycanda prezident seçkilərinin
müşahidəsi (9 oktyabr 2013)" adlı hesabatın müzakirələrində sənədin
müəllifi çıxış edərək seçkiləri müşahidə etmiş bir çox parlamentar
və beynəlxalq müşahidə missiyalarının bu seçkiləri Azərbaycan
xalqının iradəsinin ifadə olunması kimi gördüklərini bildirib:
"Beynəlxalq müşahidə missiyalarının birgə mövqe nümayiş etdirə
bilməməsi məni çox məyus etdi. Amma əslində ATƏT-in Demokratiya və
İnsan Haqları Bürosunun digər təşkilatlardan fərqli mövqe
göstərməsi çoxdanın problemidir. Hətta bu qurum AŞPA-nın müşahidəçi
missiyasına da təzyiqlər edərək, onun mövqeyindən çıxış etməyə
vadar etmək istəyirdi. Mənim DİHB ilə bağlı əsas narahatlığım ondan
ibarətdir ki, bu qurum yalnız və yalnız mənfi məqamları əks
etdirməyə çalışır. Bu isə düzgün mövqe deyil, məsələnin bir çox
tərəfləri nəzərə alınmalıdır. Məsələn, ATƏT-in Parlament
Assambleyası və Mişel Vuazen bizim mövqeyimizi dəstəklədi. Bundan
başqa, deməliyəm ki, seçkilərdən öncə namizədlərin televiziya
kampaniyasına iradlarımızı da bildirmişdik, seçkilər vaxtı baş
verən nöqsanları da hesabatımıza daxil etmişik və təbii ki, bu
ölkədə müəyyən problemlər qalmaqdadır. Seçki günündə
müşahidəçilərimiz bəzi problem və çatışmazlıqları qeydə almışdılar.
Bununla belə, bu nöqsanlar olsa da, ümumilikdə Mərkəzi Seçki
Komissiyası seçkini səmərəli təşkil etmişdi. Mən AŞPA-nın müşahidə
missiyasına rəhbərlik etməyə özüm razılıq vermişəm. Bəzi
həmkarlarım mənim fikirlərimi qəbul etməsələr də, deməliyəm ki, mən
bu işimdə maksimum şəkildə qərəzsiz və obyektiv olmağa çalışmışam.
Onu deyə bilərəm ki, Azərbaycanda demokratik proseslər hələ davam
etdirilməlidir və bu istiqamətdə işlərimizi davam etdirməliyik.
Seçkilərin nəticəsi onu göstərdi ki, İlham Əliyev xalqın 85% səsini
qazanıb. O, Azərbaycanın legitim prezidentidir və bu fakt
şəksizdir".