Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin Enerji İnfrastrukturunun mühafizəsi şöbəsinin müdiri Cavad Tınayev bu günlərdə maraqlı açıqlama verərək bildirib ki, Qərb istiqamətində neft və qazın nəqli üzrə fəaliyyət göstərən kəmərlərin bir hissəsi Ermənistan silahlı qüvvələri ilə təmas xətinə yaxın məsafədən keçir: "Bu da bit təhdid istiqaməti kimi qiymətləndirilir".
Onun sözlərinə görə, kəmərin Gürcüstan ərazisindən keçən hissəsində ermənilərin kompakt yaşaması və həmin ərazilərdə kəmərin istismarına müxtəlif şirkətlər vasitəsilə cəlb olunması da təhdid mənbəyidir. İkinci əsas məsələ terrorçu və ekstremist təşkilatların nüməyəndələrinin strateji infrastruktur obyektlərinə nüfuz olunmasıdır. Şöbə müdiri bildirib ki, müxtəlif şirkətlər tərəfindən layihələrdə işə qəbul adı altında bir sıra ölkələrdən, xüsusilə terrorun müəyyən qədər yayıldığı ölkələrdən işçi qüvvəsinin cəlb olunması halları mövcuddur. Bu da müxtəlif terrorçu təşkilatlara aid şəxslərin obyektlərə daxil olmasına imkan yaradır. Belə bir mənzərə istər-istəməz kəmərin təhlükəsizliyi üçün təhlükə yaradır. Xüsusən də Dağlıq Qarabağda torpaqlarımızın azad edilməsi istiqamətində müharibə başlanacağı təqdirdə, kəmərdəki işçi qüvvələrilə bağlı məqam və onun bir hissəsinin ermənilərin kompakt yaşadığı ərazidən keçməsi daha ciddi təhlükə mənbəyidir. Görəsən, bu hal hərbi əməliyyatların başlanacağı təqdirdə, prosesə nə vəd edir?
Politoloq Qabil Hüseynlinin fikrincə, həmin halın baş verməsinin qarşısı qabaqcadan alınmalıdır. Bunun üçün də kəmərin Gürcüstan hissəsinin mühafizəsinə cəlb olunan şirkətlərdə çalışan şübhəli insanlar oradan uzaqlaşdırılmalıdır: "Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi haqlı olaraq qeyd edir ki, Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Supsa və Türkiyəyə gedən qaz kəmərinin Gürcüstandan keçən hissəsində ciddi təhlükə var. Bu təhlükə həm ermənilər, həm də bəzi terrorçu təşkilatlat tərəfindən həyata keçirilə bilər. Ən qəribəsi də odur ki, terrorçu təşkilata üzvlüyü heç kimdə şübhə doğurmayan adamlar kəmərin mühafizəsini həyata keçirən şirkətlərdə işə qəbul edilir. Bu isə daha təhlükəli haldır. Milli Təhlükəsizlik Nazirliyinin araşdırmaları da göstərir ki, artıq bu məsələdə SOS siqnalı verməyin zamanıdır. Həmçinin həmin şirkətlərdə çalışan adamların tərcümeyi-halı, şəxsi işlərinin araşdırılmasına da başlanılmalı və orada təmizlənmə işləri aparılmalıdır. Güman edirəm ki, yaxın zamanlarda bu istiqamətdə müəyyən işlər də görüləcək".
"Doktrina" Jurnalistlərin Araşdırma Mərkəzinin rəhbəri Cəsur Sümərinli bildirdi ki, Dağlıq Qarabağda müharibənin başlanması fonunda neft-qaz kəmərinin Gürcüstandan keçən hissəsi ciddi təhlükə mənbəyinə çevrilə bilər. Ona görə də həmin ərəfədə ərazinin nəzarəti gücləndirilməli, ora Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşları da cəlb olunmalıdırlar: "Həqiqətən də, Qərb istiqamətində olan neft-qaz kəmərinin Gürcüstan hissəsində ermənilərin kompakt yaşamasını təhlükə mənbəyi kimi qeyd etmək olar. Amma nəzərə almalıyıq ki, bu ərazi Gürcüstana məxsusdur. Yəni həmin ərazi başqa bir dövlətin ərazisidir. Ona görə də kəmərin təhlükəsizliyi məsələsinə Tiflis hakimiyyəti cavabdehdir. Kəmərin təhlükəsizliyinin təmini ilk növbədə Gürcüstan tərəfindən həyata keçirilməlidir. Eyni zamanda bu məsələ ətrafında Tiflislə Bakı arasında həmişə davamlı dialoq da olmalıdır. Dağlıq Qarabağda müharibə başlandığı təqdirdə kəmərin keçdiyi ermənilərin kompakt yaşadığı həmin ərazilərdə mühafizənin daha da gücləndirilməsinə diqqəti artırmaq lazımdır. Hətta ola bilsin, bu zaman mühafizənin gücləndirilməsi işinə Azərbaycan tərəfi də cəlb olunsun. Ölkəmizin xüsusi xidmət orqanlarının həmin vaxtı prosesə cəlbi mühafizənin daha ciddi təşkilinə gətirib çıxarar. Yəni məsələ daim diqqət mərkəzində olmalıdır, rəsmi Bakı bu istiqamətdə daim Gürcüstan tərəfi ilə əməkdaşlıq etməlidir. Amma bütün hallarda kəmərin mühafizəsinin əsas məsuliyyəti Gürcüstan tərəfdədir".