Xəbər verildiyi kimi İranın Xuzestan vilayətində aramsız yağışlar insanların kütləvi zəhərlənməsinə səbəb olub. Ölkənin rəsmi strukturlarının yaydığı məlumatda atmosferin çirkli olması nəticəsində yağan yağışların havanı kəskin ağırlaşdırdığı deyilir.
Məlumatlara görə, bu səbəbdən iyirmi minə yaxın insan "boğulma" diaqnozu ilə xəstəxanalara yerləşdirilib. Atmosfer hadisəsinin Azərbaycana qonşu olan ölkədə baş verməsi bizə narahatçılıq yaratmaya bilməz. Ancaq ekspert və aidiyyatı rəsmi qurumların proqnozları nikbin görünür.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Hidrometeorologiya Departamentinin direktor müavini Sahib Xəlilov "Mövqe"yə açıqlamasında bildirdi ki, turşulu yağışların yağması bir sıra ölkələrdə müşahidə olununan nadir hadisədir: "İranda da elə yerlər var ki, orada istehsalatın böyük konsentrasiyası olur. Yəni, İranda belə bir hadisə ola bilər. Ancaq bizdə atmosferə atılan çirkləndirici maddələrin limiti var. Yəni, hər bir istehsalat təşkilatına atmosferə atılan çirkləndirici maddələrə görə limit qoyulub. Bu limit də onların ekoloji pasportunda müəyyən olunur və şəhərin fon çirklənməsi nəzərə alınmaqla, həmçinin insan həyatına təhlükə yaratmamaq şərti ilə hesablanaraq nəzarət olunur. Ona görə də bizdə belə kimyəvi tərkibli yağıntıların yağma ehtimalı yoxdur".
Direktor müavini əlavə etdi ki, çirkləndirici maddələrin uzaq məsəfələrlə daşınması troposferdəki orta axınlarla baş verir: "Bunların da hərəkət istiqaməti adətən qərbdən şərqə doğrudur. Yəni, İran ərazisindən çirkləndirici maddələrin Azərbaycan ərazisinə daxil olma ehtimalı azdır".
"Yaşıllar" Hərəkatının sədri Fəridə Hüseynovanın sözlərinə görə, İranda insanların kütləvi zəhərlənməsi onu göstərir ki, çirklənmə güclü olub: "Yəqin yağış yağmamışdan əvvəl həmin insanlar daha çətin nəfəs alırlarmış. O da ola bilər ki, turşululuq başqa ərazidən gələn buludlarda olub. Yəni, başqa ərazilərdə toplanıb, amma yağış İran ərazisinə yağıb. Əks təqdirdə, həmin ərazidəki insanlar o çirklənməyə artıq öyrəşmiş olmalı idilər". Fəridə Hüseynovanın fikrincə, bunun bizim ölkəyə də təsiri ola bilər: "Talış dağlarının cənub yamaclarındakı yağışlar, çaylar İrana tərəf tökülür. Amma şimal tərəfdə olan yağışlar isə Azərbaycana tərəf sözülüb gəlir. Ona görə də hadisə şimal tərəfdə baş versəydi, bizə mənfi təsiri ola bilərdi. Demək olar ki, onların ərazisindən bizə gələn çay da çox deyil. Cəmi bir dənə ümumi Araz çayımız var. Yalnız onun üzərindən belə yağışlar yağıbsa, hansısa mənfi təsir görə bilərik. Yox, əgər problem başqa yerlərdən gələn buludlardadırsa, onda məsələ daha qəlizdir. Yer kürəsinin çevrilməsi ilə əlaqədar buludlar adətən qərbə və şimala yönəlik olur. Ona görə də həmin buludların bizə - Naxçıvan tərəfə gələ bilməsi istisna də edilmir. Ancaq bunlar insandan asılı olmayan təbii çirklənmə hadisəsidir. Ona görə də belə buludların bizə tərəf hərəkət edərsə, onun qarşısının alınması çətin olacaq. Düzdür, buludların toplarla dağıdılması praktikası mövcuddur. Yaxud da təyyarələrlə hansısa kimyəvi maddələri səpirlər. Bütün bunları isə İranda yağan yağışın analizindən sonra etmək olar".